Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 07:31

Rouhani nüvə sazişi üzrə danışıqlar təklif edir


Hassan Rohani

İran Prezidenti Hassan Rouhani yanvarın 1-də deyib ki, hökuməti İranın nüvə proqramı üzrə xarici ölkələrlə danışıqlara hazırdır.

İran rəsmiləri bundan öncə də bu təklifi dilə gətiriblər, tələb ediblər ki, ABŞ 2018-ci ildə qoyduğu sanksiyaları qaldırsın, 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Hərəkət Planına qayıtsın. Nüvə sazişini dörd Qərb ölkəsi, Rusiya, Çin və İran imzalayıb.

Rouhani Birləşmiş Ştatların adını çəkməyərək deyib ki, “Qarşı tərəf razılaşma üzrə öhdəliklərin ilkin nöqtəsinə qayıdarsa”, Tehran danışıqlara hazırdır.

Ancaq İranda böyük qərarların hamısını Ali dini lider Ali Khamenei təsdiqləyir. O isə Birləşmiş Ştatlarla hər hansı danışıqları qadağan edib. Fransa, Yaponiya, digər ölkələrin vasitəçilik cəhdləri elə bir nəticə verməyib.

Prezident iqtisadi durumun “çətin” olduğunu deyir

Rouhani dekabrın 31-də deyirdi ki, İran sanksiyalardan dolayı 200 milyard dollar itirib. O, ölkəsinin 2018-2019-cu illərdə 100 milyard dollarlıq neft sata bilmədiyini etiraf edib.

ABŞ Prezidenti Donald Trump nüvə sazişindən çıxaraq sanksiyalar tətbiq edənədək İran gündə 2,5 milyon barrel neft ixrac edirdi. Ötən ilin mayından İrandan xam neft ixracı günə 300 min barrelədək düşüb.

İtirilmiş neft gəlirlərindən danışan Rouhani İranın iqtisadi vəziyyətinin “çətin” olduğunu söyləyib.

Birləşmiş Ştatlar İranla nüvə sazişi üzrə yenidən danışıqlar aparılmasını, İranın nüvə silahı əldə etmək şansının aradan qaldırılmasını tələb edir, Tehrandan regionda siyasətini dəyişməyi xahiş edir.

Bu həftə Vaşinqtonla Tehran arasında gərginlik daha da qızışıb. İranın dəstəklədiyi silahlı qruplaşma İraqdakı ABŞ personalının olduğu bazaya raket atandan sonra Birləşmiş Ştatlar həmin qruplaşmanı atəşə tutub.

Dekabrın 31-də isə qruplaşma Bağdaddakı ABŞ səfirliyinə hücum təşkil edib. Trump buna görə İranı hədələyib.

XS
SM
MD
LG