Monteneqro parlamentinin dini icmalarla bağlı qəbul etdiyi qanun parlamentin içində və qarşısında zorakı etirazlara səbəb olub. Serbpərəst müxalifət narahatdır ki, bu qanun Serbiya Pravoslav Kilsəsinin mülkiyyətinin alınması ilə nəticələnər.
Qanun dekabrın 27-də gecə 45-0 səs çoxluğuyla qəbul olunub. Demokratik Cəbhə müxalifət qrupu isə parlamentin spikerini ittiham edib, çoxluqdakı həmkarlarını söyüb, səsverməyə mane olmağa çalışıb.
Müxalifət tərəfdarları etiraz edir
36 deputat səsverməni boykot edib. Səkkiz saatlıq müzakirədən sonra hakim koalisiya qanun layihəsinin qəbuluna nail olub.
Etiraz edən deputatlardan bəzilərini güc strukturları əməkdaşları binadan çıxarıb. Saxlananların olub-olmadığı bəlli deyil.
Demokratik Cəbhə qanun layihəsinə 100-dən çox dəyişiklik təklif etsə də, hakim koalisiya tərəfindən rədd olunub.
Müzakirədən qabaq isə müxalifətin yüzlərlə tərəfdarı küçələrə çıxaraq qanun layihəsinə etiraz edib. Polis onların parlament binasına yaxınlaşmasına imkan verməyib.
Qanun dini icmalardan tələb edir ki, 1918-ci ildən qabaqkı mülkiyyətə sahibliklə bağlı dəlil göstərsinlər. Həmin ildə Monteneqro Balkan krallığına birləşdirilib.
Kilsə şikayət edəcəyini deyir
Serbiya Pravoslav Kilsəsi iddia edir ki, bu qanun onu mülkiyyətindən məhrum edə bilər və buraya onlarla orta əsr monastır və kilsəsi daxildir. Kilsə beynəlxalq təşkilatlara şikayət edəcəyini deyib.
Rəsmilərsə bu iddiaları rədd edir. Baş nazir Dusko Markovic kilsənin rəhbəri Yepiskop Amfilohije ilə görüşüb, qanunun arxasında “gizli niyyət” olmadığını deyib.
Bir neçə gün qabaq Avropa Birliyi Monteneqroya xəbərdarlıq edib ki, dini icmaları “inklüziv yolla”, beynəlxalq və Avropa insan haqları standartlarına uyğun tənzimləsin.
Avropa Birliyi hazırda Monteneqronun üzvlüyünü nəzərdən keçirir. Bu kiçik Balkan ölkəsi 2017-ci ildə NATO-ya üzv olub.
Monteneqronun qərbyönlü prezidenti isə Serbiya Pravoslav Kilsəsini ölkədə serbpərəst siyasətin təbliğinə, dövlətçiliyə ziyan vurmağa çalışmaqda ittiham edib.
Serbiya Pravoslav Kilsəsi əsasən pravoslav xristianlardan ibarət 630 min əhalisi olan Monteneqroda dominant dini təşkilatdır. Monteneqro 10 ildən çoxdur Serbiyadan ayrılıb.