Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:26

İranda öldürülmüş etirazçının ailəsi saxlanıb


Pouya Bakhtiari
Pouya Bakhtiari

İranda ötən aykı etirazlarda öldürülmüş gəncin ailəsi həbs olunub. Noyabrın 15-də İranda yanacağın qiymətinin artırılması 100-dən artıq şəhərdə və yaşayış məntəqəsində etirazlara səbəb olmuşdu.

Pouya Bakhtiari-nin ailəsi hakimiyyət ilə danışıqlara dəvət olunub. Xəbəri dekabrın 24-də Mehr xəbər agentliyi “məlumatlı mənbə”yə istinadla yayıb.

Agentlik yazır ki, ailə üzvlərinin “antiinqilab layihəsi həyata keçirdiyi”, “antistruktur fəaliyyət”lə məşğul olduğu üzə çıxıb.

“Vicdanlı adamların, üsyançıların ziyan vurduğu digərlərinin təhlükəsizliyini və asayişi qorumaq məqsədilə bu elementlər məhkəmə qərarıyla həbs olunublar”, – məlumatda deyilir, amma ailənin hansı üzvlərinin saxlandığı açıqlanmır.

Bakhtiari-nin valideynləri dekabrın 26-da onun qırx mərasimi münasibətilə Kərəc qəbiristanlığında anım tədbiri keçirəcəklərini demişdilər. Onlar iranlıları tədbirə dəvət ediblər.

Qohumlardan biri AzadAvropa/AzadlıqRadiosunun Farda Radiosuna deyib ki, Bakhtiari-nin valideynləri, eləcə də ailənin bir neçə başqa üzvü, həmçinin nənəsi saxlanıb.

Onların harada olduğu bəlli deyil.

Pompeo-dan dünya ictimaiyyətinə çağırış

ABŞ Dövlət katibi Mike Pompeo Bakhtiari-nin valideynlərinin həbsini pisləyib, onları “dərhal azadlığa buraxmağa” çağırıb.

“Beynəlxalq ictimaiyyətin İran xalqıyla yanaşı duraraq rejimdən hesabat tələb etməsinin vaxtı çatıb”, – Pompeo dekabrın 24-də Twitter-də yazıb.

27 yaşlı Bakhtiari-nin Tehrandan qərbdə yerləşən Kərəc şəhərində öldürüldüyü bildirilir.

Atası mediaya müsahibəsində deyib ki, hakimiyyət orqanları onu çağıraraq mərasimi məsciddə keçirməsini istəyiblər. O isə imtina etdiyini, ona daha böyük məkan lazım olduğunu bildirib.

“Amnesty International” hüquq-müdafiə təşkilatı etirazlarda azı 304 nəfərin öldürüldüyünü deyir. İran rəsmiləri isə bu rəqəmi şişirdildmiş adlandırır. Etirazlarda ölü sayı ilə bağlı rəsmi rəqəm açıqlanmayıb.

Etirazlar vaxtı ölkədə internet kəsilib, ancaq ölüm, zorakılıq səhnələrini göstərən kadrlar gizli də olsa sızdırılıb və dünyaya yayılıb.

İran rəsmiləri isə etirazlara görə xaricdəki düşmənlərə bağlı “xuliqanları”, Birləşmiş Ştatlar, İsrail və Səudiyyə Ərəbistanını günahlandırıb.

Bu arada şahidlər dekabrın 24-də Tehran küçələrində yüksək təhlükəsizlik tədbirləri görüldüyünü xəbər veriblər.

XS
SM
MD
LG