Keçid linkləri

2024, 11 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 15:05

Gey filmi Gürcüstanı necə qarışdırdı


Tbilisidə kinoteatr qarşısında toqquşma, 8 noyabr, 2019-cu il
Tbilisidə kinoteatr qarşısında toqquşma, 8 noyabr, 2019-cu il

“Gender və seksuallıqla bağlı münaqişələr adətən sosial gərginlik göstəricisi sayılır. Tbilisidə bir filmin nümayişi ətrafında yaranan ictimai narazılıq Gürcüstanın müasir siyasətindəki boşluqları üzə çıxardı”. “Human Rights Watch” təşkilatından Catherine Pilishvili yazır ki, Gürcüstanda hakim partiyanın seçki islahatları ilə bağlı geri çəkilməsi ölkənin demokratik qazanclarını ciddi sınağa çəkib.

“Bu ölkədə siyasət getdikcə daha artıq qütbləşir. Ötən ay gey sevgisindən söz açan bir filmlə bağlı ifrat-sağçı və proqressiv dəyərlər arasındakı uçurum kinoteatr qarşısında zorakı toqquşmaya çevrildi”, – müəllif qeyd edir.

Gürcü rəqsi və kişilik

Gürcü əsilli isveçli rejissor Levan Akin-in “Sonra rəqs etdik” adlı filmi xarici film nominasiyası üzrə Oskar mükafatına təqdim olunub. Noyabrın 8-də filmin Gürcüstanda üçgünlük nümayişi başlanıb. İfrat sağçı və dini qruplar ekran işinə kəskin reaksiya verib, gey mövzusunun onların həyat tərzinə, Gürcüstan ənənələrinə təhdid olduğunu deyib.

Müəllif yazır ki, bu film kişilik və Gürcüstanın mədəni ənənəsinə dair bir şərhdir. Filmin girişində də izah olunur ki, “gürcü rəqsinin kökündə kişilik dayanır. Burada zəifliyə yer yoxdur”.

Filmin qəhrəmanı olan gənc rəqqas ənənəvi kişi idealları, rəqsə vurğunluğu və kişi rəqibinə güclənən hissləri ilə mübarizə aparır.

Film göstərilən kimi etirazçılar küçələrə çıxıb. Onlar izləyicilərin kinoteatra girməsini önləməyə, içəriyə basqına cəhd edib, ancaq polis qarşılarını kəsib. Daha sonra LGBT bayrağını yandırıblar, keşiş isə dua oxuyub. Kinoya gedənlərə tüstü bombaları atan etirazçılar “Yaşasın Gürcüstan”, “Utanın” şüarları səsləndirib, əllərində xaç, dini ikonalar olub.

Daxili İşlər Nazirliyi kinoteatra polis qüvvələri yerləşdirməli olub.

Müəllif Gürcüstanın 2014-cü ildə ayrıseçkiliyə qarşı qanun qəbul etdiyini yada salır, ancaq ölkədə homoseksuallığın rüsvayçılıq hesab olunduğunu yazır. Ölkənin ombudsmanı da LGBT icmasının pis rəftar, dözümsüzlük, ayrıseçkiliklə üzləşdiyini qeyd edir.

“Azlıqların hüquqlarının qorunması demokratiyanın sütunlarından biridir. Hökumətsə bu öhdəliklərinə əməl etmir”, – yazan müəllif Gürcüstan hökumətini sözügedən dəyərləri qorumağa səsləyir.

XS
SM
MD
LG