Keçid linkləri

Təcili xəbərlər
2020, 18 Yanvar, şənbə, Bakı vaxtı 10:01

MSK 6 partiyanın da nümayəndələrini qeydə alıb


MSK-da iclas, arxiv foto

Mərkəzi Seçki Komissiyasına (MSK) 9 partiya qarşıdakı növbədənkənar parlament seçkilərində iştirak üçün müraciət edib. Bunu dekabrın 14-də MSK Mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, MSK-nın dekabrın 14-də keçirilmiş iclasında 6 partiyanın səlahiyyətli nümayəndələrinin qeydiyyata alınması məsələsinə baxılıb.

“Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Milli Dirçəliş Hərəkatı, Milli İstiqlal, Demokrat və Böyük Azərbaycan partiyalarının səlahiyyətli nümayəndələri qeydə alınıblar”, Mətbuat xidmətindən söyləyiblər.

Mətbuat xidməti əlavə edib ki, buna qədər isə Yeni Azərbaycan, Ümid və Vətəndaş Həmrəyliyi partiyaları seçkilərdə iştirak üçün MSK-ya müraciət etmişdilər.

Bütün bunlardan başqa müxalif qüvvələrdən Müsavat və ReAL partiyaları da növbədənkənar parlament seçkilərinə qatıldıqlarını kütləvi informasiya vasitələri ilə ölkə ictimaiyyətinə bayan ediblər.
Demokratik Qüvvələrin Milli Şürası isə seçkiləri boykot etdiklərini açıqlayıb.Onlar vurğulayıblar ki, ölkədə azad və ədalətli seçkilərlə bağlı minimum imkan belə yoxdur.

Hərçənd rəsmilər və MSK təmsilçiləri bu fikri qəbul etmirlər.

Xatırlatma

Noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclasında bu partiyadan olan deputatlara parlamentin buraxılması barədə müraciət göndərmələri tövsiyə edilib. Bundan sonra hakim partiyadan olan deputatlar bu məsələ ilə bağlı həmin müraciəti hazırlayıb ölkərəhbərliyinə göndərib. YAP Siyasi Şurası o qərarını Prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlamışdı.

Dekabrın 2-də də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi xahişi ilə prezidentə müraciət edib. Prezident isə bunun konstitusiyaya uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinə sorğu göndərib. Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini konstitusiyaya uyğun sayıb.

Dekabrın 5-də Prezident İlham Əliyev Milli Məclisinin beşinci çağırışının buraxılması və parlamentə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Növbədənkənar parlament seçkiləri gələn il fevralın 9-na təyin edilib.Halbuki, parlament seçkiləri Azərbaycanda gələn ilin noyabrında olmalı idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG