Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambaev-ə təhlükəsizlik əməkdaşının ölümüylə bağlı ittiham irəli sürülüb.
Daxili işlər naziri Kashkar Junushaliev dekabrın 13-də deyib ki, Atambaev polkovnik Usenbek Niyazbekov-un güllələnərək öldürülməsində şübhəli bilinir və ona bu haqda məlumat verilib.
Hadisə avqustda keçmiş liderin tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında ikigünlük qarşıdurma zamanı baş vermişdi. Altı uşaq atası olan polkovnik Atambaev-in Bişkek yaxınlığındakı evinə reyd zamanı öldürülüb.
Silah Atambaev-in adına qeydiyyatdadır
Junushaliev-in sözlərinə görə, ekspertiza Niyazbekov-un Atambaev-in adına qeydiyyatda olan məxsus snayper avtomatıyla sinəsindən vurulduğunu üzə çıxarıb.
Atambaev avqustun 8-də jurnalistlərə demişdi ki, binada təkcə onun silahı olub və toqquşmalar zamanı odlu silahdan da təkcə o istifadə edib.
Atambaev Daxili İşlər Nazirliyinin dindirilməylə bağlı üç çağırışına cavab verməyəndən sonra təhlükəsizlik əməkdaşları onun evinə göndərilib. Prezident 2013-cü ildə mütəşəkkil cinayətkar dəstə başçısının qanunsuz olaraq azadlığa buraxılmasında iddia olunan roluna görə dindirilməyə çağırılırdı.
Keçmiş prezident ikigünlük qarşıdurmadan sonra polisə təslim olub, avqustun 8-də həbs edilib.
Ona dövlət təmsilçisinə qarşı zorakılıqdan istifadə, kütləvi iğtişaş təşkili, qətl cəhdinin arxasında durmaq, girovgötürmə, korrupsiya ittihamları irəli sürülüb.
Keçmiş prezident və tərəfdarlarının müqaviməti nəticəsində 170-dan çox adam xəsarət almışdı. Onların içində 79 hüquq-mühafizə əməkdaşı da vardı.
Bu zorakılıq Atambaev-lə öz əliylə seçdiyi varisi Sooronbai Jeenbekov arasında hakimiyyət çəkişməsinin nəticəsi idi və ölkədə sabitliyin pozulacağı sarıdan narahatlıq yaratmışdı.