Dekabrın 11-də ABŞ-ın Əfqanıstandakı Baqram əsas hərbi bazasında iki intiharçı partlayışı törədilib, bir nəfər həlak olub, 65-dən çox yaralı var. Onlardan beşi Gürcüstan əsgərləridir.
Məlumatı yerli və NATO rəsmiləri yayıb.
Hələlik, qoşa hücumlara görə məsuliyyəti götürən olmayıb.
Bu hücum Birləşmiş Ştatların Taliban silahlı qruplaşması ilə danışıqları bərpa etdiyi bir dönəmə düşür. Prezident Donald Trump üç ay öncə danışıqları dayandırmışdı, ötən həftə bərpa olunub.
Hücumlar arasında 30 dəqiqəlik fasilə olduğu, hücum edənlərin bazaya daxil olmaq istədiyi bildirilir.
Gürcüstanın Müdafiə Nazirliyi beş əsgərinin hücum zamanı yüngül yaralandığını təsdiqləyib, ancaq onların xəstəxanaya yerləşdirilməsinin gərəkmədiyini əlavə edib.
NATO-nun missiyası isə bəyanatında bildirib ki, hücum zamanı “baza yaxınlığında yaşayan əfqanlar üçün tikilməkdə olan tibbi obyekt hədəfə alınıb”. Hücumun qarşısının dərhal alındığı, tibb obyektinə isə ciddi ziyan dəydiyi vurğulanır.
Baqram hava bazası paytaxt Kabildən 50 kilometr şimalda yerləşir.
Dekabrın 7-də ABŞ-ın xüsusi elçisi Zalmay Khalilzad Qətərdə Taliban rəsmiləri ilə görüşüb. Bundan öncə isə Trump noyabrın 28-də – Şükranlıq bayramında Əfqanıstandakı ABŞ əsgərlərini qəfil ziyarət etmiş, ümidvar olduğunu bildirmişdi ki, “Taliban razılaşma əldə etmək istəyir və biz onlarla görüşürük”.
***
Dekabrın 11-də Əfqanıstanda Baqram aeroportu yaxınlığında partlayışda beş nəfər yaralanıb. Orada ABŞ böyük hərbi bazası yerləşir. Məlumatı AzadlıqRadiosu-na (RFE/RL) Əfqanıstan və NATO rəsmiləri verib.
Baqram vilayətinin valisi Hacı Əbdül Şükür Qüddüsi deyib ki, partlayış aerodrom yaxınlığındakı Jan Qadam kəndində törədilib. Onun sözlərinə görə, partlayış zamanı silahlı qruplaşma Baqramda təhlükəsizlik postunu dağıdıb, dağılmış hasarı aşaraq içəri keçib və təhlükəsizlik qüvvələri ilə toqquşub.
Hadisə yerində hələ də atışma səsləri eşidilir, o bildirib.
Hələlik, hücuma görə məsuliyyəti götürən olmayıb. İndiyədək Baqramdakı ABŞ və NATO qüvvələrinə dəfələrlə hücumlar olunub.
Əfqanıstandakı NATO missiyasının sözçüsü hücum zamanı ABŞ, yaxud koalisiya qüvvələrindən itki verilmədiyini deyib.
Yaralıların hamısının əfqanlar olduğu bildirilir.