Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:49

Trump hansı maddələrlə impiç oluna bilər– Qərb mediası


Donald Trump
Donald Trump

ABŞ Nümayəndələr Palatasının Ədliyyə Komitəsi bu həftə Prezident Donald Trump-a qarşı rəsmi impiçment maddələrini səsverməyə çıxaracaq. Palatada tam səsvermə isə gələn həftə keçirilə bilər.

Maddələr irəli sürülərsə, Trump Senatda mühakimə oluna bilər. Senat prezidentin Respublikaçı Partiyasının nəzarətindədir.

“Reuters” agentliyi prezidentə irəli sürülə biləcək maddələri araşdırıb.

Demokratlar sentyabrda impiçment araşdırmasına başlayıblar. Trump-ın Ukraynadan siyasi rəqibi Joe Biden və oğlu barəsində araşdırma aparmağı istəməklə şəxsi siyasi mənfəət güddüyü iddia olunur. Trump administrasiyasının rəsmiləri ictimai dinləmələrdə deyiblər ki, Ağ ev Ukraynaya 400 milyon dollara yaxın yardımı ayırmağı saxlamaqla onun prezidentinə təzyiq göstərmək istəyib, yəni araşdırmayla bağlı ictimai açıqlama tələb edib.

Rüşvətxorluq

Palatanın Spikeri Nancy Pelosi Trump-ın bu davranışını rüşvətxorluq adlandırıb. Demokratlar isə prezidentin Ukraynadan yaxşılıq istəməsini latınca “əl əli yuyar, əl də üzü” ifadəsiylə xarakterizə ediblər.

“Rüşvət, seçkilərlə bağlı saxta təhqiqata dair ictimai bəyanat qarşılığında hərbi yardımı ayırmaq, yaxud saxlamaqdır. Bu, rüşvətxorluqdur”, – Pelosi deyib.

Hüquq ekspertlərinin fikrincə, Trump-ın davranışını rüşvətxorluq kimi qələmə vermək istəyi böyükdür, çünki ABŞ Konstitusiyasında bu, iki impiç olunası pozuntudan biridir.

Ədliyyə Komitəsində demokratların vəkili Barry Berke isə bazar ertəsi dəfələrlə deyib ki, Trump-ın davranışı hakimiyyətdən sui-istifadədir. Agentlik bunun rüşvətxorluq maddəsindən əlçəkmənin əlaməti ola biləcəyini yazır.

Elə bir sıra hüquq ekspertləri də düşünürlər ki, Palatadakı demokratlar prezidentin davranışını rüşvətxorluq deyil, hakimiyyətdən sui-istifadə adlandırsalar, daha yaxşı olar.

Məsələ bundadır ki, siyasi rüşvətxorluq ABŞ qanunvericiliyində konkret, dar çərçivədə müəyyənləşdirilmiş cinayətdir. Bu zaman Trump-ın respublikaçı həmkarları deyə bilərlər ki, demokratlar prezidentin konkret cinayətə yol verdiyini sübut edə bilmirlər.

Bir sıra hüquq ekspertlərinin fikrincə, impiçment siyasi prosesdir, məhkəmə proseduru deyil və Palatadakı demokratların ABŞ cinayət məcəlləsinə uyğun olaraq rüşvətxorluğun təsnifini qəbul etməsi tələb olunmur.

Konqresin işinə maneçilik

Palata demokratları deyirlər ki, Trump sənədləri verməməklə, baş müşavirləri və hökumət rəsmilərinə dindirmələrə getməmək göstərişi verməklə impiçment araşdırmasına əngəlləyib.

Ağ evin mövqeyincə, Konstitusiya prezidentin aparıcı müşavirlərinin Konqres qarşısında ifadə verməsini vacib hesab etmir. Ancaq noyabrın 25-də hakim bu arqumenti rədd elədi. O zaman Ağ evin keçmiş müşaviri Don McGahn-a göndərilmiş çağırış mübahisələndirilmişdi.

Demokratlardan bəziləri yalnız Ukraynaya fokuslanmağın tərəfdarıdır. Digərlərinin fikrincə, Trump martda açıqlanmış 448 səhifəlik hesabat əsasında da impiç olunmalıdır. Keçmiş xüsusi prokuror Robert Mueller-in hazırladığı hesabat Rusiyanın 2016-cı ildə prezident seçkisinə müdaxiləsi detallı təsvir olunurdu, bunun haker və propaqanda kampaniyası, Trump-ın seçki kampaniyası ilə Moskva arasında kontaktlar vasitəsilə gerçəkləşdiyi bildirilirdi.

Hesabatda Trump-ın təhqiqata mane olmağa çalışdığı 10-dək hal sadalanır.

Mueller prezidenti ədalətə maneçilik törətməklə bağlı təmizə çıxarmamışdı. Amma Baş prokuror William Barr sonradan belə bir qərar verdi ki, prezident hər hansı maneçilik törətməyib.

Trump və Rusiya seçkiyə müdaxilə etmədiklərini deyirlər.

XS
SM
MD
LG