Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:55

Mağazası yananlara belə güzəştlər olacaq...


'EuroHome' bazarında yanğın baş verib
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

'EuroHome' bazarında yanğın baş verib

Mağazası yananlara belə güzəştlər olacaq...

Dekabrın 10-da «EuroHome» tikinti materialları bazarında baş vermiş yanğınla bağlı ziyan çəkmiş icarədarlara kömək göstərilməsi nəzərdə tutulur.

«Turan» agentliyinin xəbərinə görə, bunu həmin şirkətdən bildiriblər.

Şirkətdən verilən məlumata görə, mərkəzdə A və B sıraları olmaqla 100-dən bir qədər çox mağaza yanıb: «Həmin mağazalar şirkət tərəfindən təmir-bərpa olunacaq».

Qurumdan habelə qeyd ediblər ki, həmin təmir-bərpa işləri başa çatana qədər isə icarədarlar digər mağazalarda yerləşdiriləcəklər və onlar ziyandan çıxana qədər icarə haqlarından azad ediləcəklər: «Təmir bərpa işləri başa çatandan sonra yenə də icarədarlar olaraq öz mağazalarında çalışacaqlar».

Amma şirkətdən vurğulandığına görə, qurum icarədarlara nağd pul vəsaiti ödəməyi nəzərdə tutmur: «Belə ki, şirkətin öz ödəmələri də az deyil. Odur ki, qurum öz imkanı daxilində olan hər hansı yardımı ziyan çəkən icarədarlardan əsirgəməyəcək».

Şirkətdən qeyd edildiyinə görə, məsələnin belə hal almasında icarədarlar da məsuliyyət daşıyır: «3 ay öncə «Paşa Sığorta» ASC şirkətindən sığortaçılar gəldilər. Onları icarədarların yanına apardıq, mahiyyəti izah etdik, sığorta etmələrinin vacibliyini bildirdik. Amma əmlaklarını, mallarını sığorta etdirmədilər. İndi kimi deyir 30 min, kimi deyir 80 min, kimi deyir 100 min manat ziyana düşüblər. Bu qədər mala-mülkə sahib olan şəxslər sığortadan imtina etdilər».

Bu açıqlamaya, hələlik, icarədarlardan münasibət almaq mümkün olmayıb.

«Report» agentliyinin məlumatına görə isə, dekabrın 13-də Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev «EuroHome» ticarət mərkəzinin rəhbəri ilə birlikdə yanğından ziyan çəkmiş bəzi sahibkarlarla yenidən görüşüb.

Verilən məlumata görə, onlara dəymiş ziyanla əlaqədar olaraq aparılan müvafiq araşdırmalar barədə məlumat verilib. Xəbərdə qeyd edildiyinə görə, bildirilib ki, hazırda dəymiş ziyan müəyyən edilir və ödəniləcək kompensasiya şərtləri müzakirə olunur.

Mağazaları yanan sahibkarlar kompensasiya tələb edirlər
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00

11.12.2019

Mağazaları yanan icarədarlar yolu bağlayıb

Bu gün, dekabrın 11-də bir gün əvvəl yanğın olan «EuroHome» tikinti materialları bazarının (Xırdalan dairəsi yaxınlığında yerləşir) icarədarları kompensasiya tələb ediblər.

Onlar elə bazarın önünə toplaşıblar. Kimisi 30 min, kimisi də 100 min manatdan çox ziyana düşdüyünü iddia edib. Amma onların qarşısına heç kim çıxmayıb. Bundan sonra icarədarlar yaxınlıqdakı Sumqayıt-Bakı yolunu bağlayıblar. Polisin müdaxiləsindən sonra yol açılıb.

Daha sonra Binəqədi rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev hadisə yerinə gələrək yanğından ziyan çəkən icarədarlarla görüşüb.

İcra başçısı icarədarlara bildirib ki, məsələ detallı araşdırılır. Onun sözlərinə görə, dəymiş ziyan müəyyən olunandan sonra sahibkarlar, icarədarlar yaxın günlərdə icra hakimiyyətinə dəvət olunacaqlar. «Kompensasiya ödənilməsi məsələsinə baxılacaq», - deyə başçı vurğulayıb.

4 nəfər zəhərlənib, bir nəfərin də…

Dekabrın 10-da «EuroHome» tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə 8 Təcili Tibbi Yardım briqadası cəlb olunub. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Saat 16:05-ə olan məlumata görə, 8 nəfərə yerində yardım göstərilib, 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinə, əlindən kəsik xəsarəti alan daha bir nəfər isə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib. Hazırda ərazidə 2 Təcili Tibbi Yardım briqadasının olduğu bildirilir.

«EuroHome»un 2 hektarı yanıb

«EuroHome» tikinti materialları bazarındakı yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb:

«Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 texnika, 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 texnika, 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 helikopter, 1 «BE-200ÇS» tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 texnika və 53 nəfər canlı qüvvə cəlb olunub. Soyutma işləri davam etdirilir. İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub. İlkin ehtimala əsasən, yanğın bazarda yerləşən kafel-metlaq satışı mağazasında elektrik kabellərində başlayıb. Hazırda araşdırma işləri davam etdirilir».

Yanğın
Yanğın

«Yanğının səbəbi araşdırılır»

«Yanğının səbəbi araşdırılır». Bunu hadisə yerində jurnalistlərə Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

E.Mirzəyev əlavə edib ki, yanğın tam məhdudlaşdırılıb. O qeyd edib ki, yanğının söndürülməsinə 40-dan artıq texnika, 250-dən çox canlı qüvvə cəlb olunub.

Nazir müavini vurğulayıb ki, ilkin vaxtlarda su çatışmazlığı olub: «Biz də bunun qarşısını almaq üçün havaya 3 helikopter və bir təyyarə qaldırdıq. İndiyə qədər 150 tona yaxın su yanğın yerinə tökülüb. Mənə verilən məlumata görə, yanğının sahəsi 21 min kvadratmetrdir».

Malların bir hissəsi yolun kənarına yığılıb

«EuroHome» tikinti materialları bazarında yanğın zamanı mağazalardakı malların bir hissəsi çıxarılaraq yolun kənarına yığılıb.

Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb. Bu ticarət mərkəzi Xırdalan dairəsinə yaxın ərazidə, Bakı-Sumqayıt yolunun kənarında yerləşir.

Sahibkarların fəryadı

«EuroHome» tikinti materialları bazarında yanğından zərər çəkən sahibkarlar şikayətlənirlər. Bir sahibkar deyir ki, mağazasına yeni mallar vurub.

«Məndə divar kağızı idi. 30 min manatlıq mal idi. Mağazanın təmirinə də 10 min manat vermişdim. Sənədlərim də mağazada idi. Hər şey yanıb kül oldu», - o vurğulayıb.

Tıxac yaranıb

«EuroHome» tikinti materialları bazarında yanğınla bağlı Bakı-Sumqayıt yolunda tıxac yaranıb. Bazar həmin yolun kənarında yerləşir. Yanğının söndürülməsi işləri davam edir.

Avtomobillər yanıb

«EuroHome» tikinti materialları bazarında baş verən yanğın nəticəsində ərazidə olan bir neçə avtomobilə də ziyan dəyib.

Yanğın baş verən mağazalardan sıçrayan alov avtomobillərin üzərinə düşüb. Nəticədə bir neçə avtomobil yanıb.

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir. Artıq bazardakı bir çox mağazalar tamamilə yanıb.

Yanğın
Yanğın

Yanğın yerinə həkim briqadaları cəlb edilib

«EuroHome» tikinti materialları bazarındakı yanğının söndürülməsi işləri davam edir. Hazırda helikopterlər havadan yanğını söndürməyə çalışırlar. Hadisə yerinə həkim briqadalarının da göndərildiyi bildirilir. Bu barədə Səhiyyə Nazirliyindən məlumat veriblər.

Verilən məlumata görə, hadisə nəticəsində tüstüdən zəhərlənmə halları var.

+++

Bu gün, dekabrın 10-da səhər saatlarında Binəqədi rayonundakı «EuroHome» tikinti materialları bazarı ərazisində (Xırdalan dairəsinə yaxın) yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. «Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub», - nazirlik bildirir

Hazırda yanğının söndürülməsinə helikopterlər də cəlb edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG