Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Yanvar, Cümə axşamı, Bakı vaxtı 12:11

Yunis Səfərovla bağlı iş məhkəməyə göndərilib


Yunis Səfərovun bacısı qardaşının Elmar Vəliyevə hücumunu izah edir
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00

Yunis Səfərovun bacısı qardaşının Elmar Vəliyevə hücumunu izah edir

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsdə günahlandırılan Yunis Səfərovun işi məhkəməyə göndərilib.

Bununla bağlı bu gün, dekabrın 6-da Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda olay xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində icra hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı kimi təqdim edilir.

Cinayət işində konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, ölkədən kənarda silahlı birləşmələrdə təlim keçilməsi, odlu silahların saxlanması, polis əməkdaşlarının qəsdən öldürülməsinə cəhd və başqa əməllərə aid iddialar yer alır.

Mətbuat xidməti qeyd edib ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanmış cinayət işinin istintaqı başa çatdırılıb.

«…Y.Səfərov da daxil olmaqla mütəşəkkil dəstənin 12 üzvü barəsində istintaq yekunlaşdırılaraq 5 dekabr 2019-cu il tarixində baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət təqibi orqanından qaçıb ölkə hüdudlarından kənarda gizlənən 11 nəfər barəsində isə beynəlxalq axtarış elan olunmaqla barələrində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir», - məlumatda yazılıb.

'Gəncə işi' ilə bağlı məhkəmədə qarşıdurma (Geniş video)
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Xatırlatma

Ötən il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Y.Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edirlər. Məhkəməsi başlanmayan Y.Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlamayıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada da yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev Səməd Abbasov qətlə yetiriliblər.

Ümumilikdə Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Bu vaxta qədər onların əksəriyyətinə hökm oxunub, 6 ildən 10 ilə qədər həbs cəzası verilib. Sonradan apellyasiya məhkəməsində cəzalar 1 il 6 aydan 5 il 6 aya qədər azaldılıb, 6 nəfər məhkəmə zalından azadlığa buraxılıb. Həbs olunanlar məhkəmə ifadələrində həm saxlanılarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər. Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr verirlər.

Bu hadisələrlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda habelə vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG