Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 19:02

Macron Rusiya ilə hərtərəfli danışıqlara çağırıb


Emmanuel Macron
Emmanuel Macron

Fransa prezidenti Emmanuel Macron dekabrın 4-də Londonda açılacaq NATO sammitinin ərəfəsində Rusiya ilə hərtərəfli danışıqlara çağırıb.

Dekabrın 3-də ABŞ prezidenti Donald Trump-la görüşündə Macron deyib ki, “Rusiya ilə strateji dialoqun qurulması mühümdür".

O əlavə edib ki, bu məsələyə “açıq gözlə” baxmaq lazımdır.

Trump Macron-u onun NATO barədə qeydlərinə görə kəskin tənqid edib.

ABŞ prezidenti deyib ki, NATO “böyük məqsədlərə” xidmət edir və cənab Macron-un qeydləri “olduqca təhqiramizdir”.

Trump, habelə Fransanın NATO-dan “qopduğunu gördüyünü” deyib, lakin bunun təfərrüatlarına varmayıb.

Buna baxmayaraq, daha sonra keçirilən mətbuat konfransında Trump Fransa liderinə münasibətdə barışdırıcı mövqe tutub.

O deyib ki, iki ölkə birlikdə “böyük işlər” görüblər. Trump fikir ayrılıqlarını “xırda mübahisə” adlandırıb.

Bu arada dekabrıbn 3-də Türkiyə prezidenti Erdoğan deyib ki, Ankara onun Suriyada “terrorçulara” qarşı mübarizəsi dəstəklənməyincə, NATO-nun Baltik ölkələrinin və Polşanın müdafiəsinə dair planını dəstəkləməyəcək.

Buna baxmayaraq bir gün əvvəl verdiyi müsahibədə NATO-nun baş katibi Jens Stoltenberg demişdi ki, alyans Baltik ölkələrinə və Polşaya hər hansı hücuma birgə cavab verəcək:

"NATO qoşunlarının Polşa və Baltik ölkələrində olması ilə biz Rusiyaya olduqca güclü siqnal göndəririk: əgər Polşaya və ya Baltik ölkələrinə hücum olsa, bütün alyans cavab verəcək”.

Stoltenberg bunu da elan edib ki, NATO-nun artıq 9 üzvü öz Ümumi Daxili Məhsulunun 2 faizini müdafiəyə xərcləmək öhdəliyinə əməl edir.

O bildirib ki, 2020-ci ilədək Avropa müttəfiqləri və Kanada müdafiəyə 2016-cı ildən bəri 130 milyard dollar daha çox xərcləmiş olacaqlar.

Trump dekabrın 2-sə yazdığı tvitdə bunun “onun öz xidməti” olduğunu vurğulayıb:

“Mənim prezident seçilməyimdən əvvəl 3 onillik ərzində NATO-ya xərclər üçdə iki nisbətində azalmışdı. Yalnız 3 NATO üzvü öz maliyyə öhdəliklərinə əməl edirdi. Mən vəzifəyə gələndən bəri öhdəliklərini yerinə yetirən üzvlərin sayı iki dəfə artıb və NATO-ya ödənişlər 130 milyard dollar çoxalıb”.

Bundan əvvəl, elə dekabrın 3-də Rusiya prezidenti Vladimir Putin işarə etmişdi ki, Rusiya NATO ilə beynəlxalq terror da daxil, ümumi hədələrə qarşı əməkdaşlığa hazır idi, lakin daha yaxın bağların qurulması “praktik baxımdan” qəbul edilmədi.

Rusiyanın hərbi komandanlığı ilə Soçi şəhərində görüşən Putin bir daha bəyan edib ki, NATO-nun genişlənməsi Rusiyaya təhlükə təşkil edir.

Bununla belə Rusiya prezidenti Moskvanın NATO ilə əməkdaşlığa hazır olduğunu təkrar edib.

NATO 70 yaşını qeyd edir

Tarixin ən uğurlu hərbi alyansı olan NATO 70 yaşını qeyd edir. Dekabrın 3-də Londonda alyans liderlərinin iştirakıyla ikigünlük sammit başlanır.

Alyansın 29 üzvü bir çox məsələləri, NATO-nun siyasi gələcəyini müzakirə edəcək.

ABŞ Prezidenti Donald Trump Vaşinqtonun niyə Qərbi müdafiə etməli olmasına dair sual qaldırır, NATO ölkələrini müdafiə xərclərini artırmağa çağırır.

Alyansın Baş katibi Jens Stoltenberg deyib ki, alyansın ABŞ-dan kənar digər üzvləri 2016-cı ildən bəri müdafiə xərclərini 130 milyard dollar artırıblar.

Trump-ı daha da sakitləşdirmək üçün Kanada, Türkiyə və Avropanın 2024-cü ilədək əlavə olaraq 400 milyard dollarlıq müdafiə xərci boyun olacağı gözlənir.

Bu arada alyansda Türkiyəylə bağlı da fikir ayrılığı var. Ankara Rusiyadan S-400 zenit-raket kompleksi aldığına görə tənqid olunur, onun NATO sistemlərinə uyğun gəlmədiyi bildirilir.

Birləşmiş Ştatlar Türkiyəni sanksiyalarla hədələyib və F-35 qırıcı proqramından kənarlaşdırıb.

Türkiyə Prezidenti Recep Tayyip Erdogan Suriyada ABŞ-ın müttəfiqləri olan kürd döyüşçüləri məğlub etməyi hədəfləyən siyasətinə görə də tənqid olunur. Ankara həmin yaraqlıları “terrorçular” hesab edir.

XS
SM
MD
LG