Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 13:25

Dünya bazarlarına ən böyük geosiyasi təhdid – Qərb mediası


Honq Konqda etirazçı, 28 noyabr, 2019-cu il
Honq Konqda etirazçı, 28 noyabr, 2019-cu il

Hazırda Honq Konqda davam edən vətəndaş itaətsizliyi qlobal bazarlara ən böyük geosiyasi təhdiddir. Bunu CBC-yə bir iqtisadçı deyib.

Almaniyanın Berenberg bankının böyük iqtisadçısı Holger Schmieding söyləyib ki, ABŞ Prezidenti Donald Trump Honq Konqda etirazçıları dəstəkləyən iki qanun layihəsini imzalayandan sonra ən pis ssenarinin baş verəcəyi “aydın idi”.

“Ticarət sazişi qeyri-mümkün olacaq”

“Hal hazırda Honq Konq bazarlar üçün ən böyük geosiyasi riski yaradır”, – Schmieding deyib.

Trump-ın imzaladığı sənədlərə görə, Dövlət Departamenti ildə azı bir dəfə Honq Konqun muxtariyyətini necə saxladığını dəyərləndirməlidir. Muxtariyyət məhdudlaşarsa, ABŞ bu muxtar regionla münasibətlərdə nəzərdə tutduğu xüsusi status da ləğv oluna bilər.

Qanunlar imzalanandan sonra Vaşinqtonla Pekinin münasibətləri daha da gərginləşib. Çinin Xarici İşlər Nazirliyi Birləşmiş Ştatları “məşum niyyətlər”də suçlayıb.

“Honq Konqda durum daha da pisləşərsə, Çin hərbi müdaxilə edərsə, ABŞ-ın Çinlə ticarət sazişi bağlaması demək olar, qeyri-mümkün olacaq. AB-nin bunu etməsi də mümkünsüzləşəcək və bu, ticari gərginliyin yaratdığı qlobal sənaye böhranını uzadacaq”, – iqtisadçı vurğulayıb.

Oktyabrdan bəri ABŞ və Çin ticarət sazişinin “birinci mərhələsi” üzrə danışıqlar aparır.

Honq Konqda etirazlar iyundan bəri gedir. İlkin olaraq ekstradisiya qanunu layihəsinə etiraz edənlərin tələbləri daha sonra genişləndi, Çinin muxtar şəhərdə azadlıqları “məhdudlaşdırması”na etirazlar səsləndi.

Pekin üçün ağır həftə

Bu arada həftəsonuna yeni yürüşlər planlaşdırılır. “Reuters” agentliyi yazır ki, polis cümə son ayların ən ağır toqquşmalarının baş verdiyi günü universitet şəhərciyindən çıxıb.

Ötən bazar günü Honq Konqda yerli seçkilərdə demokratiya tərəfdarı olan namizədlər qələbə çalandan sonra şəhərdə bir həftə nisbi sakitlik hökm sürüb.

“The Guardian” isə bu həftənin Pekindən ötrü heç yaxşı keçmədiyini yazır. Seçkidəki qələbədən sonra Trump-ın etirazçıları dəstəkləyən qanunlara imza atması Çinə üçüncü zərbə oldu. Bazar ertəsi ölkə liderləri Honq Konqda demokratiya tərəfdarlarının qələbə xəbərinə oyanıblar. Bundan sonra Sintzyanda düşərgələrlə bağlı sənədlər açıqlandı. Sonra da Trump sözügedən sənədləri imzaladı. ABŞ prezidenti bu qanunvericiliyin hər iki tərəfə gərəkən ticarət sazişini əngəlləməsini istəmədiyini dilə gətirib.

“Çin ümid edir ki, o, qanunu həyata keçirməyəcək. Qanunda fərdlərə sanksiyalar və regionun xüsusi ticarət statusunun ləğvi nəzərdə tutulub”, – məqalədə vurğulanır.

“Son illər Çinin iqtisadi qüdrəti, ola bilsin, bir çox tənqidçiləri susdurub. Ancaq ABŞ-ın qəbul etdiyi yeni qanunlar və müsəlman azlıqlarla rəftara etirazlar prosesi dəyişdirə bilər. Bütün bu baş verənlərdən sonra onlar daha bunlardan xəbərləri olmadığını deyə bilməzlər”, – “The Guardian” yazır.

XS
SM
MD
LG