Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Dekabr, Cümə, Bakı vaxtı 17:29

Meksika narkokartelləri terrorçu təşkilat sayıla bilər – Qərb mediası


Donald Trump hökumətin iclasında, arxiv fotosu

Birləşmiş Ştatlar Meksikanın narkokartellərini terrorçu təşkilatlar siyahısına salmağı nəzərdən keçirir. Bunu noyabrın 26-da ABŞ Prezidenti Donald Trump deyib.

“Son 90 gündə bu məsələ üzərində işləyirəm... Sadə proses deyil, bundan keçmək lazımdır. Hazırda bu prosesin ortasındayıq”, – Trump televiziya müsahibəsində söyləyib.

Meksikada ABŞ-ın 9 vətəndaşı – Mormonlar təriqətinə məxsus 3 qadın və altı uşaq öldürüləndən sonra Trump Meksika hökumətinə təklif etmişdi ki, Birləşmiş Ştatlarla birlikdə “narkokartelləri yer üzündən silsinlər”.

Meksika hakimiyyətinin ilkin məlumatına görə, noyabrın 4-də amerikalıların olduğu avtomobillər narkokartel üzvlərinin qurduğu pusquya düşüb. Mormonların yanlış olaraq hücum hədəfinə çevrildiyi bildirilir.

ABŞ qanunvericiliyinə görə, terrorçu təşkilata istənilən formada dəstək qanunsuzdur, onların üzvlərinin bu ölkəyə girişi yasaqlanır. Maliyyə institutları belə qrupların vəsaitlərini aşkarlayaraq dondurmalıdır.

Əvvəlki prezidentlər də bunu etmək istəyiblər, lakin...

“The Washington Post” Trump-ın bu bəyanatının Meksika hökumətini əndişələndirdiyini yazır. Rəsmilər iki qonşu ölkə arasında təhlükəsizlik əməkdaşlığı və ticarətin çətinləşəcəyindən narahatdırlar.

“Meksika milli suverenliyimizi pozan heç bir hərəkəti qəbul etməyəcək. Qətiyyətlə davranacağıq. Mövqeyimizi, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizəylə bağlı qətiyyətimizi Birləşmiş Ştatlara bildirmişəm”, – Xarici işlər naziri Marcelo Ebrard tvitində yazıb.

Trump Fox News-a müsahibəsində deyib ki, Meksikaya mütəşəkkil cinayətkarlıqla mübarizədə kömək etməkdən ötrü ABŞ ordusunu göndərməyi təklif edib, ancaq Meksika Prezidenti Andrés Manuel López Obrador bunu rədd edib.

Meksikanın Vaşinqtondakı keçmiş səfiri Arturo Sarukhan qəzetə deyib ki, ABŞ hökuməti terrorçu qrupların vətəni olan ölkəylə əməkdaşlığı məhdudlaşdıra, idxalı azalda, həmin ölkənin çoxtərəfli təşkilatlardan kredit almasına səs verməyə bilər.

Onun sözlərinə görə, keçmiş prezidentlər George W. BushBarack Obama da Meksikanın narkobaronlarını, kartellərini terrorçu hesab etməyi nəzərdən keçirib: “Bunun ABŞ-Meksika əlaqələrinə iqtisadi və ticari təsirlərini anladıqdan sonra vaz keçiblər”.

Günün bütün mövzuları

XS
SM
MD
LG