Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:25

Albaniyada zəlzələdə ölənlərin sayı 23-ü keçib


Durres şəhərində əhali stadiona yığışıb
Durres şəhərində əhali stadiona yığışıb

Albaniyada zəlzələ qurbanlarının axtarışı davam edir, azı 23 nəfər həlak olub, 650-dən artıq adam xəstəxanaya yerləşdirilib. Xilasetmə işləri davam edir.

Onlarla adamın xilas olunduğunu xəbəri gəlsə də dağıntılar altında hələ də qalan olub-olmadığı bilinmir.

Kosovo və Monteneqro Albaniyaya yardıma axtarış-xilasetmə komandaları göndəriblər.

Avropa Komissiyası İtaliya, Yunanıstan, Rumıniyadan xilasedicilərin getdiyini xəbər verir.

Evsiz qalanlar üçün çadırlar quraşdırılıb. 300-dək kosovolu ailə qapılarını zəlzələdən ziyan görənlərin üzünə açıb.

Xilasedicilər iş başında
Xilasedicilər iş başında

Birləşmiş Ştatlar da yardım göndərməyi təklif edib.

Albaniyanın üç təşkilatı bir günün işində onlayn platformalar vasitəsilə fəlakət qurbanları üçün 1,5 milyon dollardan artıq vəsait toplayıb.

Noyabrın 27-də Albaniya hökumət matəm günü elan edib.

***

Qərbi Balkanlarda baş vermiş dağıdıcı zəlzələnin ardınca Albaniyada yer titrəmələri davam edib.

Hakimiyyət orqanları ölü sayının 19-a çatdığını bildirirlər.

Səhiyyə naziri Ogerta Manastirliu bildirib ki, 600 yaralıya tibbi yardım göstərilib. Onlardan 9-nun vəziyyəti böhranlı olaraq qalır.

Noyabrın 26-da baş vermiş 6.4 ballıq zəlzələnin episentri Albaniya paytaxtı Tirananın 30 kilometrliyində idi.

Çox sayda adamın hələ də uçqunlar altında ilişib qaldığı xəbər verilir.

Zəlzələdən ən çox dağıntıya məruz qalan Durres sahil şəhəridir. Ölüm hallarının 11-i orada qeydə alınıb.

***

Bu gün Qərbi Balkanlarda bir neçə zəlzələ qeydə alınıb, azı 13 nəfərin həlak olduğu bildirilir. Dağıntı yerlərində xilasedicilər işləyir.

Albaniyadakı zəlzələdən bir neçə saat sonra Bosniyada 5,4 bal gücündə zəlzələ qeydə alınıb. Bu ölkədə xəsarət alanlar barədə hələlik, informasiya yoxdur.

Albaniyanın Baş naziri Edi Rama Avropa Birliyi və Birləşmiş Ştatların onlara yardım təklif etdiyini deyib. Onun sözlərinə görə, Kosovo Prezidenti Hashim Thaci zəng edərək deyib ki, xilasedici komandası Albaniyaya yola düşüb.

Albaniyada 600-dək adamın xəsarət aldığı bildirilir.

Albaniyada xilasedicilər iş başında
Albaniyada xilasedicilər iş başında

Bu ölkə Balkanlarda ən yoxsul sayılır, orta gəlir Avropa Birliyindəki göstəricinin üçdə birində də aşağıdır.

Media məlumatlarına görə, titrəyişlər Sarayevodan Bosniyayadək, hətta Serbiyanın 700 kilometrlik məsafədə yerləşən Novi Sad şəhərində belə hiss olunub.

***

Ən son məlumatlara görə, Albaniyada zəlzələdə azı 8 nəfər həlak olub, 300 nəfər xəsarət alıb.

***

Noyabrın 26-da səhər Albaniyada güclü zəlzələ baş verib, azı 6 nəfərin öldüyü, 150 nəfərin yaralandığı bildirilir. Binalar dağılıb.

ABŞ Geoloji Xidməti 6,4 bal gücündə zəlzələnin episentrinin paytaxt Tiranadan 30 kilometr şimal-qərbə düşdüyünü xəbər verir. Zəlzələ 20 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ Albaniyanın Adriatik və İon dənizi sahillərində hiss olunub.

Bir neçə afterşok qeydə alınıb, birinin gücü 5,3 bal olub.

Prezident Ilir Meta jurnalistlərə deyib ki, “vəziyyət dramatikdir. Adamları dağıntıların altından çıxarmaqdan ötrü iş aparılır”.

Sakinlər evlərindən çıxıb açıq yerlərə üz tuturlar.

Şahidlər əhalinin Tiranada yaşayış binalarından çıxdığını, bəzilərinin əllərində körpələrin olduğunu danışır. Paytaxtın müxtəlif yerlərində işıq kəsilib.

Sentyabrda baş vermiş zəlzələ nəticəsində Albaniyada yüzlərlə ev dağılmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG