Gələn il futbol üzrə Avropa çempionatının oyunlarına baxmaq uelsli azarkeşlərə “astronomik” xərcə başa gələ bilər. “BBC” bunu azarkeşlər qrupuna istinadla yazır.
Çempionatın 60 illiyi münasibətilə oyunlar Avropanın 12 şəhərində keçiriləcək. Uels oyunların ya Rusiya, ya da Azərbaycanda keçiriləcəyi qruplara düşə bilər.
Üç dəfə artıq xərcə düşəcəklər
Cymru Futbol Tərəfdarları Assosiasiyasından Kieran Jones deyib ki, azarkeşlər 2016-cı ildəki çempionatdan üç dəfə artıq xərcə düşə bilərlər.
Doğrudur, bəzilərinin fikrincə, Uelsi daha bir çempionatda görməkdən ötrü “buna dəyər”.
Uels A Qrupuna düşsə, Roma ya Bakıya, B Qrupuna düşsə, Kopenhagen və Sankt Peterburqa getməlidir.
Avroçempionatın dörddə bir final oyunları Roma, Münhen, Sankt Peterburq və Bakıda, yarımfinal və finalın isə Londonda keçiriləcəyi gözlənir.
Cənab Jones deyib ki, Uelsin harada oynamasından asılı olmayaraq, oyunu izləmək azarkeşlərə baha başa gələcək. “Romada qalmaq baha başa gəlir, Kopenhagendə də çox bahaçılıqdı”, – o vurğulayıb.
“Birbaşa reyslərlə uçmayın, birbaşa reyslər çox bahadır. Bakıya 25 saata gedib çıxan azarkeşlər tanıyıram. Əslində, oraya 6 saata gedə bilərsən, ancaq 600 funt sterlinq hara, 200 hara. Mikroavtobuslara gedən azarkeşlər tanıyıram”, – o deyib.
Kentdə yaşayan azarkeş Andrew Morris isə BBC-yə deyib ki, Uels harada oynasa, onu izləməyə gedəcək və oğlunu da özüylə aparacaq.
“Məncə, buna dəyər. Bəxtim gətirib ki, yaxşı işim var və bunu eləyə bilərəm”, – o vurğulayıb.
Xatırlatma
AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan E qrupunda təmsil edilir. Azərbaycan 7 oyundan cəmi 1 xal toplayaraq sonuncu yerdə qərarlaşıb. Qrupa 17 xalla Xorvatiya yığması liderlik edir. Xorvatiya artıq final oyunlarına da vəsiqəni təmin edib. Azərbaycan da yeganə xalını Bakıda Xorvatiya ilə oyunda qazanıb. İkinci yerdə 12 xalla Macarıstan, üçüncü yerdə 11 xalla Uels, dördüncü yerdə isə 10 xalla Slovakiya yığması gəlir.
Bu il mayın 29-da UEFA Avropa Liqasının Çelsi və Arsenal klubları arasında final qarşılaşması Bakıda keçirilmişdi. Onda da azarkeşlər uçuş qiymətlərinin bahalığından şikayətlənirdi. Onda Arsenal Tərəfdarları Birliyi (AST) bəyanat yayaraq azarkeşlərin çoxunun qonşu ölkələrə gedərək oradan Bakıya taksi, yaxud qatarla gedəcəyini vurğulayırdı. Üstəlik, Bakıda otel qiymətlərinin də şişirdildiyi bildirilirdi.