Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:36

Suriyaya gedən azərbaycanlılar danışır: 'Dedi ki, sən ölsən, savabdır...'


Suriyada İŞİD döyüşçüsü
Suriyada İŞİD döyüşçüsü

Bilal İsmayılovƏfqan Aslanov illər öncə Suriyaya gedib, bir müddət sonra qayıdıblar. Qayıdandan 5 il sonra onların hər ikisini həbs ediblər. İndi onlar CM-in 218.2-ci (Cinayətkar birlik, təşkilat yaratma və ya belə birliklərdə iştirak) maddəsiylə məhkəmə önünə çıxarılıblar.

İddia olunur ki, onlar 2013-cü ildə Türkiyəyə, oradan da Suriyaya gediblər. Orada İŞİD kimi tanınan «İslam Dövləti» silahlı qruplaşmasının tərkibində döyüşüblər. 2014-cü ildə isə Azərbaycana qayıdıblar.

Onlar özlərini qismən təqsirli bilirlər. Noyabrın 20-də məhkəmədə deyiblər ki, aldadılıblar, Suriyaya gedəndə məqsədləri orada döyüşmək olmayıb.

«Suriyadan qaçqınları keçirmək üçün getmişdik»

Ə.Aslanov etiraf edir ki, əməlində qanunsuzluq var, amma bu əməli dini düşmənçilik zəminində törətmədiyini vurğulayır: «Biz Suriyadan qaçqınları keçirmək üçün getmişdik. Amma başqa şeylər gördüm. Bizi başqa işlərə cəlb edəcəklərindən şübhələndim. Bir neçə dəfə desəm də, məni buraxmadılar. Axırda ərəb liderə müraciət elədim. Bundan sonra gəlməyimə icazə verildi. Qəbələdən olan Məhəmməd adlı bir nəfər vardı, mənim getməyimdə onun psixoloji təsirinin böyük rolu oldu. Deyirdi ki, xeyirxah, savab işdir. Sərhəddə qalan qaçqınları xilas edəcəkdik».

Qardaş qardaşı polisə verdi ki, 'İŞİD-ə qoşulmasın'
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

O danışır ki, Azərbaycandan öncə Gürcüstana, oradan Türkiyəyə gediblər. Türkiyədən Suriyaya getməyin asan, sərhədin açıq olduğunu deyən Ə.Aslanovun sözlərinə görə, Suriyada bir neçə gün qalandan sonra qayıtmaq istəyib: «Mən artıq vəziyyətin başqa cür olduğunu gördüm. Qayıtmaq istədim, amma imkan vermirdilər. Sonra bir yolunu tapıb qayıtdım».

5 il öncə Bakıya qayıdan Əfqan deyir ki, gələndən sonra MTN-ə çağrılıb. Amma onu dindirib buraxıblar. 2017-ci ildə onu ov tüfənginə görə saxlayıb, dindirmədə Suriyaya getməsi barədə də soruşublar. Yenə buraxıblar: «Ov tüfəngini özüm düzəltmişdim. Kənd yerində, meşəlik ərazidə yaşayırıq. Ətraf ərazilər vəhşi heyvanlarla dolu olur. Tüfəngə görə saxlasalar da, daha çox Suriyaya getmək barədə ifadə aldılar. Bir müddət sonra məni yenidən rayonun DTX-sına çağırıb, Bakıya getməyimi istədilər. Mən də Bakıya - DTX-ya gəldim, sanksiya verib tutdular».

Ə.Aslanov danışır ki, Suriyaya 8 nəfər azərbaycanlı ilə birlikdə gedib. Onları orada Aqil kimi tanıdıqları, lakin ləqəbi «Muhammed» olan bir nəfər qarşılayıb.

«Mən orada bircə dəfə silah atdım. Onu da havaya. Qaldığım müddətdə isə qapı-pəncərə, ev təmiri ilə məşğul olmuşam. İşimiz ancaq yeyib-içmək idi. Şəhərə çıxırdıq, mağazaya gedirdik. Heç bir təlimdə olmamışam», - Əfqan belə deyir.

İŞİD qovulandan sonra kişilər bərbərxanaya axışır
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

«Çölə çıxmağımıza imkan vermədilər»

Yevlax sakini B.İsmayılov danışır ki, Suriyaya getmək söhbətini məsciddə eşidib. Onlara deyiblər ki, Suriyadan Türkiyəyə keçən qaçqınlar üçün qurulan çadırlarda insanlara yardım edəcəklər. Bilalın sözlərinə görə, o, aldadıldığını başa düşəndə etiraz edib, narazılığını Aqilə çatdırıb. Ondan aldığı cavab isə belə olub: «Aqilə dedim ki, bomba atsalar, hamımız öləcəyik, bizi bura nəyə gətirdin? Dedi ki, «sən ölsən, heç nə olmaz, savabdır». Bizi bir evə apardılar. Çölə çıxmağımıza imkan vermədilər. Orada cəmi 15 gün qaldım. 7 gün aşpaz kimi işlədim. 8 gün isə evdə qaldıq. Mən evdən çıxmağa imkan tapdım. Orada motosikleti olan bir nəfərdən xahiş elədim ki, mənə sərhədi keçməyə kömək eləsin. Sağ olsun ki, məni oraya apardı. Türkiyədə bir məscidə getdim. Orada imama yalvardım ki, mənə kömək eləsin. Sağ olsun ki, mənə kömək elədi...».

B.İsmayılov deyir ki, Türkiyəyə keçəndən sonra bir müddət orada günəmuzd işləyib. 2 aya yaxın işləyəndən sonra həm özünə pal-paltar alıb, həm də bir qədər pul toplayıb, Azərbaycana qayıdıb. Dediyinə görə, qayıdandan bir neçə gün sonra onu da MTN-ə çağırıb, dindirib buraxıblar: «2019-cu ildə yenə DTX-ya çağırıb həbs elədilər».

Onların hər ikisi əməllərindən peşman olduqlarını deyir.

Son 5 ildə Azərbaycanda xeyli adam Suriyada silahlı birləşmələrin tərkibində iştiraka görə uzunmüddətli həbs cəzası alıb. Ə.Aslanov və B.İsmayılovun ittiham olunduğu CM-in 218.2 maddəsində 6 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG