Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:50

Maltada biznesmen saxlanıb, Azərbaycana bağlılığı...


Yorgen Fenech

Malta polisi tanınmış biznesmeninin yaxtasının yerini müəyyənləşdirərək onu həbs edib. Bu haqda “BBC” xəbər verir.

“Times of Malta” qəzetinin yazmasına görə, Yorgen Fenech silahlı təhlükəsizlik əməkdaşları tərəfindən saxlanıb, yaxtasında axtarış aparılıb.

Bir gün öncə Maltanın Baş naziri Joseph Muscat deyib ki, araşdırmaçı jurnalist Daphne Caruana Galizia-nın qətlində araçı olmaqda şübhəli bilinən, çirkli pul yuduğu iddia olunan şəxsin əfvini nəzərdən keçirəcək. Ancaq BBC yazır ki, bu həbsin həmin qətllə əlaqəsinin olub-olmadığı bəlli deyil.

İnformasiya yetərli olsa...

Korrupsiyanı araşdıran bloqer Caruana Galizia 2017-ci ildə öldürülüb. Maltada bu iş üzrə aparılan təhqiqat beynəlxalq səviyyədə tənqid olunub.

Muscat demişdi ki, şübhəli araçı əvvəlcə məhkəmədə ifadə verməlidir. “Həmin şəxs əməkdaşlıq etsə və verilən informasiya cinayətin əsas təşkilatçısını mühakimə etməyə yetsə, prezident tərəfindən əfv olunacaqlar”, – Baş nazir vurğulayıb.

Fenech Tumas Group-un rəhbəri, Electrogas şirkətinin direktorudur. Maltanın Maliyyə Kəşfiyyatı Təhlili Qurumunun bildirməsinə görə, o, həm də Dubayda qeydiyyatdan keçmiş “17 Black” adlı şirkətin sahibidir.

Avropa Şurası iyunda çıxardığı qətnaməsində “17 Black” şirkətinin adını çəkirdi. Sənəddə qeyd olunurdu ki, bu şirkətin gizli Panama şirkətlərinə böyük aylıq ödənişlər etməsi gözlənirdi. Həmin şirkətlərin sahibləri isə Maltanın aparıcı rəsmiləri olublar.

“17 Black” şirkətinin bir azərbaycanlıdan da böyük məbləğdə pul vəsaiti qəbul etdiyi vurğulanırdı.

Jurnalistin qətliylə bağlı daha üç şübhəli də hazırda polis nəzarətindədir. Onlar Caruana Galizia-nın ölümünə səbəb olmuş, maşınına qoyuluş bombanı işə salmaqda ittiham olunur. Amma özlərini təqsirli bilmirlər.

“Reuters” azərbaycanlının izinə düşmüşdü

“Reuters” agentliyi isə ötən il “17 Black” şirkətilə bağlı araşdırma dərc etmişdi. Agentlik yazırdı ki, jurnalist Daphne Caruana Galizia 2017-ci ilin fevralında bloqunda “17 Black Limited” adlı sirli bir şirkət haqda yazıb, onun maltalı siyasətçilərə bağlı olduğunu iddia edib, ancaq bu iddianı əsaslandırmayıb. Jurnalist şirkətin kimə məxsus olduğunu aşkara çıxara bilməyib.

Caruana Galizia bunu yazandan səkkiz ay sonra öldürüldü.

“Reuters” şirkətin Yorgen Fenech-ə məxsus olduğunu yazırdı. Agentliyin araşdırmasında Azərbaycanın da adı çəkilir. Belə ki, 2013-cü ildə maltalı investorlar, Azərbaycanın SOCAR neft şirkəti və Almaniyanın Siemens şirkətinin iştirakıyla Electrogas Malta şirkəti yaradılıb və Fenech onun başına keçib. Şirkət 450 milyon avroluq Delimara elektrik stansiyasının tikintisini 2017-ci ildə başa çatdırıb.

“Panama sənədləri”nə görə, Fenech bu layihəni udandan sonra “17 Black” şirkəti Maltanın enerji nazirinə 1,5 milyon funt-sterlinq məbləğində ödəniş edib. Bu pulun nəyə görə köçürüldüyü açıqlanmayıb.

Layihədə SOCAR-a məxsus “SOCAR Trading” iştirak edib. Şirkətdən agentliyə “17 Black şirkəti barədə məlumatları olmadığını” deyiblər.

Maltalı müstəntiqlər “17 Black” şirkətinə iki böyük pulköçürmənin izinə düşüblər. 200 min dollarlıq köçürmə 2015-ci il iyulun 10-da göndərilib.

1,5 milyon dollarlıq ikinci köçürmə isə 2015-ci ilin noyabrında Seyşel adalarında qeydiyyatdan keçmiş, Latviyada bank hesabı olan “Mayor Trans Limited” tərəfindən, “maliyyə məsləhət xidmətləri” üçün edilib.

“Reuters” ABŞ-da açıq sənədlərə istinadla “Mayor Trans”ın Rüfət Baratzadə adlı azərbaycanlıya məxsus olduğunu yazır. Sənədlərə əsasən, o, Bakıda yaşayır. Qonşuları 51 yaşlı Baratın əvvəllər metroda işlədiyini deyiblər.

Agentlik Baratzadənin Bakının kənarında birmərtəbəli evdə qaldığını qeyd edir. Ailəsi deyib ki, o, Bakıda tikintidə gözətçi işləyir. Özündən telefonla soruşublar ki, “Mayor Trans” onamı məxsusdur. Baratzadə deyib ki, “Mənim adım çəkilirsə, deməli mənəm”. Və bundan artıq danışmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG