Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

İran iqtidarı 'qələbə çaldığını' deyir, ölü sayı isə artır


İran liderləri “düşmən qəsdi”ni məğlub etdiklərini bildirirlər.

Prezident Hassan Rohani noyabrın 20-də keçirilən hökumət müşavirəsində deyib ki, “xalqımız qalib çıxdı”.

O bunu da deyib ki, İran boyunca küçələrə çıxmış “silahlı anarxistlər sayca az olublar”.

Prezident habelə bildirib ki, sözü gedən kütləvi etirazlar Tehranın düşmənlərinin – Səudiyyə Ərəbistanının, İsrailin və Birləşmiş Ştatların qəsdi idi.

Hələ noyabrın 19-da İranın ali rəhbəri ayətüllah Ali Khamenei demişdi ki, ölkədəki düşmən “dağıdılıb”.

O qeyd edib ki, baş verənlər xalq hərəkatının nəticəsi deyildi.

Bu arada beynəlxalq insan haqları qrupları və BMT, Birləşmiş Ştatlar, Almaniya və Fransa ilə yanaşı Tehranı nümayişçilərə qarşı aşırı zordan istifadə etməkdə günahlandırıb.

Amnesty International İranda azı 106 nəfərin öldüyünə ‘inanır’

Amnesty International beynəlxalq insan haqları təşkilatı noyabrın 19-da İranda son etirazlarla bağlı ölkənin 21 şəhərində azı 109 nəfərin öldüyünə inandığını bəyan edib:

"Təşkilat inanır ki, real ölü sayı bundan da yüksək ola bilər. Bəzi xəbərlərdə 200 nəfərin öldüyü deyilir”.

İran rəsmiləri təhlükəsizlik əməkdaşları da daxil son etirazlarda 12 nəfərin öldüyünü və daha 600 nəfərin həbs olunduğuinu bildirirdilər.

Amnesty International təşkilatının bəyanatında daha sonra deyilir:

"Amnesty International təşkilatının gördüyü videolardakı şahid ifadələrinə görə insan kütlələrinə evlərin damlarından, bir halda isə helikopterdən snayper atəşləri də açılıb. Bir neçə şahid deyib ki, təhlükəsizlik qüvvələri meyitləri və yaralıları yollardan və xəstəxanalardan yığıb aparır”.

Amnesty bildirir ki, İranda əvvəllər də kəşfiyyat və təhlükəsizlik qüvvələrinin meyitləri qaytarmaqdan imtina etməsi və ya ölənlərin yaxınlarının onları autopsiya keçirilmədən dərhal dəfn etməyə məcbur etməsi halları müşahidə edilib.

BMT İranda ölü sayının çox ola biləcəyindən narahatdır

BMT Tehranı nümayişçilərə qarşı gücdən istifadəni məhdudlaşdırmağa, internet xidmətini bərpa etməyə çağırıb.

Noyabrın 19-da Cenevrədə jurnalistlərə danışan BMT-nin insan haqları sözçüsü Rupert Colville İranın təhlükəsizlik qüvvələrinin etirazçılarla toqquşmalarda güllədən istifadə etməsini pisləyib, ölü sayının “açıq-aşkar çox ciddi” olduğunu deyib.

İran rəsmiləri təhlükəsizlik əməkdaşları daxil olmaqla 12 nəfərin öldüyünü bildirir. 600-dən çox adam həbs olunub.

Colville müxtəlif məlumatlara əsasən onlarla adamın öldürülməsi ehtimalını irəli sürüb.

Bu gün ədliyyənin sözçüsü Gholamhossein Esmaili “ölkədə sakitliyin bərpa olunduğunu” bildirib.

Ancaq internet kəsildiyindən küçələrdəki durum aydın deyil.

Sosial mediada yayılmış videolarda bir sıra şəhərlərdə gecə etirazlar keçirildiyi, təhlükəsizlik qüvvələrinin yerləşdirildiyi görünür. Ancaq bu təsvirlərin həqiqiliyini təsdiqlətmək mümkün olmayıb.

ABŞ iranlıların internetə çıxışını düzəltməyə çalışır

Vaşinqtonun İran üzrə xüsusi elçisi Brian Hook deyir ki, Birləşmiş Ştatlar iranlıların total internet qadağasından yan keçməsinə kömək etməyə çalışır. Ötən həftə benzin bahalanandan sonra İranda kütləvi etirazlar başlanıb və dini isteblişment əhalinin internetə çıxışını kəsib.

Hook noyabrın 19-da Radio Farda-ya (AzadAvropa/AzadlıqRadiosu) müsahibəsində deyib ki, ABŞ iranlıların internetə çıxışına kömək etmək üçün “dolayı yol” axtarır.

Dünyada internetə çıxışın monitorinqini aparan NetBlocks son günlər İranda internet bağlantısının adi səviyyənin 5 faizinə düşdüyünü bildirib.

Liderləri “riyakarlıq”da suçlayır

“Düşünürük ki, bu, adamların internetə çıxışına kömək edəcək və onlar etirazların videolarını yaya biləcəklər”, – Hook vurğulayıb.

O əlavə edib ki, Birləşmiş Ştatlar son 18 ayda iranlıların internet senzurasından yan keçməsindən ötrü “bir sıra addımlar” atıb.

“İran xalqının əlinə rejimin senzurasına baxmayaraq bir-birilə kommunikasiyasına imkan yaradan alətlər vermişik”, – o vurğulayıb.

Brian H. Hook
Brian H. Hook

Hook İran liderlərini “riyakarlıq”da suçlayıb, milyonlarla iranlını internetdən məhrum etdikləri halda özlərinin sosial mediadan istifadə etdiklərini deyib.

“Ali dini lider, prezident və xarici işlər naziri sosial mediadan, internetdən istifadə edir, mesajlarını çatdırır, ancaq İran xalqına həqiqəti çatdırmağa icazə vermirlər”, – Hook vurğulayıb.

Noyabrın 17-də Ağ ev “nümayişçilərə qarşı öldürücü gücdən və kəskin kommunikasiya qadağalarından istifadəni” pisləyib, “dinc etirazlarda İran xalqını” dəstəklədiyini bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG