Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:11

Keçmiş səfir Trump-ın tvitini ‘təhdidedici’ adlandırıb


Marie Yovanovitch Konqresdə ifadə verərkən
Marie Yovanovitch Konqresdə ifadə verərkən

Prezident Donald Trump Konqresdə ona qarşı impiçment araşdırmasına dair dinləmədə ABŞ-ın Ukraynadakı keçmiş səfiri Marie Yovanovitch-in ifadə verdiyi bir vaxtda yazdığı tvitlə diplomata rişxənd edib.

Demokratlar bunu “ifadə verən şahidin təhdid edilməsi” cəhdi kimi pisləyiblər.

Yovanovitch noyabrın 15-də özünün giriş nitqini bitirəndən az sonra prezident Twitter-də yazıb:

“Marie Yovanovitch hara gedibsə, orda iş pis olub. O fəaliyyətinə Somalidə başlayıb. Ordakı işi necə olub? Ordan sürətlə Ukraynaya keçirilib. Ukraynanın yeni prezidenti mənimlə elə ikinci telefon söhbətində onun haqqında yaxşı danışmayıb. Səfirləri təyin etmək ABŞ prezidentinin mütləq hüququdur”.

Yovanovitch habelə ABŞ-ın Ermənistan və Qırığızıstanda səfiri olub.

ABŞ Nümayəndələr Palatası Kəşfiyyat Komitəsinin demokrat sədri və impiçment araşdırmasına başçılıq edən Adam Schiff Trump-ın tvitini “onun şahidləri təhdid etmək vərdişinin bir hissəsi” adlandırıb.

Schiff Yovanovich-in ifadəsini yarımçıq kəsərək ondan prezidentin tviti haqqında nə düşündüyünü soruşub.Keçmiş səfir deyib:

"Mən prezidentin nə etməyə çalışdığını deyə bilımərəm, amma deyə bilərəm ki, bu, təhdid effekti yaradır”.

Dinləmədəki respublikaçılar bu tvitin əhəmiyyətini azaltmağa çalışıblar. Konqresmen Lee Zeldin deyib ki, prezident sadəcə olaraq “özünü müdafiə etməyə çalışır”.

Lakin respublikaçı millət vəkili Elise Stefanik Trump-ın tvitinin tonu ilə razılaşmadığını desə də, əlavə edib ki, bu impiçment dinləməsinə aid məsələ deyil.

Demokratların apardığı impiçment araşdırması prezident Donald Trump-ın öz vəzifəsinin səlahiyyətlərindən sui-istifadə edib-etmədiyini müəyyən etməyə çalışır.

Bu dinləmə Trump-ın impiçment olunması və Senatda mühakimə edilməsi ilə nəticələnə bilər.

Korrupsiya söhbətləri

Özünü korrupsiyaya qarşı mübariz kimi təqdim edən Yovanovitch deyib ki, onun bu sahədəki fəaliyyəti bir sıra ukraynalıların xoşuna gəlmirdi.

Keçmiş səfir bildirib ki, onun Kiyevdəki postundan uzaqlaşdırılmasında belə elementlər və Trump-ın şəxsi vəkili Rudy Giuliani kimi müttəfiqləri xüsusi rol oynayıblar.

60 yaşlı xanım Yovanovitch-in adının Trump-ın Ukrayna prezidenti Volodymyr Zelenskiy ilə 25 iyul tarixli telefon danışığında hallandırıldığını göstərən Ağ Ev memosu üzə çıxandan sonra keçmiş səfir prezidentə qarşı impiçment araşdırmasının mərkəzi fiquruna çevrilib.

İddia edildiyinə görə həmin telefon danışığı zamanı Ukraynaya çatacaq 400 milyon dollarlıq hərbi yardımı dayandıracağı ilə hədələyən Trump, Ukrayna liderindən onun ölkəsində keçmiş vise-prezident Joe Biden və onun oğluna qarşı cinayət araşdırmasının keçirilməsini tələb edib.

Demokrat Joe Biden 2020-ci il prezident seçkisində Trump-ın əsas rəqibi ola bilər.

“Birləşmiş Ştatların keçmiş səfiri, bu qadın...”

Səfirin geri çağırılmasından bir neçə həftə sonra yer almış həmin telefon söhbətində Donald Trump-ın belə dediyi iddia edilir:

“Birləşmiş Ştatların keçmiş səfiri, bu qadın, çox pis idi. O burada bəzi çək-çevirlərdən keçməli olacaq”.

Yovanovitch noyabrın 15-də deyib ki, o adının başqa bir xarici liderlə telefon söhbətində hallandırılmasından “sarsılıb və şoka düşüb”.

Keçmiş səfir deyib ki, o buna hələ də inana bilmir.

Trump-ın “o burada bəzi çək-çevirlərdən keçməli olacaq” sözləri ilə nə demək istədiyi barədə suala keçmiş səfir “bu mənə bir hədə kimi səslənir” cavabını verib.

Respublikaçı Lee demokratların Yovanovitch-ə Trump-ın telefon zəngi barədə suallar verməsinə etiraz edib və deyib ki, demokratlar “onu kamera qarşısında ağlatmağa “ çalışırlar.

Yovanovitch ifadəsində bunu da vurğulayıb ki, ötən bir neçə ayın hadisələri belə bir kritik məqamda Vaşinqtonun Ukrayna siyasətini “qatmaqarışıqlığa” salıb.

O habelə bildirib ki, bundan Dövlət Departamenti də ruh düşgünlüyü keçirir.

Keçmiş səfir deyib ki, adamlarda “ondan tələb ediləni verməyən Amerika səfirinin işdən çıxarılmasının necə asan olduğu barədə təsəvvür yaranıb”.

Uotergeyt xəyalları

Nümayəndələr Palatası Kəşfiyyat Komitəsinin vəzifəli respublikaçı üzvü Devin Nunes noyabrın 15-də deyib ki, demokratlar 25 iyul telefon söhbətindən “özlərinin Uotergeyt xəyallarının gerçəkləşdirilməsi” üçün istifadə edirlər.

Devin Nunes
Devin Nunes

Nunes habelə Yovanovitch-in “sübutlu şahid” olmadığını deyib, beləki keçmiş səfir 25 iyul telefon söhbətinin təşkilində iştirak etməyib.

Lakin açıq dinləmələrin ikinci günündə demokratlar Trump-ın Kiyevə hərbi yardımın verilməsi müqabilində Ukrayna prezidentindən Joe Biden və onun oğlu barəsində cinayət araşdırmasına başlanmasını istəməsi barədə latınca “quid pro quo” (əl əli yuyar, əl də üzü) ibarəsindən bir qədər də irəli gediblər.

Nümayəndələr Palatasının demokrat spikeri Nancy Pelosi noyabrın 14-də keçirilən mətbuat konfransında bunu sadəcə olaraq “rüşvət” adlandırıb.

ABŞ Konstitusiyasına görə “xəyanət, rüşvət və ya başqa ağır cinayətlər və bəd əməllər” impiçmentə layiq hərəkətlər hesab olunur.

Tənqidçilər deyirlər ki, ABŞ prezidenti Ukraynanı Rusiyanın mərhəmətinə möhtac vəziyyətdə qoyub.

Ağ Ev və prezidentin tərəfdarları Trump-ın əməllərində impiçmentlik heç nə olmadığında israr edirlər.

Amma onlardan bəziləri Zelenskiy ilə telefon söhbətinin “məqsəduyğun olmadığını” etiraf edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG