İranın vilayət rəsmisi xarici medianı Əhvaz şəhərində populyar şairin dəfnini antihökumət etirazları kimi qələmə verməkdə suçlayıb.
Sosial mediada yayılmış həvəskar videolarda küçələrdə etiraz edən onlarla adam görünür. Videolarda həmin etirazların neftlə zəngin Xuzestan vilayətinin paytaxtı, ölkənin cənub-qərbində yerləşən Əhvazda şair Həsən Heydərinin ölümündən sonra baş verdiyi qeyd olunur.
Heydərinin qıcolmadan əziyyət çəkdiyi, yerli xəstəxanada dünyasını dəyişdiyi bildirilir.
AzadAvropa/AzadlıqRadiosu bu məlumatları müstəqil şəkildə təsdiqlədə bilməyib.
“Şəhərdə sakitçilikdir”
Xuzestanın təhlükəsizlik məsələləri üzrə başçısı Reza Nəcəfi noyabrın 11-də deyib ki, Heydəri iflicdən, ürəktutmasından ölüb və etirazlar kimi qələmə verilən aksiyalar isə əslində onun dostları və tərəfdarlarının yığışdığı anım mərasimidir.
Onun sözlərinə görə, Heydərinin tərəfdarları və izləyiciləri başsağlığı verməkdən ötrü regiona gediblər.
20 yaşlarında olan Heydəri ötən il həbs olunub, sonradan zaminə buraxılıb. Ona ittihamlar açıqlanmırdı. İranda ziyalı və fəallar tənqidi baxışlarına görə hədə sayılaraq mütəmadi saxlanır.
Xuzestanın Şadeqan dairəsinin valisi də regionda iğtişaş olmadığını deyib.
“Hazırda Şadeqanda təhlükəsizlik durumu optimaldır və şəhərdə sakitçilikdir”, – qubernator Saeed Hajian Mehr xəbər agentliyinə deyib.
O, “bir qrup adam”ın etiraz etdiyini, ancaq polisin durumu “nəzarətə aldığını” vurğulayıb.
Etnik ərəb azlığının yaşadığı Xuzestanda keçmişdə iğtişaşlar olub, hökumətsə etirazçılara divan tutub.
İranda etnik azlıqlar, o cümlədən azərbaycanlılar dövlət tərəfindən ayrıseçkiliyə məruz qaldıqlarını deyirlər.
Ötən ilin noyabrında Amnesty International hüquq-müdafiə təşkilatı etnik ərəb azlığının yüzlərlə üzvü barədə informasiya istəyib. Onların Əhvazda onlarla adamın ölümünə səbəb olmuş hücumdan sonra izsiz-soraqsız yoxa çıxdığı bildirilir. İran həmin hücuma görə separatçı qrupu ittiham edib.