Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:18

Daha bir AXCP fəalı 'söyüşə görə' hakim qarşısında


Bakı Apellyasiya Məhkəməsi

10 gün öncə Bakı Apellyasiya Məhkəməsinin qarşısında həbs olunan AXCP fəalı Emin Maniyev noyabrın 8-də elə həmin məhkəmədə hakim önünə çıxarılıb. Hakim Elmar Rahimov cəbhəçi gəncin 30 günlük inzibati həbsi barədə qərardan verilən şikayətə baxıb.

Yasamal rayon Məhkəməsinin qərarında yazılıb ki, E.Maniyev məhkəmənin qarşısında söyüş söyüb, polislər onu intizama dəvət edib, o isə məhəl qoymayıb.

Vəkili Zibeydə Sadıqova deyib ki, Eminin necə saxlandığının şahidi olan insanlar var, onun tutulmasını videoya çəkiblər. Vəkil vəsatət qaldırıb ki, o adamlar dindirilsin, videoya baxılsın: «Bu zaman məlum olacaq ki, Emin Maniyev məhkəmənin binasından çıxan kimi saxlanılıb. Nə söyüş söyüb, nə də kiməsə müqavimət göstərib».

Vəsatətlər təmin olunmayıb. Emin özü də deyir ki, həmin gün məhkəməyə «Azadlıq» qəzetinin əməkdaşı kimi digər AXCP üzvləri Cabbar Savalanlı və Abdulla Mahmudovun işi üzrə prosesi işıqlandırmağa gəlmişdi. Ətrafdakı mülkigeyimli şəxslərin onu izlədiyini də hiss etmişdi: «Hətta bir məqamda gördüm ki, əl ilə işarə edib, biri digərinə məni göstərir. Məhkəmənin binasından çıxan kimi də tutdular».

E.Maniyevin sözlərinə görə, onu öncə Yasamal rayon Polis İdarəsinə, sonra da 28-ci polis bölməsinə aparıblar. Orada haqqında protokol tərtib ediblər. O, xuliqanlıq və polisə müqavimətdə ittiham olunub.

«Yasamal rayon Məhkəməsinin qərarında yazılıb ki, guya özünü təqsirli bilib. Halbuki, əksinə, o, yazılanlarla razılaşmadığına görə inzibati xəta protokolunu imzalamaqdan imtina edib», - vəkil belə deyib.

Hakim Elmar Rəhimov apellyasiya şikayətini təmin etməyib. E.Maniyevi xuliqanlıq və polisin qanunu tələbinə tabe olmamaqda suçlu bilən Yasamal rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Son bir ayda AXCP-nin 20-yə qədər fəalı «küçədə söyüş söymə və bu zaman intizama dəvət edən polisin qanuni tələbinə tabe olmama» ittihamı ilə həbs olunub. Partiya fəalları bunu qəbul etmir, mitinqlərdə iştiraklarının qarşısını almaqdan ötrü saxta ittihamla həbs edildiklərini deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG