Keçid linkləri

2024, 09 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 22:18

Türkiyə Bağdadinin bacısını ələ keçirdiyini deyir


Əbu Bəkr əl-Bağdadi
Əbu Bəkr əl-Bağdadi

Türkiyə İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının öldürülmüş lideri Əbu Bəkr əl-Bağdadinin (Abu Bakr al-Bahgdadi) böyük bacısını noyabrın 4-də ələ keçirdiyini deyir. Bu haqda “Reuters” və “AP” Türkiyənin anonimlik şərtilə danışan rəsmisinə istinadla xəbər verir.

65 yaşlı Rəsmiyə Avad (Rasmiya Awad), əri, gəlini və beş uşaqla birlikdə saxlanıblar. Onlar Suriyanın şimal-qərbində Türkiyənin nəzarətində olan Azaz şəhəri yaxınlığında qoşma vaqonda yaşayırmışlar.

Rəsmi bu həbsi “qızıl mədəni” adlandırıb, ümidini bildirib ki, “Bağdadinin bacısından İŞİD-in içəriləri haqda xeyli kəşfiyyat məlumatı əldə olunacaq”.

Əl-Bağdadinin bacısı haqda mövcud məlumat çox deyil.

Onun ölümündən sonra Əbu İbrahim əl-Haşimi əl-Qureyşi (Abu Ibrahim al-Hashemi al-Qurayshi) adlı şəxs oktyabrın 31-də ekstremist qrupun yeni lideri elan olunub.

2014-cü ildən İŞİD-ə başçılıq etmiş Bağdadi oktyabrın 26-da Suriyanın İdlib vilayətində ABŞ xüsusi qüvvələri tərəfindən qətlə yetirilib.

Qureyşinin kimliyi hələlik bəlli deyil, çünki İŞİD adətən liderlərini tayfa, nəsil mənsubiyyətinə görə müəyyənləşdirir. Bu adlar tez-tez dəyişir.

Son bir neçə ildə ABŞ-ın rəhbərlik etdiyi hərbi əməliyyat nəticəsində İŞİD Suriya və İraq nəzarətini itirib. Ancaq bu qruplaşma yenə də təhlükəsizlik hədəsi kimi qalır.

XS
SM
MD
LG