Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 13:34

Qorbaçov: Rusiyayla Qərb arasında Berlin divarı çəkməyin


Ronald Reagan (sağda) və Mikhail Gorbachev, arxiv fotosu
Ronald Reagan (sağda) və Mikhail Gorbachev, arxiv fotosu

Sovet İttifaqının sonuncu lideri Mixail Qorbaçov (Mikhail Gorbachev) xəbərdarlıq edir ki, Rusiyayla Qərb arasında fiziki, yaxud gözəgörünməz yeni divar çəkilməsin. “Reuters” informasiya agentliyi Berlin divarının yıxılmasının 30 illiyi münasibətilə keçmiş liderdən yazılı müsahibə alıb. Şərqi və Qərbi Almaniya arasındakı Berlin divarı 1989-cu il noyabrın 9-da açılıb.

Qorbaçov Moskvanın Soyuq Müharibə dövründəki düşməni Vaşinqtonu dünyanı təhlükəsiz etmiş nüvə silahlarına nəzarət mexanizmini dağıtmaqda suçlayıb.

Hazırda 88 yaşı olan Qorbaçov Berlin divarının yıxılmasında, Soyuq Müharibənin bitməsində əsas rol oynayıb. O zaman o, Sovet Kommunist Partiyasının lideri idi, sonradan qısa müddətə Sovet İttifaqının prezidenti oldu.

Qorbaçov mərkəzi və şərqi Avropa ölkələrindən sovet qoşunlarını çıxardı və ovaxtkı Almaniya Demokratik Respublikasının (GDR) daxili işlərinə qarışmayacağını elan etdi.

1989-cu il noyabrın 9-da gecə Şərqi Almaniya sərhədçiləri Berlin divarında keçid məntəqələrini açdı və Berlinin şərqində yaşayanlar qərbə axışdı.

Vaşinqtondan narazıdır

Hazırda səhhətində davamlı problemlər olan Qorbaçov deyib ki, Şərqlə Qərbin münasibətlərindəki qorxulu durumdan narahatdır, özəlliklə də Vaşinqton və Moskva arasında nüvə silahları ilə bağlı dialoqun olmamasından.

O, Vaşinqtonun 1987-ci ildə imzalanmış nüvə qüvvələri sazişindən çıxmasını qeyd edib. Həmin sazişi Qorbaşov ABŞ-ın ovaxtkı prezidenti Ronald Reyqanla (Ronald Reagan) imzalayıb.

ABŞ Prezidenti Donald Trump-ın avqustda sazişdən çıxmaq qərarı “böyük ağlın məhsulu olmayıb”, – Qorbaçov deyib.

Ancaq ABŞ-ın xarici siyasətini tənqid etməsinə baxmayaraq, Qorbaçov Şərq-Qərb ziddiyyətlərini formallaşdırmaq məqsədilə Berlin divarına oxşar sədd çəkməməyə çağırıb.

“İstənilən divar real problemi həll etməməklə özünü ondan kənarlaşdırmaq cəhdidir, ona görə də divarlara qarşıyam. Avropada da hər hansı ayırıcı xətlərin, yaxud Dəmir Pərdələrin əleyhinəyəm”, – Qorbaçov deyib.

“Hazırkı durumun nə dərəcədə təhlükəli olmasına baxmayaraq, Soyuq Müharibənin təkrarlandığını düşünmürəm. Rusiya və Qərb arasında ideoloji mübarizə yoxdur. İqtisadi əlaqələr, hərəkət azadlığı, kommunikasiya, mədəni yaxınlaşma var. Yeni Soyuq müharibədən qaçmağın mümkünlüyündən əminəm”, – o vurğulayıb.

Hazırda Qorbaçov ictimaiyyət arasında az-az görünür. Ötən ilin noyabrında Moskvada özü barədə sənədli filmə baxmağa köməkçilərinin yardımı ilə getmişdi.

XS
SM
MD
LG