Keçid linkləri

2025, 19 May, Bazar ertəsi, Bakı vaxtı 23:33

Dünya xəbərləri

Rusiya 2016-cı ildə azı bir seçicinin ‘fikrini dəyişdirib’

John Brennan
John Brennan

Rusiyanın ABŞ-da 2016-cı il prezident seçkisinə müdaxiləsi nəticəsində azı bir seçici fikrini dəyişib. Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş direktoru John Brennan deyir. Ancaq o, Rusiyanın maxinasiyalarının səsvermənin nəticəsinə təsir göstərdiyini söyləməyib.

Brennan oktyabrın 30-da Vaşinqtonda Milli Mətbuat Klubunda çıxış edib. O deyib ki, “Rusiyanın cəhdləri sayəsində azı bir seçicinin fikrini dəyişməsindən şəxsən” əmindir.

“Söhbət bir seçicidən gedir, yoxsa bir milyondan, bilmirəm”, – o deyib. Tədbirdə digər keçmiş kəşfiyyat rəsmiləri də iştirak edib.

Brennan 2013-2017-ci illərdə, keçmiş demokrat prezident Barack Obama administrasiyası dövründə MKİ direktoru vəzifəsində çalışıb

ABŞ-da bir sıra rəsmi təhqiqatlar Rusiya hakerləri və trollarının 2016-cı il seçkisindən öncə müxtəlif kanallarla ictimai fikrə təsir göstərməyə çalışdığı qənaətinə gəlib.

Kreml isə ittihamları rədd edib.

Brennan deyir ki, bu kampaniyanın müəyyən təsiri olmasından əmindir.

“Nə qədər, hansı ştatlarda, bilmirəm. Nəticəni dəyişə bilibmi, bilmirəm”, – deyən Brennan MKİ-nin müdaxilə kampaniyasının səsverməyə təsirini “dəyərləndirməyini” vurğulayıb.

Bütün xəbərləri izləyin

Tramp Putinə zəng etdi. Nə danışdılar?

D.Tramp və V.Putin
D.Tramp və V.Putin

"Rusiya Ukrayna tərəfi ilə gələcəkdə mümkün sülh müqaviləsi ilə bağlı memorandum üzərində işləməyə hazırdır". Bunu Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığından sonra bildirib.

O vurğulayıb ki, bu sənəddə nizamlanma prinsipləri arasında "müvafiq razılaşmalar əldə olunarsa, müəyyən müddətə mümkün atəşkəs" də yer alacaq.

Putinin sözlərinə görə, Rusiya və Ukrayna bütün tərəfləri qane edəcək kompromislər tapmalıdır.

O, Trampla söhbəti "konstruktiv" və "faydalı" adlandıraraq Rusiya üçün əsas məsələnin hələ də "böhranın köklü səbəblərini aradan qaldırmaq" olduğunu bildirib.

Kremlin mətbuat katibi Dmitri Peskov Putinin Trampla söhbətini şərh edərkən ABŞ prezidentinin Ukraynadakı münaqişə ilə bağlı mövqeyini "kifayət qədər neytral" adlandırıb, eyni zamanda Avropa ölkələrini "açıq-aşkar Ukraynayönlü" mövqedə günahlandırıb.

Tramp: Rusiya və Ukrayna "dərhal" danışıqlara başlayacaq

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə iki saatdan çox söhbətinin "çox yaxşı" keçdiyini bildirib. Bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.

Trampın sözlərinə görə, Rusiya və Ukrayna dərhal atəşkəs və "daha da önəmlisi müharibənin dayandırılması" ilə bağlı danışıqlara başlayacaq. "Roma Papasının şəxsində Vatikan danışıqlara ev sahibliyi etməkdə çox maraqlı olacağını bildirib", - o əlavə edib.

Bundan əvvəl ABŞ vitse-prezidenti Ceyms Devid Vens Ukraynada müharibəyə son qoymaq üçün danışıqların dalana dirəndiyini, Ağ ev isə Trampın münaqişənin hər iki tərəfindən yorulduğunu və məyus olduğunu bildirmişdi.

Trampın xüsusi nümayəndəsi Keyt Kelloq bildirib ki, Birləşmiş Ştatların Ukraynadakı münaqişənin həlli planının 22 bəndindən birincisi "hərtərəfli" atəşkəsdir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, Moskva Ukraynada uzunmüddətli dinc nizamlanma yollarının ciddi axtarışına köklənib, lakin onunla "ultimatum dili ilə" danışmaq olmaz.

Xatırlatma

2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. 11 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu.

2022-ci ildə prezident V.Putin Ukraynanın dörd vilayətinin (Donetsk, Luqansk, Zaporojye və Xerson) Rusiyanın tərkibinə qəbulu haqqında konstitusiya qanununu imzalayıb.

Hazırda Ukrayna ərazisinin 20 faizindən çoxu, o cümlədən Luqansk vilayəti tam, Donetsk, Zaporojye və Xerson vilayətlərinin isə çox hissəsi işğal altındadır.

'Amnesty International' Rusiyada 'arzuolunmaz təşkilat' elan edilib

Rusiya Baş Prokurorluğu 'Amnesty International' beynəlxalq insan haqları təşkilatını "arzuolunmaz" təşkilat elan edib.

Dövlət qurumu iddia edir ki, təşkilatın Londondakı mənzil-qərargahı Ukraynanın "himayədarları tərəfindən maliyyələşdirilən qlobal rusofob layihələrin hazırlanma mərkəzi"dir. Baş Prokurorluq hesab edir ki, 'Amnesty International'ın üzvləri "ekstremist" təşkilatları dəstəkləyir və "xarici agentlərin" fəaliyyətini maliyyələşdirir.

2025-ci ilin martında 'Amnesty International' illik hesabatını dərc edib. Həmin hesabatda bildirilib ki, Rusiya hakimiyyəti ukraynalı hərbi əsirləri və girov mülki şəxsləri işgəncələrə, xarici aləmlə əlaqəsiz şəkildə uzun müddət həbsdə saxlamağa, zorla yoxa çıxarma hallarına və digər qeyri-insani rəftarlara məruz qoyub. Hüquq müdafiəçiləri bildirirlər ki, belə rəftar hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə bərabərdir.

'Amnesty International' 1961-ci ildə Böyük Britaniyada yaradılmış beynəlxalq qeyri-hökumət təşkilatıdır. Onun işi, internet səhifəsində qeyd edildiyi kimi, insan hüquqları problemlərinin yerlərdə araşdırılması və təhlili, beynəlxalq həmrəylik kampaniyaları və insan hüquqlarının inkişafı üçün hökumətlər və vətəndaş cəmiyyəti ilə qarşılıqlı əməkdaşlıqdan ibarətdir.

Lavrov Yerevana gəlir

Sergey Lavrovla Ararat Mirzoyan bu ilin yanvarında Moskvada görüşüb
Sergey Lavrovla Ararat Mirzoyan bu ilin yanvarında Moskvada görüşüb

Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 20-21-də Ermənistanda işgüzar səfərdə olacaq. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, o, ermənistanlı həmkarı Ararat Mirzoyan, baş nazir Nikol Paşinyan və prezident Vahaqn Xaçaturyanla görüşlər keçirəcək.

"Tərəflər regional təhlükəsizlik məsələləri, xüsusilə Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə nizamlanması üzrə ətraflı fikir mübadiləsi aparacaqlar", - Rusiya XİN-in məlumatında bildirilib.

Xatırlatma

Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi. 2020-ci il 44 günlük müharibə və 2023-cü ilin sentyabrında Qarabağdakı birgünlük hərbi əməliyyatlardan sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Azərbaycan birgünlük əməliyyatı "antiterror tədbirləri", Yerevan isə "etnik təmizləmə" adlandırıb. Həmin əməliyyatdan sonra bölgənin erməni əhalisi Ermənistana köç edib.

Bakı və Yerevan sülh sazişi imzalamayıb. Danışıqlar Vaşinqton, Avropa İttifaqı və Rusiyanın vasitəçiliyi ilə davam etdirilib.

Britaniya diplomatı İran Xarici İşlər Nazirliyinə çağrılıb

Tehranda Böyük Britaniya səfirliyinin darvazasında anti-Britaniya şüarları. (Foto arxiv)
Tehranda Böyük Britaniya səfirliyinin darvazasında anti-Britaniya şüarları. (Foto arxiv)

Böyük Britaniyanın Tehrandakı müvəqqəti işlər vəkili İranın Xarici İşlər Nazirliyinə çağırılıb. Bu addım Londonun üç iranlını xarici casus agentliyinə Britaniya ərazisində fəaliyyət göstərməyə yardım etməkdə ittiham etməsindən sonra atılıb. Hadisə iki ölkə arasında münasibətlərin daha da pisləşdiyi bir vaxta təsadüf edir.

London sakinləri olan bu üç nəfər mayın 3-də həbs edilib və mayın 17-də onlara qarşı ittiham irəli sürülüb.

İran mediası mayın 19-da bildirib ki, Böyük Britaniya diplomatı həbslər və İran İslam Respublikasına qarşı irəli sürülən "əsassız" ittihamlarla bağlı izahat vermək üçün çağırılıb.

Britaniyanın terrorla mübarizə xidməti ötən həftəsonu 39 yaşlı Mustafa Sepahvənd, 44 yaşlı Fərhad Cavadi Maneş və 55 yaşlı Şapur Qalehali Xani Nurini 2024-cü ilin avqustun 14-dən 2025-ci ilin fevralın 16-na qədər "xarici kəşfiyyat xidmətinə kömək edə biləcək" davranışlarda ittiham edib.

Britaniya polisi sözügedən xarici kəşfiyyat xidmətinin İrana məxsus olduğunu bildirib.

İlkin məhkəmə zamanı prokurorlar iddia ediblər ki, bu üç şəxs İran hökumətini tənqid edən "Iran International" yayım şirkətinin Britaniyada yaşayan jurnalistlərini hədəf alıb.

Bu ittihamlar polisin mayın əvvəlində yeddi iranlı da daxil olmaqla səkkiz nəfəri iki ayrı əməliyyatda həbs etməsindən sonra gəlir.

Polis həmin əməliyyat çərçivəsində saxlanılanların sərbəst buraxıldığını, lakin istintaqın hələ da açıq qaldığını bəyan edib.

İrana səyahət edən britaniyalı cütlüyün fevral ayında casusluqda ittiham olunmasından sonra Tehran və London arasında münasibətlər pisləşib. Kreyq və Lindsi Foreman cütlüyünün İranda həbs olunduqları zaman motosikletlə dünya səyahətinə çıxdıqları bildirilir.

Britaniya mediası yazır ki, onlar dekabrın 30-da Ermənistandan İrana daxil olub və beş gündən sonra Pakistan sərhədi ilə ölkəni tərk etmək niyyətində olublar. Onlar Təbriz, Tehran və İsfahanda qalıblar.

Britaniya hazırda öz vətəndaşlarına heç bir halda İrana səfər etməməyi tövsiyə edir və həbs, sorğu-sual və ya saxlanma riskini əsas gətirir.

Beynəlxalq insan haqları qrupları İranı "girov diplomatiyası"nda, xarici və ikili vətəndaşları Qərblə münasibətlərdə təsir rıçaqları kimi istifadə etməkdə ittiham edir.

Polşa Rusiyaya gedən 'Boeing' təkərlərini müsadirə edib - alıcısı Azərbaycan şirkətidir

Boeing 737
Boeing 737

Polşanın Milli Gəlir İdarəsi (NRA) mayın 19-da bildirib ki, gömrük xidmətinin əməkdaşları Belarus vasitəsilə Rusiyaya gedən mülki "Boeing" təyyarələri üçün nəzərdə tutulmuş beş tonluq şin partiyasını ələ keçirib.

"Koroşində bir yük maşınına baxış zamanı əməkdaşlar müəyyən ediblər ki, sürücü bəyan edilmiş minik və avtobus şinləri əvəzinə "Boeing" mülki təyyarələrində istifadə olunan şinləri daşıyırmış", - NRA-nın açıqlamasında bildirilib.

Koroşin Polşanın şərq sərhədində yerləşir və Belarusun Brest şəhəri ilə qonşudur.

"Malların göndəricisi İspaniya şirkəti, alıcısı isə Azərbaycan şirkəti olub. Gömrük saxtakarlığı ilə bağlı cinayət işi başlanılıb. Sanksiyaya məruz qalmış mallar saxlanılıb", - idarə əlavə edib.

Prezident Vladimir Putinin Ukraynaya qarşı genişmiqyaslı işğal əmri verdiyi vaxtdan bəri Qərb ölkələri Rusiya əleyhinə bir neçə mərhələdə sanksiyalar tətbiq ediblər. Eləcə də, onlarla xarici şirkət Rusiya bazarını tərk edib.

Mediada yayılan məlumatlara görə, məhdudiyyətlərə baxmayaraq, Moskva bəzən hərbi məqsədlər üçün kritik əhəmiyyətli mallar və texnologiyalar əldə etməyə davam edir.

Rusiya Estoniya limanından çıxan tankeri saxlayıb

Baltik dənizində patrul gəmisi
Baltik dənizində patrul gəmisi

Rusiya Baltik dənizindəki ərazi sularında "Green Admire" neft tankerini saxlayıb. Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb ki, həmin gəmi Estoniyanın Sillаmyaye limanını tərk edərək razılaşdırılmış marşrut üzrə hərəkət edirmiş.

Liberiya bayrağı altında üzən tanker Yunanıstanın "Aegean Shipping" şirkətinə məxsusdur. O, mayın 17-də axşam Sillаmyayeni tərk edib və gecə yarısından sonra rusiyalılar tərəfindən dayandırılıb. Bu barədə Estoniyanın ERR telekanalı məlumat yayıb.

Daha sonra gəmi Qoqland adasına doğru hərəkət edib və orada lövbər salıb. Şist yağı daşıyan tankerin son təyinat məntəqəsi — Rotterdamdır. Gəmilərin hərəkətini monitorinq edən "Marinetraffic" xidməti sözügedən tankerin hazırda Hoqland yaxınlığında olduğunu təsdiqləyir.

Estoniya Xarici İşlər Nazirliyi bəyan edib ki, tankerin marşrutu təhlükəsizlik məqsədlərinə uyğun seçilmiş və Rusiya, Estoniya və Finlandiya arasında olan razılaşma çərçivəsində təsdiqlənmişdi. Belə halların qarşısını almaq üçün Estoniya Sillаmyaye limanına hərəkəti yalnız öz ərazi suları vasitəsilə yönəltmək niyyətindədir.

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna mayın 18-də X hesabında bildirib ki, "Rusiya özünü hələ də proqnozlaşdırıla bilməyən şəkildə aparır".

Mayın 14-də Estoniya Hərbi Dəniz Qüvvələri Rusiyanın "kölgə donanması" ilə əlaqədə şübhəli bilinən "Jaguar" tankerini Baltik dənizinin beynəlxalq sularda dayandırmağa cəhd edib. Gəmi əmrə tabe olmayıb. Estoniya tankeri saxlamaq üçün helikopter, təyyarə və dəniz patrul katerindən istifadə edib. Buna cavab olaraq Rusiya qırıcısını göndərib, o, NATO hava məkanına daxil olub və tankeri Leninqrad vilayətindəki Primorsk limanına müşayiət edib.

Baydenə prostat xərçəngi diaqnozu qoyulub

Co Bayden
Co Bayden

ABŞ-nin keçmiş prezidenti Co Baydenə prostat xərçənginin "aqressiv forması" diaqnozu qoyulub və o, ailəsi ilə müalicə variantlarını nəzərdən keçirir. Mayın 18-də eks-prezidentin ofisi bu barədə məlumat yayıb.

Ofisin yaydığı açıqlamada bildirilib ki, mayın 16-da Baydenə bu diaqnoz qoyulub.

"Keçən həftə prezident Co Bayden sidik ifrazında artan simptomlarla üzləşdikdən sonra prostat vəzində yenidən aşkarlanan düyünlə bağlı müayinədən keçib. Cümə günü ona prostat xərçəngi diaqnozu qoyulub – Qlison şkalasına görə 9 bal ilə qiymətləndirilən və sümüyə metastaz verən bir forma", – açıqlamada deyilir.

"Bu, xəstəliyin daha aqressiv bir formasını təmsil etsə də, xərçəngin hormonlara həssas olduğu görünür ki, bu da onun effektiv idarə olunmasına imkan verir", – prezidentin ofisi əlavə edib.

Prezident Barak Obamanın dövründə səkkiz il vitse-prezident vəzifəsində çalışmış və 2020-ci ildə prezident seçkilərində Donald Trampı məğlub edən Bayden seçki kampaniyası zamanı Trampa qarşı zəif müzakirələr - yaddaş itkisi ilə bağlı tənqidlərə görə yenidən seçilməkdən imtina edib və namizədliyini geri götürüb.

Onun prezidentlik müddəti yanvarın 20-də başa çatıb, Tramp Kamala Harris üzərində qələbə qazandıqdan sonra vəzifəyə başlayıb. Harris prezident Baydenin vitse-prezidenti olub.

Baydenə qarşı tez-tez şəxsi təhqirlər səsləndirən Tramp mayın 18-də bildirib ki, o və Birinci xanım Melaniya "Co Baydenin son tibbi diaqnozu ilə bağlı xəbərdən kədərləniblər".

"Co döyüşçüdür və onun bu çətinliklə həmişəki gücü, dözümlülüyü və nikbinliyi ilə üzləşəcəyini bilirəm. Bunlar onun həyatını və liderliyini daim səciyyələndirən xüsusiyyətlər olub", - Harris yazıb.

Obama isə yazıb: "Mişel və mən Bayden ailəsini düşünürük… Əminəm ki, Co bu çətinliyə özünəməxsus qətiyyət və ləyaqətlə sinə gərəcək".

AP-nin məlumatına görə, prostat xərçənginə Qlison şkalası verilir – bu şkala xərçəng hüceyrələrinin normal hüceyrələrlə müqayisədə necə göründüyünü ölçür və 1-dən 10-a qədər qiymətləndirilir. Baydenin 9 ballıq göstəricisi onun xərçənginin ən aqressiv formaya yaxın olduğunu göstərir.

Metastaz vermiş xərçəng müalicəsi daha çətin olan növdür, çünki dərmanların bütün şiş ocaqlarına çatması və xəstəliyi tamamilə aradan qaldırması çətin olur.

Bununla belə, Baydenin diaqnozunda olan xərçəng növü hormonların təsiri ilə böyüyür, bu da şişləri həmin hormonlardan məhrum edən müalicə üsullarına qarşı həssas ola biləcəyini göstərir.

Papa XIV Leo vəzifəsinin icrasına başladı

Roma Papası XIV Leo
Roma Papası XIV Leo

Mayın 18-də Vatikanda Papa XIV Leonun taxta çıxma mərasimi keçirilib və o, rəsmən pontifik vəzifəsinin icrasına başlayıb.

267-ci Roma Papasının taxta çıxma mərasimində 150-dən çox ölkədən nümayəndə iştirak edib. Qonaqlar arasında ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens, ABŞ dövlət katibi Marko Rubio, Ukrayna prezidenti Volodimir Zelenski və Peru prezidenti Dina Boluarte də olub. Yeni pontifik bir neçə onilliklər ərzində Peruda missioner və yepiskop kimi fəaliyyət göstərib.

Papa Fransiskin vəfatından sonra mayın 8-də 69 yaşlı amerikalı kardinal Robert Frensis Prevo yeni Papa seçilib. O, XIV Leo adını alıb. Bazar günü, mayın 11-də Müqəddəs Pyotr meydanında ilk dəfə çıxış edən Papa XIV Leo Ukraynada " həqiqi və davamlı" sülhə çağırış edib.

Mərasimdən sonra yeni Roma Papası Ukrayna prezidenti V.Zelenski ilə təkbətək görüşüb. Zelenski Rusiyanın Ukraynaya qarşı təxminən 39 aydır davam edən müharibəsində döyüşləri dayandırmağa kömək etmək üçün Roma Katolik Kilsəsinin rəhbərinə müraciət edib.

"Şəhid Ukrayna, nəhayət ki, ədalətli və davamlı sülh üçün danışıqların baş tutmasını gözləyir", - Leo mərasimdən sonra duada deyib.

"Biz Ukrayna və Rusiya arasında birbaşa danışıqlar platformasına çevrilməyə hazır olduğuna görə Vatikana təşəkkür edirik. Real nəticələr naminə istənilən formatda dialoqa hazırıq", - Zelenski görüşdən sonra bildirib.

BBC və 'Mediazona': Ukrayna ilə müharibədə 108 min Rusiya hərbçisi ölüb

Rusiya ordusu
Rusiya ordusu

"BBC News"un Rusiya xidməti və "Mediazona"nın jurnalistlərdən və könüllülərdən ibarət komandası Ukraynada genişmiqyaslı müharibədə həlak olan 108 min 608 Rusiya hərbçisinin adını müəyyənləşdirib.

Siyahıda 10 general, 524 polkovnik və polkovnik-leytenant olmaqla 5 mindən çox zabitin adı var.

Araşdırmaya görə, ölümü təsdiqlənmiş hər dörd hərbçidən biri müharibə başladıqdan sonra Rusiya ordusunda xidmət üçün müqavilə imzalayanlardır.

Ukrayna üçüncü F-16-sını itirib

F-16
F-16

Ukrayna hərbi hava qüvvələri mayın 16-da səhər saatlarında Rusiyanın hava hücumlarına cavab verərkən F-16 qırıcı təyyarəsinin itirilməsi barədə məlumat yayıb.

Bildirilib ki, F-16 qırıcısının göyərtəsində "qeyri-adi vəziyyət" yaranıb. Həmin vaxt qırıcı təyyarə Rusiya ordusunun hava hücumunu - dronları dəf etməkdə iştirak edirmiş və onunla əlaqə kəsilib.

Pilot katapult olunub və qəzaya düşən yerdən təxliyə edilib. Onun vəziyyətinin stabil olduğu və həyatı üçün heç bir təhlükə olmadığı bildirilib.

Bu, müharibənin başlanğıcından bəri itirildiyi məlum olan ABŞ istehsalı üçüncü Ukrayna qırıcı təyyarəsidir. Birincisi 2024-cü il avqustun 26-da Rusiya hava zərbəsini dəf edərkən qəzaya uğrayıb. Qəza nəticəsində pilot həlak olub.

"Amerikanın səsi"nin Ukrayna xidməti o zaman mənbəyə istinadən yazıb ki, istintaqçılar qəzanın səbəbləri arasında Ukrayna hava hücumundan müdafiə sistemlərindən "dost atəşi", texniki nasazlıq və pilot xətasını nəzərdən keçirir.

İkinci F-16 aprelin 12-də döyüş tapşırığını yerinə yetirərkən qəzaya uğrayıb. Moskva təyyarənin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu bildirsə də, Ukrayna bunu təsdiqləməyib.

Ukrayna ilk F-16-larını 2024-cü ilin yayında Qərb müttəfiqlərindən alıb. İndiyədək Ukraynaya bu tipli neçə qırıcının ötürüldüyü gizli saxlanılır.

Hindistan turistləri Azərbaycan və Türkiyəyə səyahətlərini ləğv edirlər

"Ötən il 243 min hindistanlı Azərbaycana səfər edib".
"Ötən il 243 min hindistanlı Azərbaycana səfər edib".

Hindistanla son qarşıdurma zamanı Türkiyə və Azərbaycanın Pakistana dəstək verməsindən sonra hindistanlılar bu ölkələrdəki istirahət məkanlarına planlaşdırılmış tətillərini ləğv edirlər.

Bu barədə "Reuters" Hindistandakı turizm rezervasiya şirkətlərinə istinadən bildirib.

Hindistan Pakistandakı "terror düşərgələri"nə zərbələr endirdikdən sonra ötən həftə Hindistan və Pakistan arasında şiddətli döyüşlər başlayıb. Lakin tərəflər mayın 10-da atəşkəs barədə razılığa gəldiklərini elan ediblər.

Hindistanlılar üçün məşhur və münasib büdcəli istirahət məkanları olan Türkiyə və Azərbaycan Hindistanın hava zərbələrindən sonra İslamabada dəstək ifadə edən bəyanatlar veriblər.

"Son bir həftə ərzində Azərbaycana və Türkiyəyə sifarişlər 60 faiz azalıb, eyni dövrdə ləğvlərin sayı isə 250 faiz artıb", - "'MakeMyTrip" onlayn rezervasiya şirkətinin sözçüsü bildirib.

'EaseMyTrip' şirkətinin baş icraçı direktoru Rikant Pitti isə deyib ki, son geosiyasi gərginliklərə görə platforma üzərindən Türkiyə üzrə səyahət rezervasiyalarının ləğvi 22 faiz, Azərbaycan üzrə isə 30% artıb.

O əlavə edib ki, hindistanlı turistlər indi Gürcüstan, Serbiya, Yunanıstan, Tailand və Vyetnama üstünlük verirlər.

Digər bilet satış platforması olan "ixigo" daha əvvəl X sosial şəbəkəsindəki paylaşımında Türkiyə, Azərbaycan və Çin üçün uçuş və otel sifarişlərini dayandıracağını bildirib.

"EaseMyTrip"in təsisçisi və idarə heyətinin sədri Nişant Pitti X platformasında paylaşımında yazıb ki, ötən il 287 min hindistanlı Türkiyəyə, 243 min nəfər isə Azərbaycana səfər edib.

"Bu xalqlar Pakistanı açıq şəkildə dəstəkləyirsə, biz onların turizmini və iqtisadiyyatlarını gücləndirməliyikmi?", - Pitti sual edib.

Aİ səfirləri Rusiyaya sanksiyaların 17-ci paketini təsdiqləyiblər

Aİ

Avropa İttifaqı (Aİ) səfirləri mayın 14-də Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsi ilə əlaqədar bu ölkəyə qarşı 17-ci sanksiyalar paketini qəbul edib. AzadlıqRadiosunun jurnalisti Rikard Yozvyak bu barədə məlumat verib.

Həmçinin insan hüquqlarının pozulmasında, "hibrid əməliyyatlar" adlandırılan fəaliyyətlərdə və kimyəvi silahların yayılmaması rejiminin pozulmasında ittiham olunan Rusiya vətəndaşlarına qarşı sanksiyalar ayrıca təsdiqlənib.

Aİ xarici işlər nazirlərinin mayın 20-də sanksiyalara yekun təsdiq verəcəyi gözlənilir.

Sanksiya siyahısı hələ dərc edilməyib. KİV-in məlumatına görə, siyahıya onlarla hüquqi və fiziki şəxs, həmçinin Rusiyanın "kölgə donanması"na aid tankerlər daxil olacaq. Bu paketdə sektoral sanksiyalarının genişləndirilməsindən söhbət getmir.

Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen növbəti sanksiyalar paketinin qəbul olunması ilə bağlı razılaşmanı alqışlayıb. Onun sözlərinə görə, yeni sanksiyalar paketi Rusiya üçün "döyüş meydanında istifadə edilən texnologiyalara çıxışı daha da məhdudlaşdırır".

"Biz həmçinin Rusiyanın enerji ixracatını hədəf almaq üçün "kölgə donanması"nın əlavə 189 gəmisini siyahıya salmışıq. Bu müharibə bitməlidir. Kreml üzərində təzyiqi yüksək səviyyədə saxlamağa davam edəcəyik", - Avropa Komissiyasının prezidenti mayın 14-də X platformasındakı paylaşımında bildirib.

Tramp Suriyaya sanksiyaları ləğv edir

ABŞ Prezidenti Donald Tramp Ər-Riyadda Suriyanın keçid prezidenti Əhməd əş-Şaraa ilə əl sıxır.
ABŞ Prezidenti Donald Tramp Ər-Riyadda Suriyanın keçid prezidenti Əhməd əş-Şaraa ilə əl sıxır.

ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı sanksiyaların qaldırılmasına göstəriş verəcəyini bildirib.

Səudiyyə Ərəbistanında investisiya forumunda çıxış edən ABŞ prezidenti "Mən Suriyaya qarşı sanksiyaların dayandırılması barədə göstəriş verəcəyəm ki, onlara yenidən böyümək üçün bir şans verilsin" deyə bildirib.

O, müvafiq qərarı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla vəziyyəti müzakirə etdikdən sonra verdiyini açıqlayıb.

Türkiyənin dövlət xəbər agentliyi "Anadolu" məlumat yayıb ki, Ərdoğan Ər-Riyadda Tramp, Məhəmməd bin Salman və Suriya prezidenti Əhməd əş-Şaraanın bir araya gəldiyi görüşə onlayn qatılıb.

Prezident Tramp sanksiyaların dəqiq nə vaxt götürüləcəyini açıqlamayıb. O əlavə edib ki, "bu həftə" ABŞ dövlət katibi Marko Rubio ilə Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani arasında görüş keçiriləcək.

Dəməşq Trampın sanksiyaların ləğvi ilə bağlı açıqlamasını alqışlayıb. "Bu sanksiyalar daha əvvəl keçmiş diktator Əsəd rejiminə qarşı tətbiq olunsa da və onun süqutuna töhfə versə də, hazırda onlar birbaşa Suriya xalqına təsir göstərir və müharibədən sonrakı bərpa və yenidənqurma prosesinə mane olur", – əş-Şeybani dövlət agentliyi SANA-ya verdiyi müsahibədə bildirib.

ABŞ sanksiyalarının tezliklə ləğvi xəbəri Suriyada sevinclə qarşılanıb. DPA agentliyi xəbər verib ki, Dəməşq, Homs və digər şəhərlərdə suriyalılar kütləvi şəkildə meydanlara çıxıblar.

"The Times" daha əvvəl yazıb ki, Suriya lideri əş-Şaraa Trampa Vaşinqtonun Kiyevlə imzaladığı sazişə bənzər, təbii resurslarla bağlı bir saziş təklif edib. Nəşrin mənbələri bildirib ki, Suriyanın paytaxtında "Tramp Tower"in tikintisi ideyası da müzakirə olunub.

Suriyada Bəşər Əsəd rejimi 2024-cü ilin dekabrında devrilib və keçmiş prezident Rusiyaya qaçıb. Əsəd devrildikdən sonra Əhməd əş-Şaraa Suriyanın keçid prezidenti olub.

Birinci oxunuşdan keçdi-Rusiyadan gedənlərin əmlakına həbs qoyulacaq

Dövlət Duması
Dövlət Duması

Rusiya Dövlət Duması ölkədən kənarda baş versə də, ölkənin maraqlarına qarşı yönələn qanun pozuntularına görə şəxslərin qiyabi olaraq inzibati məsuliyyətə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib. Qanun layihəsinə görə, məsuliyyətə yalnız rusiyalılar deyil, həm də xarici vətəndaşlar cəlb oluna bilər.

2024-cü ilin oktyabrında təqdim edilən qanun layihəsi xaricdə yaşayan rusiyalıların "Rusiya Federasiyasının maraqlarına zidd" sayıla biləcək hərəkətlərə görə cəzalandırılmasını və onların iştirakı olmadan əmlaklarına həbs qoyulmasını təklif edir.

"OVD-İnfo" ilə əməkdaşlıq edən hüquq müdafiəçisi və vəkil Valeriya Vetoşkina "Current Time"a müsahibəsində deyib ki, fikir və mövqe ifadəsinə görə tətbiq olunan inzibati maddələrdə, ümumiyyətlə, əmlaka həbs qoyulması kimi bir müddəa mövcud deyildi. Bundan əlavə, bu cəza artıq mövcud olan cəza tədbirləri ilə müqayisədə qeyri-mütənasibdir.

Qanun layihəsi ilk dəfə 2024-cü ilin oktyabrında Tatarıstan Dövlət Şurası və deputat Ayrat Farraxov tərəfindən müzakirəyə təqdim ediləndə onun tətbiq olunacağı inzibati maddələrin siyahısı göstərilmişdi. RBK xəbər verir ki, qanun layihəsi konkret siyahı olmadan qəbul edilib. Dövlət Dumasının spikeri Vyaçeslav Volodin mayın 11-də Teleqram kanalındakı paylaşımında yazıb ki, söhbət ordunu gözdən salmaq, saxta məlumat yaymaq və söz azadlığından sui-istifadə etmək də daxil olmaqla, "bütün növ" inzibati maddələrlə məsuliyyətə cəlb olunmaqdan gedir.

Tramp Ər-Riyadla 'ən böyük' silah sazişi imzalayıb

Donald Tramp və Məhəmməd bin Salman Ər-Riyaddakı Kral Sarayında imzalanma mərasimi zamanı
Donald Tramp və Məhəmməd bin Salman Ər-Riyaddakı Kral Sarayında imzalanma mərasimi zamanı

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və ABŞ prezidenti Donald Tramp silah tədarükü ilə bağlı böyük saziş imzalayıblar. Bu, mayın 13-də Amerika liderinin Ər-Riyada səfəri çərçivəsində baş tutub.

Sənəddə göstərilir ki, ABŞ Səudiyyə Ərəbistanına 142 milyard dollar dəyərində silah paketi satmağa razıdır. Ağ evin açıqlamasında razılaşma müdafiə sahəsində Vaşinqtonun indiyə qədər imzaladığı "ən böyük əməkdaşlıq sazişi" adlandırılır.

"Reuters"in vurğulamasına görə, saziş havadan və raketdən müdafiə, hərbi-hava qüvvələri, kosmik inkişaf, dəniz təhlükəsizliyi və rabitə kimi sahələrdə ondan çox Amerika hərbi şirkətini əhatə edir.

"Təsdiq olunmuş paket ikitərəfli tərəfdaşlığımızı gücləndirmək öhdəliyimizin bariz nümayişidir", - Tramp administrasiyasından bildirilib.

Səudiyyə Ərəbistanı Amerika silahlarının ən böyük alıcısıdır. "Reuters" yazır ki, əvvəlki prezident Co Baydenin administrasiyası Krallığın İsraillə münasibətlərinin normallaşdırılmasını nəzərdə tutan geniş sövdələşmə çərçivəsində Ər-Riyadla müdafiə paktı bağlamağa cəhd göstərsə də, uğursuz olub.

D.Tramp hazırkı səfəri zamanı şahzadə Məhəmməd bin Salmanı "inanılmaz insan" adlandırıb və əlavə edib ki, iki ölkə arasındakı bağ indi "həmişəkindən daha güclüdür". Səfərdə onu böyük iş adamları, o cümlədən "SpaceX" və "Tesla"nın rəhbəri İlon Mask müşayiət edir.

Trampın dördgünlük Yaxın Şərq turnesinin rəsmi proqramına Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfərlər də daxildir.

Davamı

XS
SM
MD
LG