Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:20

Hacıbala Abutalıbovun sərəncamı ləğv edilib


H.Abutalıbov

Bakının Nəsimi rayonundakı 54 saylı orta məktəbin yaxınlığında aparılan hündürmərtəbəli binanın tikintisi ilə bağlı sərəncam ləğv edilib və tikinti işləri dayandırılıb.

«Turan» agentliyinin xəbərinə görə, bunu bu gün, oktyabrın 28-də Bakı şəhər İcra Hakimiyyətindən bildiriblər.

Məlumata görə, buna qədər isə Təhsil Nazirliyi tədbir görülməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib.

Məlumatda vurğulanır ki, Bakı şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məsul nümayəndələrindən ibarət Komissiya yaradılıb, məktəbdə araşdırma aparıblar: «Müəyyən edilib ki, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən torpaq sahəsi 2008-ci ildə «Bakı Metropoliteni» QSC-nə verilib. Sonradan isə həmin ərazi vətəndaş Azər Əkbərov və Asif Əsədova çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədilə ayrılıb. Araşdırma zamanı məlum olub ki, hər iki halda ərazinin ayrılması Əmlak Məsələləri Dövlət Komitəsinin və digər aidiyyəti tərəflərin rəyi alınmadan həyata keçirilib».

Bildirildiyinə görə, Komissiya tikinti işlərinin məktəbə çox yaxın yerdə aparıldığını və ictimai maraqları əsas tutaraq, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 40 ünvanında çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədilə Bakı şəhər İcra Hakimiyyətinin keçmiş rəhbərliyinin verdiyi sərəncamı ləğv edib.

Hazırda Bakı şəhər İcra Hakimiyyətində Təhsil Nazirliyinin müraciəti nəzərə alınaraq sözügedən torpaq sahəsinin məktəbə verilməsi məsələsinə baxıldığı qeyd edilir.

2001-2018-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov olub. O, daha sonra Baş nazirin müavini təyin edilib. Ötən həftə isə prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib.

Məsləyə, hələlik, sözügedən ərazinin vaxtilə verildiyi vətəndaşlar Azər Əkbərov və Asif Əsədovdan münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG