Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Noyabr, bazar, Bakı vaxtı 21:04

Venesuela prezidenti Bakıda nədən danışdı


N.Maduro

Oktyabrın 25-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII zirvə görüşü başlayıb. Tədbirdə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak edir.

Hərəkata sədrlik Azərbaycana təhvil verilib. Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.

Zirvə görüşündə 4 yekun sənədin qəbulu gözlənilir.

Zirvə görüşünü Qoşulmama Hərəkatının hazırkı sədri olan Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduro açıb.

«Biz Qoşulmama Hərəkatını gücləndirməli, hər hansı dövlətin dünyada polis rolunu oynamasına imkan verməməliyik. Biz dünyadakı imperialist yanaşmaların qarşısını almalıyıq. Belə yanaşmalar ölkələrimizə yoxsulluq, səfalət gətirib», - APA-nın məlumatına görə, Maduro çıxışında deyib.

O, həmçinin, «yoxsulluğun aradan qaldırılmasına çalışmalıyıq» söyləyib. Venesuela prezidentinin sözlərinə görə, beynəlxalq strukturlar dayanıqlı ədalətin tarazlığına çalışmalı, bunun üçün alternativ yollar tapılmalıdır.

«Beynəlxalq Valyuta Fondunun fəaliyyəti də bir çox halda səmərəli olmur, cəmiyyətlər, dövlətlər tənəzzülə uğrayır. Əslində, Beynəlxalq Valyuta Fondu dövlətlərə dəstək verməlidir. Biz Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının bizim ölkələrə təzyiqindən qorunmalıyıq», - N.Maduro bildirib.

Prezident İlham Əliyev çıxışında Qoşulmama Hərəkatında olduğu qısa müddətdə Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazandığını bildirib. O, Hərəkata sədrliyin Azərbaycana həvalə edilməsini «ölkəyə göstərilən hörmətin, inamın və etimadın təzahürü» adlandırıb.

1961-ci ildə yaradılan Qoşulmama Hərəkatının tamhüquqlu 120 üzvü var, 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilatı özündə birləşdirir.

Azərbaycan 2011-ci il mayın 26-da Qoşulmama Hərəkatına üzv qəbul olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG