Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:58

'Çernobıl' serialında Svetlana Alexievich-in kitabından istifadə olunub


Svetlana Alexievich
Svetlana Alexievich

ABŞ-ın HBO kanalının çəkdiyi məşhur «Çernobıl» miniserialının yaradıcıları belaruslu Nobel mükafatı laureatı Svetlana Alexievich-ə müraciət edərək onun «Çernobıldan səslər» kitabının materiallarından istifadə etmək üçün icazə istəyiblərmiş. Yazıçı buna təəccübləndiyini deyir.

Ukrayna ərazisində yerləşən nüvə elektrik stansiyasındakı faciə haqda çəkilən beş hissəli miniserial həm tənqidçiləri, həm də tamaşaçıları heyrətə gətirib. Alexievich də istisna deyil: ​«Film məni çox təsirləndirdi. Bu, çox uzun filmdir. Filmin estetikasında müasir şüura toxunan bir şey var. Müəyyən qədər qorxu var. Gözəllik var…».

Onun sözlərinə görə, bu film sayəsində 1986-cı il aprelin 26-da 4 saylı nüvə reaktorunun partlamasından ciddi əziyyət çəkən həmvətənlərinin gözü daha çox açılıb, onlar faciənin miqyasını daha yaxşı anlamağa başlayıblar.

«İndi biz yeni fenomeni müşahidə edirik: güclü əziyyət çəkən və faciə haqda çox şey bildiyini düşünən belarusların Çernobıl haqda anlayışı tamamilə dəyişib. Onlar bu faciəni tamamilə yeni tərzdə təfsir etməyə başlayıblar. Buna Belarusdan, yaxud bizim regionda yox, tamamilə fərqli dünyadan olan müəlliflər nail olub», – yazıçı AzadlıqRadiosunun Belarus xidmətinə müsahibəsində deyib.

Filmin gənclərə təsiri

Alexievich-in sözlərinə görə, film gənc belaruslara xüsusilə güclü təsir göstərib: «Çox sayda gənc insanın bu filmə baxması təsadüf deyil. Onlar filmə klublarda birlikdə baxaraq onu müzakirə etdiklərini deyirlər».

«Çernobıl» filminin ssenari müəllifi və prodüseri Craig Mazin Alexievich-in kitabını yüksək qiymətləndirib. «Mən tarixi faktları və elmi məlumatları fərqli mənbələrdən götürmüşəm, ancaq xanım Alexievich-in «Çernobıldan səslər» kitabı mənim hər dəfə gözəllik və peşmançılıq axtarışında müraciət etdiyim mənbədir», –o, Twitter-də yazıb.

«Çernobıl» filmində detalların inanılmaz dəqiqliklə verilməsi tamaşaçıları heyrətə gətirib. Köhnə sovet mebeli, o dövrün geyimləri, zibil qabları və hətta dialoqların reallığa yaxın olması tamaşaçıların və tənqidçilərin marağına səbəb olub. Dialoqların bir çoxu «Çernobıldan səslər» kitabından götürülübmüş.

«İnsanların reaksiyasında mənim kitabımdan çox şey götürülüb. Məsələn, adamların körpünün üzərində dayanıb alova tamaşa etməsi. Bunlar qəzadan sonrakı ilk təəssüratlardır. Hətta rejissor bunların kitab əsasında yaradıldığını etiraf edib. Mənim onlarla müqaviləm və müəllif hüquqlarım var», – Alexievich deyir.

Alexievich-in prototipi?

Bəziləri Alexievich-in faciə ilə bağlı həqiqətləri üzə çıxarmağa çalışan belaruslu nüvə fiziki Ulana Khomyuk surətinin prototipi olduğunu iddia ediblər. Hərçənd, «Çernobıl»ın yaradıcıları bu personajın faciə ilə məşğul olan bir yox, bir neçə alimin şəxsiyyətindən ilhamlanaraq yaradıldığını deyiblər. Heç Alexievich-in özü də Khomyuk-un onu əks etdirdiyini düşünmür.

«Mən onların Khomyuk-u məni nəzərdə tutaraq yaratdıqlarını düşünmürəm», –o bildirib.

Alexievich filmdə faciədən sonrakı təmizləmə işində əsas rolu oynamış Valery Legasov-un yanında Khomyuk kimi bir personajın olmasını məntiqli sayır: «Filmdə aparıcı qadın fiqura ehtiyac var. Bəlkə də onlar bunu mənim həyata baxışımdan götürüblər. Bu qadınlıq, qadın dünyası. Mənim üçün bu çox vacibdir. Təkcə «Müharibənin qadın olmayan sifəti» kitabında yox, bütün kitablarımda çoxlu qadın qəhrəmanlar var. …Qadın baş verənlər arasındakı əlaqələri aşkar etməyə … qadirdir. Buna görə də, bəlkə də təkcə Legasov yox, qadın da olmalı idi. İki kişi olsaydı, hekayə alınmayacaqdı…».

Məlum olduğu kimi, filmdə bəzi qeyri-dəqiqliklərə də yol verilib. Yazıçı bununla bağlı fikirlərini belə ifadə edib: «…Bu, bədii filmdir və müəllif hadisələrə öz təfsir və anlayışını təqdim edə bilər».

Alexievich əmindir ki, HBO mühüm və güclü mesaj verən klassik film yaratmağa nail olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG