Rusiyanın Arktika regionundakı Severodvinsk məntəqəsində üç ABŞ diplomatı qatardan düşürülərək dindirilib.
Bu bölgədə ötən avqustda baş vermiş müəmmalı partlayışda beş nüvə işçisi həlak olmuşdu.
Rusiyanın Interfax agentliyi xəbər verir ki, diplomatlar Severodvinsk və Nyonoksa arasında hərəkət edən qatardan oktyabrın 14-də, axşam saat 6 radələrində düşürülüblər.
Interfax xəbər verir ki, hakimiyyət orqanları diplomatları yoxladıqdan sonra sərbəst buraxıb.
Xəbərdə deyilir ki, ABŞ diplomatlarının arasında donanma və hərbi attaşelər vardı.
Rusiyanın rəsmi TASS agentliyi xəbər verir ki, üç diplomat nəzarət olunan ərazilərə daxil olmaq qaydalarını pozublar.
Lakin ABŞ Dövlət Departamenti bildirib ki, Amerika diplomatları rəsmi səfərdə idilər və bu səfərlə bağlı Rusiya hakimiyyət orqanlarından icazə almışdılar.
Bununla belə diplomatların bu səfərinin məqsədi izah edilməyib.
Interfax bildirir ki, Rusiyanın Xarici İşlər Nazirliyi bu diplomatların əvvəlcədən elan edilməmiş yolda olduqlarını müəyyən edib.
Severodvinsk Rusiyanın məxfi məkanlarından biri sayılır və oraya səfər etmək üçün xüsusi icazənin alınması lazımdır.
Avqustun 8-də Severodvinskin 50 kilometrliyində yerləşəm Nyonoksa poliqonunda raket sınağı zamanı partlayış baş verdiyi xəbər verilmişdi.
ABŞ Dövlət Departamenti oktyabrın 10-da bildirmişdi ki, partlayış sınaq vaxtı qəzaya uğramış raketin sudan çıxarılması zamanı baş verə bilərdi.