Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Zümrüd Yağmur: ‘Zakir Qaralovun ədalət damarı tutub’


Zümrüd Yağmur
Zümrüd Yağmur

Baş Prokurorluq Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin keçmiş müavini Fuad Qəhrəmanlıya cinayət işi açıb.

O yetkinlik yaşına çatmayan qızlarına və həyat yoldaşına qarşı zorakılıqda ittiham olunur. İttihamlar sübuta yetirilsə siyasətçiyə 5 ilə qədər həbs cəzası verilə bilər.

Fuad Qəhrəmanlı AzadlıqRadiosu-na açıqlamasında ittihamı əsassız, uydurma adlandırıb: “Bunlar hamısı uydurmadır, siyasi fəaliyyətimlə bağlı mənə edilən təzyiqdir və bunun başqa adı yoxdur”.

“... işgəncə faktlarını niyə araşdırmırlar”

Onun həyat yoldaşı Zümrüd Yağmur isə bu haqda “Facebook” səhifəsində yazır:

“Zakir Qaralovun ədalət damarı tutub və "dediyim dedikdi" deyib bir ailədə baş verən hadisə ilə bağlı cinayət işi acıb. Hətta şiddətin nə qədər olduğunu da müəyyən ediblər, nə az, nə çox... Sən demə, 40 dəfə olub...Hətta Sənayın 7 yaşı olanda ayağının sınmasına dair araşdırma da aparıblar əməllicə, 2018- ci ildə təkrar və hər il tələb olunan müayinəni də araşdırıb ortaya çıxarıblar. (Bunların belə araşdırma "qabiliyyəti" vardısa, niyə Tərtər, Gəncə işindəki işgəncə faktlarını araşdırmırlar?)”

Zümrüd Yağmur özünün və qızlarının kimlərinsə “məkrli oyunlarında ucuz şahmat taxtası” olmadığını bildirir:

“Mənim nə İlham Əliyevin, nə Mehriban Əliyevanın, nə Zakir Qaralovun, nə DTX-nın, nə də DİN- nin ədalətinə ehtiyacım yoxdur və onların siyasi qisas oyunlarında və ya başqa məkrli planlarında da alət olmaq niyyətində deyiləm. Belə ədalətlidirlərsə, bir zəhmət, istefa verib getsinlər, ədalətsiz əməlləri ucbatından boğulan ölkə rahat nəfəs alsın”.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev Baş Prokurorluğun son addımını “absurd, siyasi addım” kimi dəyərləndirir:

“Baş Prokurorluq yaxşı olardı indiyə kimi ölkədə baş verən ağır işgəncə hallarına, polis idarəsində insanların xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilməsinə (xüsusən də bu Tərtər, Gəncə, Nardaran hadisələrinə aiddir), insanların oğurlanması, büdcə vəsaitlərinin talan edilməsi, ofşor zonalara daşınması kimi hallara reaksiya versin, tədbir görsün. Ailədaxili məsələni müraciət edilmədiyi halda bu səviyyəyə çatdırmaq, onunla bağlı cinayət işinin qaldırılması həm gülüncdür, həm də yerində olmayan addımdır”.

Sözügedən məhkəmə proseslərində təqsirləndirilənlər istintaq zamanı işgəncəyə məruz qaldıqlarını dəfələrlə dilə gətirsələr də, hüquq-mühafizə orqanları bu iddiaları təkzib edib.

“Fürsətdən istifadə edib...”

Hüquqşünas Yalçın İmanovun sözlərinə görə, Cinayət Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən prokurorluq zərərçəkmiş şəxsin təşəbbüsü olmadan da cinayət işi başlaya bilər. Hüquqşünas konkret bu situasiyada prokurorluq orqanlarının yetkinlik yaşına çatmayanların mənafeyini, zərərçəkənin mənafeyini güddüyünü düşünmür:

“Daha çox fürsətdən istifadə edib Fuad Qəhrəmanlını aktiv müxalif opponent fəaliyyətinə görə cəzalandırmaq məqsədi güdürlər”.

Yalçın İmanov
Yalçın İmanov

Amma hüquqşünas bu yerdə bir məqamı vurğulayır. O deyir ki, prokurorluq haqda qanuna görə, prokurorluğun fəaliyyətinin əsas prinsiplərindən biri bitərəflikdir:

“Biz indiyə qədər saysız-hesabsız işgəncə cinayətləri ilə bağlı həm KİV-lərdə, həm vəkillərin bəyanatlarında, həm də hüquq müdafiəçilərinin çıxışlarında şikayətlərə rast gəlmişik. Amma prokurorluq bununla bağlı nəinki araşdırma aparır, əksinə bununla bağlı danışanlar cəzalandırılır, məsələn, mənim nümunəmdə olduğu kimi, Vəkillər Kollegiyasından uzaqlaşdırılır. Mən özüm də Qobustan həbsxanasında saxlanılan şəxsin ağır işgəncəyə məruz qalması ilə bağlı bəyanat vermişdim”.

Abbas Hüseynovla bağlı işgəncə iddiaları necə araşdırıldı?

2017-ci il noyabrın 20-də Vəkillər Kollegiyası Rəyasət Heyəti Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət edib. Bununla da onun vəkillik fəaliyyəti dayandırılıb.

Yalçın İmanov bundan öncə müdafiə etdiyi «Müsəlman Birliyi» Hərəkatının sədr müavini, bir sıra ağır cinayətlərdə ittiham olunaraq 20 il həbs cəzası alan Abbas Hüseynovun həbsdə işgəncəyə məruz qalması ilə bağlı şikayətini mətbuata çatdırmışdı. Penitensiar Xidmətin müəssisəsi isə bunu onların nüfuzuna zərbə kimi qiymətləndirmişdi.

Abbas Hüseynov
Abbas Hüseynov

Müdafiə tərəfi Abbas Hüseynovun işgəncəyə məruz qalması ilə bağlı şikayəti rəsmi qurumlara çatdırsa da, obyektiv araşdırılmadığını bildirmişdi.

Yalçın İmanovun qənaətincə, son hadisə də onu göstərir ki, prokurorluq orqanları “siyasi hakimiyyətin aləti olmaqda, onun iradəsini yerinə yetirərək müxalif fəaliyyət göstərən şəxsləri təqib etməkdə israrlıdır”.

Baş Prokurorluqdan bu deyilənlərə münasibət almaq mümkün olmayıb.

Deputat nə deyir?

Deputat Asim Mollazadə isə hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı müqayisə aparmağa ehtiyac görmür və bunu düzgün yanaşma saymır.

Bununla belə, o, hüquq-mühafizə orqanlarının fəaliyyətində işgəncə və zorakılığa yol verilməsi haqda iddialarla bağlı araşdırma aparılmalı olduğunu söyləyib, bu yöndə sualları isə elə onların özünə verilməli olduğunu qeyd edib.

Deputat dediklərinə bunu da əlavə edir ki, hüquq-mühafizə orqanları qadınlara qarşı zorakılıq istiqamətində “daha ciddi işləməlidirlər” və bu istiqamətdə qanunvericilik gücləndirilməlidir. Deputat qadınlara qarşı zorakılıq hallarının aşkarlanaraq günahkarların cəzalandırılmalı olduğunu da bildirir.

“Bu istiqamətdə beynəlxalq sənədlərə qoşulmaq lazımdır. Çox təəssüf ki, Azərbaycan hələ də İstanbul bəyannaməsini qəbul etməyib”, - deputat vurğulayır.

Xatırlatma

Bir müddət öncə, müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin keçmiş müavini Fuad Qəhrəmanlının qızı sosial şəbəkədən atasının ailədə şiddətə yol verdiyi ilə bağlı açıqlama yaymışdı.

Amma Fuad Qəhrəmanlının özü qızına və xanımına ağır xəsarət yetirməsi ilə bağlı iddiaları təkzib etmişdi.

Bununla belə, o, sonradan bu iddiaların mənsub olduğu partiyanın lideri Əli Kərimliyə ziyan vuracağını söyləyərək müavinlikdən istefa verdiyini açıqlamışdı.

Onun ailə üzvləri isə Fuad Qəhrəmanlının bu məsələdə açıqlamasının heç də həqiqət olmadığını bildirmişdilər.

Həyat yoldaşı Zümrüd Yağmur AzadlıqRadiosu-na qızının zorakılıqla bağlı yazdıqlarının doğru olduğunu söyləmişdi.

Daha sonra isə Baş Prokuror Zakir Qaralov demişdi ki, AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlı barəsində bəzi qeyri-hökumət təşkilatları (QHT) onlara müraciət edib və bu müraciət Baş Prokurorluqda baxılma ərəfəsindədir:

“İlk növbədə zərərçəkənlərin rəsmi mövqeyini öyrənməliyik. Həm həyat yoldaşının, həm də azyaşlı qızının rəsmi mövqeyini öyrənəndən sonra qanun çərçivəsində qərar qəbul olunacaq”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG