Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:22

Avropalılar kommunizmim çöküşündən 30 il sonra nə düşünür


1989-cu ilin noyabrında Berlin divarı
1989-cu ilin noyabrında Berlin divarı

Otuz il qabaq Avropanı bir nikbinlik dalğası ağuşuna almışdı, axı, divarlar, rejimlər çökürdü, uzun müddət istibdad altında yaşamış xalqlar azad cəmiyyət, açıq bazarlar qururdu, Avropa birgə hala gəlirdi.

Bəs 30 ildən sonra avropalılar hansı əhval-ruhiyyədədir?

“Pew” Araşdırma Mərkəzinin yeni sorğusu keçmiş Şərq Blokunda az adamın 1989-1991-ci ilin tarixi dəyişikliklərindən təəssüfləndiyini üzə çıxarıb. Ancaq onlar heç indiki siyasi və iqtisadi şəraitdən də tam razı deyillər. Qərbi Avropada yaşayanlar kimi Mərkəzi və Şərqi Avropa vətəndaşlarının əhəmiyyətli hissəsi bərabərsizlik, siyasi sistemlərinin gələcəyindən narahatlıq ifadə ediblər.

Demokratik dəyərlərə geniş dəstək var, ancaq...

Avropa Birliyinə qoşulmuş Mərkəzi və Şərqi Avropa ölkələri ümumilikdə üzvlüyün onların ölkələri üçün yaxşı olduğunu düşünür. Regionda bir çox demokratik dəyərlərə geniş dəstək var. Ancaq çoxlarının demokratiyaya qucaq açmasına baxmayaraq, adamların spesifik demokratik prinsiplərə öhdəliyi elə də güclü deyil.

Keçmiş Şərq Blokunun əhalisi çoxpartiyalı demokratiyaya və bazar iqtisadiyyatına keçidi dəstəkləyir. Məsələn, polşalıların 85 faizi həm demokratiya, həm də kapitalizmə keçidin tərəfindədir. Amma bolqarıstanlı və ukraynalıların üçdə birindən artığı, rusiyalıların isə təxminən yarısı bu fikirdədir.

Demokratiya və bazar iqtisadiyyatı haqda sualları 1991-ci, daha sonra 2009-cu illərdə də soruşublar. Macarıstan, Litva və Ukrayna kimi ölkələrdə 1991-2009-cu illər arası hər iki məsələyə dəstək azalıb. Son on ildə isə yenidən artmağa başlayıb.

Rusiya yeganə ölkədir ki, həm çoxpartiyalı demokratiya, həm də kapitalizmə dəstək 2009-cu ildən bəri ciddi şəkildə düşüb.

Dəstəyin fərqli olması nəylə bağlıdır

Mərkəz bildirir ki, demokratiya və azad bazarlara dəstəyin fərqli səviyyədə olması cəmiyyətin son 30 ildə əldə etdiyi proqresin hansı həddə çatmasıyla bağlı ola bilər. Polyak, çex və litvalıların çoxu, macarıstanlıların isə hər 10-dan 4-dən də çoxu inanır ki, bu gün ölkələrində çoxlarının iqtisadi durumu kommunizm dövründəkindən daha yaxşıdır.

Rusiya, Ukrayna və Bolqarıstanda isə rəyi soruşulanların yarıdan artığı indi çoxları üçün işlərin kommunist erasından daha pis getdiyini deyib.

Mərkəzi və Şərqi Avropada ictimaiyyət təhsil, həyat standartları kimi məsələlərlə bağlı daha müsbət düşünürlər. Qanun-qayda, ailə dəyərlərinə gəlincə, fikirlər fərqlənir, bundan başqa, bir çox respondent deyir ki, dəyişikliklər tibb xidmətinə mənfi təsir göstərib.

Ümumi bir fikir də ondan ibarətdir ki, son 30 ilin nəhəng dəyişikliyindən ortabab vətəndaşlara baxanda elitalar daha çox qazanıblar. Mərkəzi və Şərqi Avropada böyük çoxluq siyasətçilərin və biznes liderlərinin daha çox faydalandığını düşünür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG