Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:53

ABŞ elçilərini Türkiyəyə göndərir


Türkiyə qüvvələri Menbic şəhərinə doğru gedir, 14 oktyabr, 2019-cu il
Türkiyə qüvvələri Menbic şəhərinə doğru gedir, 14 oktyabr, 2019-cu il

Erdogan oktyabrın 16-da bir daha xarici ölkələrin atəşkəs tələbini rədd edib.

“Bəzi liderlər vasitəçilik etməyə çalışırlar... Türkiyə Respublikasının tarixində elə bir şey olmayıb ki, terrorçu təşkilatla eyni masaya otursun”, – Erdogan parlamentdə deyib.

“Bizim təklifimiz odur ki, elə indi, bu gecə terrorçuların hamısı silahlarını yerə qoysun, avadanlıqlarından, hər şeydən əl çəksinlər, bütün tələləri məhv etsinlər və bizim nəzərdə tutduğumuz təhlükəsiz zonadan çıxsınlar”, – o deyib.

Kreml isə oktyabrın 16-da bildirib ki, Türkiyənin Suriyadakı hərbi əməliyyatlarının elan olunan məqsədə müvafiq olacağını gözləyir.

Kremlin sözçüsü Dmitry Peskov deyib ki, Rusiya “Türkiyənin öz təhlükəsizliyini təmin etmək üçün tədbir görmək hüququna sayqıyla yanaşır”, ancaq bunun “qoyulan tapşırığa müvafiq” olacağını gözləyir. Moskvanın fikrincə, Türkiyənin hücumu nə qədər çəkə bilər? Peskov bu sualı cavablandırmayıb.

***

Oktyabrın 16-da ABŞ Prezidenti Donald Trump vitse-prezidentini, dövlət katibi və milli təhlükəsizlik müşavirini Ankaraya göndərir. Onların Türkiyədən Suriyada dərhal atəşkəs tələb edəcəyi gözlənir. Türkiyə Prezidenti Recep Tayyip Erdogan isə deyib ki, Suriyanın şimalında “heç vaxt” atəşkəs elan etməyəcək.

Vitse-prezident Mike Pence bir gün öncə söyləyib ki, oktyabrın 17-də Erdogan-la görüşəcək, “Birləşmiş Ştatların dərhal atəşkəsə nail olmaq istəyini səsləndirəcək”.

Onu səfərdə Dövlət katibi Mike Pompeo və milli təhlükəsizlik müşaviri Robert O’Brien müşayiət edəcək.

Erdogan Azərbaycandan qayıdarkən jurnalistlərə deyib: “Onlar bizə deyirlər ki, atəşkəs elan edək. Biz heç vaxt atəşkəs elan edə bilmərik”.

Konqresmenlər sanksiya layihəsi hazırlayır

İki gün öncə Trump Türkiyənin üç nazirinə sanksiyalar tətbiq edib, bu ölkədən polad idxalına rüsumları qaldırıb. Demokrat və respublikaçı konqresmenlər daha sərt məhdudlaşdırıcı addımlar atılacağını bildiriblər.

“Təklif etdiyimiz sanksiyalar çox ağır olacaq və Türkiyə Suriyada kürdlərə qarşı təcavüzü dayandırana, qüvvələrini ərazidən çəkənə qədər qüvvədə qalacaq”, – demokrat senator Chris Van Hollen deyib.

Respublikaçı senator Lindsey Graham konqresmenlərin oktyabrın 17-də qanun layihəsi təqdim edəcəyini bildirib.

Trump ötən həftə kürdlərin nəzarətində olan ərazilərdən hərbçilərini çıxaracağını, Türkiyənin əməliyyatına müdaxilə etməyəcəyini bəyan edib. Ərazidən minədək ABŞ əsgəri çıxarılıb.

Türkiyə Suriyayla sərhədin 30 kilometrliyini kürd qüvvələrdən təmizləyərək burada 2 milyon suriyalı qaçqın yerləşdirəcəyini deyir.

Kürdlər isə Türkiyə qüvvələrinə qarşı Suriya Prezidenti Bashar al-Assad-la anlaşma əldə ediblər.

Rusiyanın mövqeyi

Bu arada Rusiya bildirib ki, Türkiyə və Suriya qüvvələrinin toqquşmasına imkan verməyəcək.

Belə bir qarşıdurma “sadəcə qəbuledilməz” olar, Kremlin Suriya üzrə xüsusi elçisi Aleksandr Lavrentyev oktyabrın 15-də BƏƏ-yə səfəri zamanı deyib. “Bunun baş verməsinə imkan verməyəcəyik”, – o, sözlərinə əlavə edib.

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 15-də Erdogan-la telefonla danışaraq onu Kremlə Suriya ilə bağlı danışıqlara dəvət edib. “Dəvət qəbul olunub”, – Kremlin bəyanatında deyilir.

Al-Assad-ın əsas tərəfdaşı olan Rusiya 2015-ci ildən bu ölkəyə hərbçilər yerləşdirib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Suriya qüvvələri Menbic şəhəri ətrafında min kvadrat kilometrdən artıq əraziyə nəzarəti ələ alıb.

Kürdlərin başçılıq etdiyi SDF Suriyada İslam dövləti silahlı qruplaşmasına qarşı mübarizədə ABŞ-ın əsas müttəfiqi olub. Bu münaqişədə 11 minədək kürdün həlak olduğu bildirilir.

Türkiyənin əməliyyatının ilk həftəsi ərzində 150-dən çox SDF döyüşçüsünün, 130-dək Ankaranın dəstəklədiyi suriyalı döyüşçünün, azı 69 dinc suriyalının öldürüldüyü xəbər verilir.

Türkiyə tərəf altı əsgərinin, azı 20 dinc türkiyəlinin həlak olduğunu deyir.

Suriyanın şimalında azı 190 min nəfər evindən didərgin düşüb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG