Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:54

Azərbaycanın səxavəti 'azalıb'


Ukraynada xeyriyyə festivalı, arxiv fotosu
Ukraynada xeyriyyə festivalı, arxiv fotosu

Dünyanın ən səxavətli ölkəsi ABŞ-dır. Xeyriyyə Yardımı Fondu (Charity Aid Foundation – CAF) Dünya Səxavətlilik İndeksini açıqlayıb.

Hesabat hazırlanarkən respondentlərdən əsasən 3 sual soruşulub:

  1. Son bir ayda tanımadığın bir kəsə kömək etmisinizmi?
  2. Xeyriyyə təşkilatına pul ianə etmisinizmi?
  3. Hansısa təşkilata könüllü vaxt ayırmısınızmı?

Bu 3 suala verilən müsbət cavablar əsasında isə ortalama faiz göstəricisi tərtib olunub.

ABŞ son 10 ildə 58 faizlə birinci yeri tutub. Ondan sonra Myanma, daha sonra Yeni Zelandiya gəlir.

İlk onluqda daha sonra Avstraliya, İrlandiya, Kanada, Böyük Britaniya, Niderland, Şri Lanka və İndoneziya yer alıb.

İndoneziya ilk onluğa düşən yeganə ölkədir ki, son illər göstəricisini yaxşılaşdırır, digər ölkələr isə geriləyir.

Azərbaycan geriləyən ölkələr sırasındadır

Azərbaycan 24 faizlə 99-cu yerdədir. Qonşulardan İran 23, Rusiya 117, Ermənistan 114, Gürcüstan 112-ci yerdədir.

Azərbaycanda respondentlərin 38 faizi tanımadığı şəxsə kömək etdiyini; 14 faizi xeyriyyə təşkilatına pul ianəsi etdiyini; 20 faizi hansısa quruma könüllü vaxt ayırdığını deyib.

Azərbaycan xeyriyyə sahəsində ən çox geriləyən 10 ölkə sırasında yer alıb. Onluğa Polşa, Çexiya Respublikası kimi ölkələr də düşüb və onların özəlliklə pul ianələrini azaltdığı bildirilir.

Xeyriyyə fəaliyyətini artıran ölkələrin yarısı Asiyadandır. Ümumiyyətlə, indeks 2010-cu ildən hazırlanır və o vaxtdan xeyriyyəni işini gücləndirən ilk 20 ölkənin beşi Asiyadandır, başda İndoneziya gəlir.

Son 10 ildə iki milyard yarımdan çox adam tanımadığı adama əl tutub. Bu, xeyriyyə işi kimi ən çox yayılmış davranış sayılır.

Və nəhayət, xeyriyyəçiliklə ən az məşğul olan 10 ölkə sırasında Rusiya, Xorvatiya , Monteneqro, Bolqarıstan, Litva, Fələstin, Serbiya, Yəmən, Yunanıstan və sonda Çin yer alıb.

İndeksin 126 ölkədə 1,3 milyondan çox adamın baxışını əks etdirdiyi vurğulanır.

CAF Böyük Britaniyada mənzillənən aparıcı beynəlxalq xeyriyyə təşkilatıdır, altı qitədə 9 ofisi var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG