Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:20

Müsəlmanları qəbul edirlər, islama gəlincə…


Fransada kilsədə müsəlman dindar, arxiv fotosu
Fransada kilsədə müsəlman dindar, arxiv fotosu

Qərbi Avropa və Birləşmiş Ştatların 15 ölkəsində yaşayanların əksəriyyəti müsəlmanları qonşuları kimi qəbul etməyə hazır olduqlarını deyirlər. Daha az hissə hətta müsəlmanı ailə üzvlüyünə də qəbul edə biləcəyini deyib. Atlantik okeanının hər iki tərəfində sorğunu 2017-ci ildə “Pew” sorğu mərkəzi keçirib.

Müsəlmanı qonşuluğa və evə qəbul etmək

Ancaq islam dininin bu cəmiyyətlərdəki yeri haqda konsensus yoxdur. Qərbi Avropada islamın yerli mədəniyyətlərə və dəyərlərə uyğunluğu ilə bağlı fikirlər haçalanır. ABŞ-da isə əsasən iki fikir üzrə ziddiyyət üzə çıxıb – İslam dininin ənənəvi Amerika cəmiyyətinin bir hissəsi olub-olmaması və İslamın demokratiyaya uyğunluğu məsələlərində.

Amerikanın qeyri-müsəlman əhalisinin böyük hissəsi (89%) deyib ki, müsəlmanları qonşuları kimi qəbul etməyə hazırdırlar. 79% müsəlmanları ailə üzvlüyünə qəbul etməyə hazır olduqlarını deyib.

Qərbi Avropada isə respondentlərin çoxu müsəlmanları qonşuları kimi görməyə razıdırlar. Ancaq amerikanlarla müqayisədə daha az avropalı müsəlmanları ailə üzvləri kimi görmək istəyir.

Fransanın qeyri-müsəlman əhalisinin 66, Britaniyada 53, Avstriyada 54, Almaniyada 55 faizi belə deyib. Avropalılar içində italyanların yalnız 43 faizi müsəlmanı ailə üzvü kimi qəbul etməyə razıdır.

“Pew” sorğuları telefonla keçirib. Adətən bəzi respondentlər sosial baxımdan qəbuledilən cavablara meylli olurlar deyə, müsbət cavabların sayı göstəriləndən daha az da ola bilər.

Təhsilin rolu

ABŞ və Avropada daha çox təhsillilər müsəlmanları qəbul etməklə bağlı müsbət cavab veriblər. Məsələn, ABŞ-da kollec dərəcəsi olan yetkin yaşlıların 86 faizi müsəlmanı ailəsinə qəbul etməyə hazır olduğunu deyib. Kollec dərəcəsi olmayanlar üzrə göstərici 75%-dir.

Almaniyada təhsillilərin 67, təhsili olmayanların 52 faizi müsəlmanı ailəsinə qəbul edə bilər.

Böyük Britaniyada göstəricilər 71% vs. 44%, Avstriyada 67% vs. 51%-dir.

Atlantik okeanının hər iki tayında müsəlmanlara münasibətin siyasətlə də bağlılığı var. Məsələn, Qərbi Avropada siyasi spektrin sağına meyllənənlər sola meyllilərdən daha az “üzüyola” görünürlər. ABŞ-da isə Demokrat Partiyasına meylli olanlar respublikaçılardan fərqli olaraq müsəlmanların ailə üzvü kimi qəbulu məsələsinə daha müsbət yanaşırlar (88% vs. 67%).

İslamın cəmiyyətdə rolu məsələsində isə fikirlər daha çox ayrılır. Bir çox ölkələrdə avropalılar düşünürlər ki, “islam dini onların ölkəsinin mədəniyyət və dəyərlərinə kökündən uyğun gəlmir”. Almanların 44 faizi islamla alman mədəniyyəti və dəyərləri arasında fundamental ziddiyyət görür. 46% ziddiyyət görmür.

“Pew” ABŞ-da respondentlərdən eyni sualı soruşmasa da, digər suallar Avropadakına oxşar mənzərəni üzə çıxarıb. Məsələn, yetkin yaşlı amerikalıların yarısı deyib ki, İslam ənənəvi amerikan cəmiyyətinin tərkib hissəsi deyil. 44 faiz isə düşünür ki, İslamla demokratiya arasında təbii konflikt var.

XS
SM
MD
LG