Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Oktyabr, bazar, Bakı vaxtı 10:53

Suriyada 'ağır toqquşmalar' gedir


Tel Abyad şəhəri Türkiyənin bombardmanından sonra

Türkiyənin Suriyanın şimal-şərqindəki hücumunun ikinci günündə Türkiyə quru qoşunları ilə kürd qüvvələri arasında gedən döyüşlərə görə on minlərlə insan münaqişə bölgəsindən qaçmağa başlayıb.

Bu arada kürdlərin Suriya Demokratik Qüvvələri bildirib ki, Türkiyə qoşunlarının Ras əl-Ayn ərazisindəki müdaxiləsinin qarşısı alınıb və Türkiyə qoşunları Tel Abyad məntəqəsində geri oturdulub.

Suriyanın kürd hakimiyyət orqanları bildirib ki, Türkiyə Qamışlıdakı həbsxananı atəşə tutub. Kürd tərəfi bildirir ki, Türkiyənin məqsədi bu həbsxanadakı İslam Dövləti ekstremist qüvvələri döyüşçülərinin azadlığa buraxılması olub.

Türkiyənin Suriyanın şimalına hücumu onun NATO üzrə bir sıra müttəfiqlərinin etirazına səbəb olub.

NATO üzvü olan Norveç bildirib ki, Türkiyəyə bütün silah daşınmalarını dayandırır.

Fransa, Almaniya, Belçika və Polşa BMT Təhlükəsizlik Şurasının qapalı iclasının keçirilməsinə çağırıblar.

22 ölkədən ibarət Ərəb Liqası Türkiyənin Suriyaya hücumunu müzakirə etmək üçün oktyabrın 12-də toplaşacaq.

***

Prezident Recep Tayyip Erdogan oktyabrın 10-da hərbi əməliyyatla bağlı beynəlxalq tənqidi rədd edib. O bir daha vurğulayıb ki, məqsəd ölkənin sərhədləri boyunca “terrorun kökünü kəsməkdir”.

Erdogan kürd döyüşçüləri nəzərdə tutaraq Türkiyə silahlı qüvvələrinin indiyədək 109 “terrorçu”nu məhv etdiyini vurğulayıb.

Türkiyə dövlət mediasının məlumatına görə, Suriyanın müxalifət döyüşçüləri Yabisa və Tel Fander sərhəd kəndlərini “təmizləyiblər”.

Britaniyada mənzillənən Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı bildirir ki, türkiyəli komandirlər Beir Aşeq kəndinə giriblər.

Onminlərlə adamın münaqişə zonasındakı evlərini tərk etdiyi bildirilir. Onların arasında etnik ermənilər də var.

Münaqişə zonasında suriyalılar
Münaqişə zonasında suriyalılar

Ermənistanın Baş naziri Nikol Pashinian isə beynəlxalq ictimaiyyəti Türkiyənin Suriyadakı “qanunsuz hərəkətlər”ini dayandırmaqdan, “Türkiyəylə sərhəddə yaşayan suriyalıların, eləcə də etnik azlıqların hüquqlarını qorumaqdan” ötrü addım atmağa çağırıb.

Ermənistan XİN-in təmsilçisi Armen Melkonyan 13 etnik erməni ailəsinin könüllü olaraq Tel Abyaddan çıxdığını və Əl-Hasakaya yerləşdirildiyini bildirib.

***

Türkiyənin quru qüvvələri Suriyada kürdlərin nəzarətində olan ərazilərdə əməliyyatı ikinci gündür davam etdirirlər.

“Sülh Bulağı Əməliyyatında iştirak edən qəhrəman komandirlərimiz Fərat çayının şərq sahili boyunca irəliləməkdədir”, – Müdafiə Nazirliyi oktyabrın 8-də tvitində yazıb. Nazirlik qüvvələrin müəyyən olunmuş hədəfləri ələ keçirdiyini bildirib.

Kürdlərin başçılıq etdiyi SDF isə sərhəd kəndlərdə “ağır toqquşmalar” getdiyini bildirib.

SDF bildirib ki, sərhəddəki Ras əl-Ayn şəhərinə müdaxilənin və Təl Abyada quru hücumunun qarşısı alınıb.

Suriyadakı kürd hakimiyyəti Türkiyəni Qamışlıda İslam Dövləti yaraqlılarının saxlandığı həbsxananı bombardman etməkdə suçlayıb, bunu məhbusların qaçması üçün onlara kömək etmək “cəhdi” adlandırıb.

Ras əl-Ayn şəhərindən qaçan qadın
Ras əl-Ayn şəhərindən qaçan qadın

PBS telekanalına müsahibəsində Dövlət katibi Mike Pompeo Birləşmiş Ştatların Türkiyəyə hücumu başlatmağa icazə verməsi iddialarını “sadəcə saxta” adlandırıb, deyib ki, Vaşinqton Ankaraya “yaşıl işıq” yandırmayıb.

Onun sözlərinə görə, Türkiyənin “cənub hissəsinə terrorçu hədəsi sarıdan qanuni təhlükəsizlik narahatlığı” olub.

***

Dünya Türkiyənin Suriya əməliyyatına necə reaksiya verdi

Dünya ölkələri oktyabrın 9-da Türkiyənin Suriyanın şimalında başlatdığı hərbi əməliyyata narahatlıqla reaksiya verib.

ABŞ Prezident Donald Trump Türkiyənin hərəkətlərini “pis fikir” adlandırıb. O, üç gün öncə deyirdi ki, sözügedən əməliyyata qarışmayacaq. Dövlət katibi Mike Pompeo isə oktyabrın 9-da deyib ki, Vaşinqton heç vaxt bu hücuma dəstək verməyib.

Trump-ın həftəsonu verdiyi qəfil qərar həm ölkəsində, həm də xaricdə qınanıb. ABŞ Türkiyənin Suriyadakı əməliyyatına qarışmayacağını, oradakı qüvvələri çıxaracağını açıqlayıb.

Senatorlar sanksiya layihəsi hazırlayır

ABŞ senatorları oktyabrın 9-da hər iki partiyanın iştirakıyla qanun layihəsi hazırlandığını, Prezident Recep Tayyip Erdogan daxil olmaqla Türkiyənin siyasi rəhbərliyinə sanksiya tətbiq olunacağını bildirib. Sanksiyaların ölkənin hərbi və enerji industriyalarına da aid olunacağı vurğulanır.

Layihədə Türkiyənin aparıcı siyasətçilərinin ABŞ-dakı aktivlərinin dondurulması, rəsmilərinə viza məhdudiyyətləri qoyulması nəzərdə tutulub. Daha sonra Ankaraya hərbi avadanlıq satışının önlənəcəyi qeyd edilir. Məlumatı “Reuters” yayıb.

NATO-nun baş katibi Jens Stoltenberg NATO üzvü kimi Türkiyənin “qanuni təhlükəsizlik narahatlıqları” olub, ancaq “regionda daha artıq sabitsizlik yaradacaq hərəkətlərdən qaçmaq vacibdir”.

BMT-nin Təhlükəsizlik Şurasının prezidenti, Cənubi Afrikanın səfiri Jerry Matthews Matjuila Türkiyəni “dinc sakinləri qorumağa”, “maksimum təmkinlilik” göstərməyə çağırıb.

Rusiya Prezidenti Vladimir Putin Erdogan-la telefon söhbətində onu Suriyada əməliyyata başlamazdan öncə “diqqətlə düşünməyə” çağırıb.

Azı 15 nəfər öldürülüb

Fransa, Almaniya, Britaniya, Belçika və Polşa oktyabrın 10-da BMT-nin Təhlükəsizlik Şurasının qapalı toplantısını keçirməyə çağırıb.

Suriyada Türkiyənin bombardmanından qaçan sakinlər
Suriyada Türkiyənin bombardmanından qaçan sakinlər

Misir, İraq, Səudiyyə Ərəbistanı daxil olmaqla 22 ölkədən ibarət Ərəb Liqası da bəyanatında deyib ki, oktyabrın 12-də nazirlər səviyyəsində Türkiyənin hücumunu müzakirə edəcək.

Türkiyə oktyabrın 9-da kürd qüvvələrin nəzarətindəki əraziləri əvvəlcə bombalayıb, sonra quru əməliyyatına başlayıb. Türkiyə Müdafiə Nazirliyi bildirib ki, ümumilikdə 181 hədəf vurulub.

Azı 15 nəfərin öldürüldüyü bildirilir.

Erdogan hücumda məqsədin “təhlükəsizlik zonası” yaratmaq olduğunu, Suriyanın şimalında kürd silahlıların və İslam Dövləti qruplaşmasının hədəfə alındığını deyib. Ankara Suriyadakı kürd döyüşçüləri terrorçular hesab edir.

Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatı ölənlərin azı 8-nin dinc sakinlər olduğunu bildirib.

Kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDF) bəyanatında beynəlxalq koalisiya üzvü olan bütün ölkələri “məsuliyyət daşımağa, mümkün humanitar böhranı önləməyə” çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG