Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Oktyabr, bazar, Bakı vaxtı 10:56

Tbilisidə Azərbaycandan belə söhbət gedib...


ATƏT

Bu gün, oktyabrın 9-da Gürcüstan paytaxtı Tbilisidə ATƏT-in Cənubi Qafqazda azadlıq və təhlükəsizlik məsələləri üzrə ikigünlük konfransı açılıb. Tədbirdə region ölkələrinin jurnalistləri, rəsmi şəxslər, həmçinin, beynəlxalq ekspertlər iştirak edirlər.

«Turan» agentliyinin xəbərinə görə, ATƏT-in kütləvi informasiya vasitələri (KİV) azadlığı üzrə nümayəndəsi Arlem Dezir konfransın açılışında deyib ki, Cənubi Qafqazda jurnalistlərin təhlükəsizliyi fundamental ifadə azadlığının tərkib hissəsidir. O, plüralizmin inkişafının vacibliyini qeyd edib.

Konfransın panelində çıxış edən «Sərhədsiz Reportyorlar» təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya departamentinin direktoru Yohann Bir Azərbaycanda KİV məsələlərinə xüsusi diqqət yönəldib.

O, Azərbaycan hökumətini jurnalist Əfqan Muxtarlını azad etməyə və onun vəkilinə təzyiqləri araşdırmağa çağırıb.

Ermənistan və Gürcüstan nümayəndələri də deyiblər ki, onların ölkələrində jurnalistlərin təhlükəsizliyi ilə bağlı vəziyyət pisləşir.

Ermənistan nümayəndəsi ölkədə informasiya əldə etməyin çətinliyini vurğulayıb.

Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Kamran Həsənov isə öz növbəsində deyib ki, ATƏT-in tribunasının Azərbaycan haqqında dezinformasiya yayılması məqsədilə istifadə edilməsi təəssüf doğurur. O, həmçinin deyib ki, Ə.Muxtarlının vəkili Nemət Kərimliyə qarşı təzyiqin edilməsi barədə yayılan məlumatlar həqiqətəuyğun deyil.

Konfransın proqramına rəqəmsallaşma dövründə keyfiyyətli jurnalistika, siyasi dəyişikliklər zamanında jurnalistlərin təhlükəsizliyi, KİV azadlığı və plüralizm üçün normativ mühit kimi məsələlər daxili edilib.

Xatırlatma

Jurnalist Əfqan Muxtarlı 2017-ci ildə sərhədi qanunsuz keçmək, qaçaqmalçılıq və başqa ittihamla həbs edilib. Ona 6 il həbs cəzası verilib. Gürcüstana mühacirət edən jurnalist özü isə oradan zorla gətirilərək həbs olunduğunu bəyan edib. O, ittihamları qəbul etmir.

Bir müddət öncə onun vəkili N.Kərimli də Ə.Muxtarlı ilə görüşə gedərkən Penitensiar Xidmətin müəssisəsində zorakılıqla üzləşdiyini açıqlayıb. Amma xidmətdən vəkilin açıqlaması təkzib edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG