Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:19

Navalny-nın fondu ‘xarici agent’ elan olundu


Aleksey Navalny Moskvada etiraz aksiyasında
Aleksey Navalny Moskvada etiraz aksiyasında

Navalny Ədliyyə Nazirliyinin açıqlamasına dərhal cavab verib, deyib ki, Rusiya hakimiyyəti onun FBK fondundan özlərinə dair korrupsiyanı aşkarladığı üçün qorxur.

“Ədliyyə Nazirliyindən tələb edirik ki, hamının qarşısında FBK-nın azı bir penni xarici pul aldığını sübut eləsin”, – Navalny tvitində yazıb.

“Ədliyyə Nazirliyinin hərəkətləri tamamilə qanunsuzdur və aydındır ki, Prezident Vladimir Putinin birbaşa göstərişilə baş verir… Putin FBK-dan dəhşətli dərəcədə qorxur. Axı, o, oğruların, rüşvətxorların, korrusioner məmurların hakimiyyətinə bel bağlayır. Biz isə korrupsiyanı ifşa edirik. Bizi heç nə dayandıra bilməz”, – o vurğulayıb.

***

Rusiyanın Ədliyyə Nazirliyi müxalifət lideri Aleksei Navalny-nin Antikorrupsiya Fondunu “xarici agent” elan edib. Bu, 2012-ci ildə qəbul edilmiş, Qərbin kəskin qınağına səbəb olmuş qanun çərçivəsində gerçəkləşib. Nazirlik bu haqda oktyabrın 9-da bəyanat yayıb.

Ədliyyə Nazirliyinin Moskvadakı Baş departamentinin apardığı nəzarət nəticəsində təşkilatın xarici agentin funksiyalarına uyğun olaraq qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərdiyi müəyyən edilib, bəyanatda belə deyilir.

Bu təyinat o deməkdir ki, Antikorrupsiya Fonduna xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarına tətbiq olunan tələblər irəli sürüləcək. Yəni, qurum hökumət reyestrinə salınmaq üçün müraciət etməli, maliyyə mənbələri, məqsədləri, pulu necə xərcləmələri, menecerlərinin kimliyi haqda daimi hesabatlar verməlidir.

Antikorrupsiya Fondu 2011-ci ildə tanınmış müxalifət lideri Aleksei Navalny tərəfindən təsis olunub. O, Rusiya siyasətinin yuxarı eşalonlarında korrupsiyanı ifşa edir.

Fondun araşdırmaları ictimaiyyətin kəskin reaksiyasını doğurub. Məsələn, 2017-ci ildə Baş nazir Dmitry Medvedev-in sərvəti haqda araşdırma Rusiyada kütləvi etirazlara səbəb olub.

Navalny bu yaxınlarda 30 sutka həbs cəzası çəkib. Onun Moskva Dumasına seçkilərə müstəqil namizədlərin buraxılmamasına etirazları təşkil etdiyi iddia olunub. Seçkiyə buraxılmayan 30 namizəddən beşi Antikorrupsiya Fondunun əməkdaşları, yaxud ona bağlı şəxslər idi.

Fond avqustda bütün hesablarının bloklandığını açıqladı. İstintaq Komitəsinin bunun çirkli pulyuma istintaqı çərçivəsində həyata keçirildiyini bildirdi.

XS
SM
MD
LG