Azərbaycan xəbərləri
Müsavatın qurultayının vaxtı dəyişib
Müsavat Partiyasının oktyabrın 12-nə planlaşdırılan qurultayının bir gün sonraya keçirildiyi bildirilir.
Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyası başqanı Arif Hacılı məlumat verib: «Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) və «Büllur» sarayı ilə müzakirələrdən sonra qurultayı oktyabrın 13-nə keçirməyə qərar verdik. «Büllur»dan bizə bildirdilər ki, oktyabrın 12-də mərasimi var, amma 13-də keçirə bilərsiniz».
Bu məlumatı, hələlik, «Büllur saray»dan dəqiqləşdirmək mümkün olmayıb.
Müsavat Partiyası qurultayını 12-də keçirməyi planlaşdırırdı.
Müsavatın qurultayına problem çıxıb
Müsavat Partiyasının IX qurultayının keçiriləcəyi planlaşdırılan məkandan mənfi cavabın gəldiyi bildirilir.
Bu barədə AzadlıqRadiosuna məlumat verən partiyada başqan müavini Səxavət Soltanlı bildirib ki, qurultayın keçirilməsi «Büllur» şadlıq sarayında nəzərdə tutulmuşdu: «Bakı şəhər İcra Hakimiyyətinin partiyaya verdiyi cavabda da qeyd edilir ki, qurum qurultayın həmin məkanda keçirilməsinə etiraz etmir. Lakin son anda «Büllur»dan bizə bildirilib ki, yer verməkdən imtina edirlər. Səbəbini isə göstərmədilər. Bircə dedilər ki, onlar özəl bir obyektdirlər və icra hakimiyyəti onların qərarına qarışa bilməz».
S.Soltanlı əlavə edib ki, hazırda partiya digər məkanlarla danışıqlar aparır: «Yaranmış yeni situasiya müzakirə edilir. Ümid edirik ki, oktyabrın 12-də qurultay keçiriləcək».
«Turan» agentliyinin xəbərinə görə, sözügedən məkandan bildirilib ki, həmin obyekt artıq uzun müddətdir şadlıq sarayı kimi fəaliyyət göstərmir. Agentliyə obyektdən bildirildiyinə görə, bu ərazidə «Büllur» kafe və mərasim evi yerləşir.
Lakin həmin obyektin nümayəndəsi Müsavat Partiyasına qurultay keçirilməsi üçün yer verilməməsinin səbəbi barədə danışmaq istəməyib.
Müsavat Partiyasi başqanı Arif Hacılının sözlərinə görə isə, halbuki, bundan əvvəl «Büllur»dan qurultayın keçirilməsinə problem olmayacağını bildirmişdilər.
Məsələyə, hələlik, Bakı şəhər İcra Hakimiyyətindən isə münasibət almaq mümkün olmayıb.
Müsavata qurultay keçirməyə yer verilib
Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının oktyabrın 12-nə nəzərdə tutulan qurultayının keçirilməsinə yer ayrılması ilə bağlı müraciətini cavablandırıb.
Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyasından bildiriblər.
Partiyadan verilən məlumata görə, paytaxt icra hakimiyyəti Təşkilat Komitəsinə tədbirin Binəqədi rayonunda yerləşən «Büllur» şadlıq sarayında (keçmiş «İnqilab» kinoteatrı) keçirilməsinə etiraz etmədiyini bildirib.
Müsavat Partiyasından bildirildiyinə görə, onlar şəhər icra hakimiyyətinə qurultayın keçirilməsindən ötrü bir neçə məkan təklif ediblər.
Müsavat Partiyası 1911-ci ildə yaradılıb. Onun yaradılması prosesində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadə də yaxından iştirak edib. 1920-ci il, sovet işğalından sonra bu partiya, əsasən, mühacirətdə fəaliyyət göstərib.
1992-ci ildə Müsavat Partiyasının yenidən təşkili ilə bağlı Bərpa mərkəzi yaradılıb. Azərbaycan Milli Məclisinin ovaxtkı sədri İsa Qəmbər partiyanın başqanı seçilib. 1993-cü ildən partiya müxalifətdədir. 2014-cü ilə kimi partiyaya İ.Qəmbər rəhbərlik edib. 2014-cü ildə partiyanın VIII qurultayında Arif Hacılı başqan postuna seçilib.
Hazırda IX qurultay ərəfəsində partiya başqanlığına 3 şəxs iddiasını qoyub. Bunlar hazırkı başqan Arif Hacılı, Müsavat Partiyası Divanının üzvləri Yadigar Sadıqlı və Tofiq Yaqubludur.
Amma partiya rəhbərliyi bildirir ki, rayon təşkilatlarının hesabat-seçki yığıncaqlarına yerli hüquq-mühafizə orqanları ciddi maneələr yaradırlar. Hərçənd, rəsmilər ölkədə dinc, sivil siyasi fəaliyyətə maneələrin olduğunu təsdiqləmirlər.
Bütün xəbərləri izləyin
AXCP İmişli şöbəsinin fəalının saxlandığı deyilir
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) İmişli rayon şöbəsinin fəalı, ikinci qrup əlil (Qarabağ müharibəsində xəsarət alıb) Vüqar Qədirlinin bu gün, dekabrın 12-də rayon ərazisində işlədiyi kafedə, sonradan yaşadığı evində polisin axtarış apardığı bildirilir.
Partiyadan yayılan məlumata görə, axtarış başa çatdıqdan sonra V.Qədirlini onlar özləri ilə aparıblar.
Məlumata Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Müxalifətdə olan AXCP-nin sədr Əli Kərimli də daxil 20-yə qədər fəalı hazırda həbsdədir. Partiya müxtəlif ittihamlarla üzləşən bu şəxslərin həbsini siyasi sayır. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı fikirləri əsassız sayırlar. Onların vurğulamasına görə, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Yerli hüquq müdafiəçilərinə görə, hazırda Azərbaycan həbsxanalarında 400-ə yaxın siyasi məhbus var.
10 ayda doğuş 6 min azalıb
Bu ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 80 min 802 doğulan körpə qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) aylıq hesabatında qeyd olunub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10.1-dən 9.5-ə düşüb.
DSK-nin məlumatına görə, ötən ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 86 min 274 körpə qeydə alınmışdı.
Rəsmi məlumatlara görə, Azərbaycanda əhali artımı davam etsə də, son 10 ildə doğum 60 faiz azalıb.
'Qara qızıl' azalmaqda davam edir və qiymətdən düşür
Bu gün, dekabrın 15-də Azərbaycan neftinin bir bareli 65 dollardan belə aşağı satılıb. Neftin qiyməti düşməkdə davam edir. Bu ilin büdcəsində neftin bir barelinin ixrac qiyməti 70, gələn ilin büdcəsində isə 65 dollar götürülüb.
Qiymətlə yanaşı, hasilatda da düşüş davam edir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 23 milyon 43 min ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil edilib. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.1 milyon ton və ya 4.6 faiz azdır.
Ölkədə neft hasilatının pik dövrü 2009-cu ildə olub - 50.9 milyon ton.
Aparılan hesablamalara görə, ötən il ərzində Azərbaycan neftinin orta qiyməti 82.87 ABŞ dollarına bərabər olub. Bu il isə bu rəqəm, hələlik, 70 dollardan cüzi artıqdır.
Azərbaycanın ixracının 90 faizi neft və qazın payına düşür. İqtisadçıların fikrincə, nə qədər ki Azərbaycanda qeyri-neft sektoru real şəkildə inkişaf etməyib, "qara qızıl"ın hasilatının azalması və dəyərinin düşməsi ciddi böhrana yol aça bilər.
Ardıcıl üç aydır Azərbaycanda orta maaş düşür
Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9.4 faiz artaraq 1086.3 manat təşkil edib.
Amma DSK-nın aylıq hesabatlarının təhlili göstərir ki, ardıcıl üç aydır Azərbaycanda orta maaş düşür . 2025-ci ilin sentyabrında bu rəqəm 1087.7, avqustda 1093.8, iyulda isə 1098.1 manat olub.
Bu düşüşə hökumət rəsmilərindən münasibət almaq mümkün olmayıb. Amma bunun gələn ilin pensiyalarına da təsir edəcəyi qaçılmazdır. Son illər (2023-cü ildən bəri) qanunvericiliyə edilən dəyişikliyə əsasən, ölkədə pensiyalar inflyasiyaya görə yox, orta əməkhaqqı artımına əsasən indeksləşdirilir.
Azərbaycan və Rusiya arasında siyasi məsləhətləşmələr olub
Dekabrın 9-da Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi ilə Rusiya Xarici İşlər Nazirliyi (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Bu barədə Azərbaycan (XİN) məlumat yayıb.
Məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Samir Şərifov, Rusiyadan isə xarici işlər nazirinin müavini Mixail Qaluzin rəhbərlik edib.
"İki ölkə liderləri arasında cari ilin 9 oktyabr tarixində Düşənbədə keçirilmiş görüşdə əldə olunmuş razılaşmaların ikitərəfli siyasi dialoqun əsasını təşkil etdiyi vurğulanıb", - XİN bildirir.
Üç il əvvəl fevralın 22-də Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə imzalanıb. Bəyannamədə iki ölkə arasında bütün sahələrdə əməkdaşlığı gücləndirmək vacib sayılırdı.
Amma liderlərinin iki ay öncə Düşənbədə görüşünə qədər son dönəmlər Azərbaycan və Rusiya arasında müəyyən gərginlik də müşahidə edilib. Xüsusilə bu, ötən ilin sonunda Azərbaycana məxsus təyyarənin Qazaxıstan ərazisində qəzaya düşməsindən sonra özünü göstərməyə başlayıb. Azərbaycan rəsmiləri vurğulayırdı ki, təyyarə Rusiya ərazisində vurulub və 30-dan çox insan həlak olub. Onların mövqeyinə görə, Rusiya tərəfi üzr istəməli, təqsirkarlar məsuliyyətə cəlb edilməli və zərərçəkən ailələrə kompensasiya ödənilməlidir. Kreml rəhbərliyi hadisə ilə bağlı üzrxahlıq etsə də, rəsmi Bakının başqa istəklərini gerçəkləşdirmirdi. Nəhayət, oktyabrın 9-da ölkə rəhbərlərinin görüşündə Rusiya prezidenti təyyarənin onların ərazisində vurulmasını etiraf edərək müqəssirlərin cəzalanacağı və kompensasiya ödəniləcəyi ilə bağlı vəd verib.
Buna qədər həm Bakıda Rusiya vətəndaşları, o cümlədən "Sputnik-Azərbaycan"ın rəhbər şəxsləri və həm də Rusiyada Azərbaycan diasporunun bir çox təmsilçiləri həbs edilmişdilər. Liderlərin görüşündən sonra Rusiyada bəzi həbs edilən diaspor təmsilçiləri (hərçənd belə həbslər hələ də davam edir) və "Sputnik-Azərbaycan" təmsilçiləri azadlığa buraxıldılar.
Azərbaycanda müstəqil ekspertlər düşünür ki, əslində rəsmi Bakı və Kreml arasında bəzən soyuqluq müşahidə edilsə də, onları daim bir-birinə strateji müttəfiqlik telləri bağlayır.
Namizəd Səfərov həbs edilib
Hüquqşünas Namizəd Səfərov həbs edilib.
Dekabrın 10-da Xətai rayon Məhkəməsində bununla bağlı vəsatətə baxılıb.
Qərara əsasən, onun barəsində 4 ay müddətə həbs-qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürüldüyü bildirilir.
Həmin ittihamla şəxsə 10 ilə qədər həbs nəzərdə tutulur.
İttihama ondan ayrılıqda münasibət almaq mümkün olmayıb. Amma yaxınları ittihamı qurama və siyasi sayır.
+++
Dekabrın 9-da hüquqşünas, Vəkillər Kollegiyasının keçmiş üzvü Namizəd Səfərovu mülkigeyimli şəxslərin saxlayıb naməlum istiqamətə apardıqları bildirilir.
Bu barədə AzadlıqRadiosuna onun yaxınları məlumat verib. Onlar hazırda hüquqşünasın yerini dəqiqləşdirməyə çalışırlar.
Məsələyə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
N.Səfərov Vəkillər Kollegiyasından 2005-ci ildə çıxarılıb. O, bunu kollegiyanın rəhbərliyini tənqid etməsi ilə əsaslandırıb. Kollegiyadan isə həmin qərar qanunvericiliyin tələblərinin pozulması ilə izah edilmişdi.
N.Səfərov bir sıra müxalifət qüvvələrini birləşdirən Milli Şurasının da üzvü olub. Amma 2020-ci ildən oradan özü istefa verib.
Sənaye istehsalı azalır, ÜDM artır...
Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 2025-ci ilin yanvar-noyabr aylarında 57.5 milyard manatlıq məhsul istehsal ediblər. Statistika Komitəsi (ASK) bildirir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.1 faiz azdır: "Neft-qaz sektorunda məhsul istehsalı 2.1 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 4.8 faiz artıb".
DSK əlavə edir ki, bu ilin 11 ayında Ümumi Daxili Məhsulda (ÜDM) isə arım var: "2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 116 milyard 320.1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.6 faiz çox ÜDM istehsal olunub".
Açıqlamaya görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1.8 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 3.2 faiz artıb.
Müstəqil iqtisadçılar Azərbaycan iqtisadiyyatının böyüməsində bu rəqəmi yetərli saymırlar. Azərbaycan hökumətinin proqnozlarında da 2025-ci ildə 3-4 faizlik iqtisadi artımdan bəhs edilirdi.
Mərkəzi Bank uçot dərəcəsini endirib
Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci il üzrə sonuncu dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb.
AMB İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb.
Uçot dərəcəsi 6.75, faiz dəhlizinin aşağı həddi 5.75, faiz dəhlizinin yuxarı həddi isə 7.75 faizə endirilib.
Qurum hesab edir ki, hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya uyğun hərəkət edir və hədəf daxilindədir. 2025-ci ilin oktyabrında 12 aylıq inflyasiya 5.9 faiz təşkil edib
Amma müstəqil iqtisadçılar bu rəqəmə şübhə ilə yanaşır, inflyasiyanın daha yüksək olduğunu iddia edirlər. Onların sözlərinə görə, Azərbaycanda uçot dərəcəsinin müəyyən edilməsi bir qədər formal xarakter daşıyır. Həmin şəxslər deyir ki, uçot dərəcələri dəyişəndə belə bu bank faizlərinə təsir göstərmir. Əslində uçot dərəcəsi aşağı olarsa, kredit faizləri aşağı düşməlidir.
Müstəqil ekspertlər vurğulayırlar ki, ölkədə iqtisadi institutlar zəif olduğu üçün Mərkəzi Bankın və onun faiz dərəcəsinin iqtisadiyyatda ciddi rol almasında problemlər var.
2026-cı il dövlət büdcəsi qəbul edildi
Milli Məclisin bu gün, dekabrın 9-da keçirilən iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.
Sənədə əsasən, 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri 41 milyard 703 milyon 600 min manat proqnozlaşdırılır.
Beləliklə, gələn il dövlət büdcəsinin gəlir və xərclərində bir neçə yüz milyon manatlıq – müvafiq olaraq 0.66 faiz və 0.71 faiz artım proqnozlaşdırılır. Bu, büdcədə son illərin ən aşağı artımı sayılır.
Bu ilin büdcəsində neftin bir barelinin orta qiyməti 70 dollar götürülüb. Həmin rəqəm gələn ilin sənədində isə 65 dollar müəyyən edilib. Sənəddə bu azalmanın, əsasən, artan vergi daxilolmaları ilə kompensasiya ediləcəyi gözlənir.
2026-cı il dövlət büdcəsində diqqət çəkən məqamlardan biri də icbari tibbi sığorta fonduna ayrılan vəsaitdə əvvəlki illə müqayisədə azalmadır. Sənəddə sözügedən istiqamətə 900 milyon manatın ayrılması nəzərdə tutulub. Bu da 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 516 milyon 405 min manat (36.5 faiz) azdır. Yeni qanunvericiliyə görə, qeyri-rəsmi çalışanların, yəni işsiz kimi qeydiyyatda olmayanların icbari tibbi xərclərini dövlət qarşılamayacaq.
Əvəzində sənəddə müdafiə xərclərində artım var.
Kobaxidze Azərbaycan yanacağının Ermənistana ilk tədarükünə görə pul almamağı tapşırıb
Gürcüstanın baş naziri İrakli Kobaxidze Azərbaycandan Ermənistana Gürcüstan ərazisindən ilk yanacaq tranziti üçün ödəniş almamağı tapşırıb. "Gürcüstan Dəmir Yolu"na sözügedən yükün bir dəfə və tamamilə pulsuz daşınması tapşırılıb. Bu məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayıb.
Bundan öncə Azərbaycan KİV-lərində "Azərbaycandan Ermənistana dəmir yolu ilə yanacaq tədarükünün tarif maneələri səbəbindən gecikməsi" haqda məlumat yayılıb.
Nazirliyin bəyanatında deyilir ki, dekabrın 5-də tərəfdaş ölkələr bu məsələ ilə Gürcüstan hökumətinə müraciət edib.
"Gürcüstan həm Ermənistanın, həm də Azərbaycanın strateji və etibarlı tərəfdaşı olaraq qalır. Biz həmişə regionda sülhü və əməkdaşlığı dəstəkləmişik və dəstəkləyirik", – bəyanatda bildirilir.
"Minval Politika" "Gürcüstan sülhə qarşı oynayır: Tbilisi Bakının səbrini sınayır" başlıqlı məqalədə yazırdı ki, Gürcüstan 111 km-lik məsafə üçün tona 92 ABŞ dolları tarif təqdim edib, bu isə hər kilometr üçün tona 0.82 dollar deməkdir.
"Müqayisə üçün: Azərbaycan ərazisində oxşar yüklər 680 km məsafəyə – Yalama stansiyasından Böyük-Kəsik stansiyasına 17 ABŞ dollarına daşınır, yəni hər kilometr üçün tona 0.02 dollar. Bu, Gürcüstanın təklif etdiyi tarifdən 40 dəfə aşağıdır. 40 dəfə fərq bazar göstəricisi deyil, niyyətdir", – məqalədə vurğulanırdı.
Azərbaycan mediası daha öncə yük maşını sürücülərinin üzləşdiyi problemlərdən yazıb. İddia olunurdu ki, gürcü məmurlar sürücülərə "Zəngəzur dəhliziniz hazır olanda Zəngəzurdan keçin" deyiblər.
Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti Azərbaycan yüklərinin bloklanması barədə məlumatları təkzib edib. Qurum belə iddiaların həqiqətəuyğun olmadığını, ictimaiyyəti çaşdırdığını vurğulayıb.
Böyük Britaniya Azərbaycanla strateji tərəfdaşlıq istəyir
Azərbaycan prezidenti İlham Əliyev dekabrın 4-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koukeri qəbul edib.
President.az saytının məlumatına görə, Kouker iki ölkə arasında dostluq və etimada əsaslanan münasibətləri qeyd edərək əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb.
İkitərəfli münasibətlərin zəngin tarixinin olduğunu deyən Azərbaycan dövlət başçısı isə əməkdaşlığın enerji sektorundan başladığını və daha sonra bir çox sahələri əhatə etdiyini vurğulayıb. Prezident Əliyev ticarət, investisiya və digər sahələrdə əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu deyib. O, hazırda iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yeni səhifənin açılmasına toxunaraq, bunu qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirib.
Xatırlatma
Azərbaycanın Qərblə münasibətində həmişə Böyük Britaniya ayrıcalıq təşkil edib. Elə bu ölkənin BP şirkəti də "Əsrin neft müqaviləsi"nin əsas pay sahiblərindəndir. ("Azəri"-"Çıraq"-"Günəşli" yataqlarının beynəlxalq şirkətlərlə birgə istismarını nəzərdə tutur) Amma son bir ildə Azərbaycanın bu ölkəyə ixracında azalma var. İdxalda isə əks proses gedir.
AzadlıqRadiosunun jurnalisti həbsdə 'Qızımla iqtisadiyyat söhbətləri'ni tərcümə edib
AzadlıqRadiosunun həbsdə olan jurnalisti, iqtisadçı Fərid Mehralızadə yunan iqtisadçısı Yanis Varufakisin "Qızımla iqtisadiyyat söhbətləri" kitabını tərcümə edib.
Bu əsər qlobal iqtisadiyyatın əsaslarını izah edir. Müəllif mürəkkəb iqtisadi anlayışları gündəlik həyatdakı nümunələrlə, pulun, bazarların, əmək və kapitalın mahiyyətini açıqlayır. Ədalətsizlik, bərabərsizlik və müasir böhranların səbəbləri göstərilir.
Müəllif kitabı öz qızına xitab şəklində yazsa da, mətn bütün yaş qruplarından olan oxucular üçün nəzərdə tutulub.
F.Mehralızadə hazırda 9 illik həbs cəzası çəkir. "AbzasMedia" korrupsiya araşdırmaları nəşrinə qarşı onun da ittiham olunduğu cinayət işi üzrə ümumilikdə 7 jurnalistə 7 il yarımdan 9 ilədək həbs kəsilib. Onlar valyuta qaçaqmalçılığı, qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma, vergidən yayınma və s. əməllərdə suçlanır. Amma ittihamları rədd edir, peşəkar jurnalist fəaliyyətlərinə, korrupsiya cinayətlərini ifşa edən araşdırmalarına görə cəzalandırıldıqlarını deyirlər.
Yerli və beynəlxalq insan haqları təşkilatları bu hökmləri qınayıb, onları Azərbaycanda tənqidi səslərin susdurulması üçün repressiya kimi qiymətləndirib.
Hazırda ölkədə azı 30 jurnalist, ictimai fəal oxşar ittihamlarla həbsdədir. Hakimiyyət onların və siyasi məhbus sayılan digər şəxslərin haqsız həbsiylə bağlı beynəlxalq tənqidləri qəbul etmir, konkret cinayətlərə görə mühakimə olunduqlarını deyir. Beynəlxalq qurumlar isə hökuməti haqsız tutulanları azad etməyə çağırıb.
MİDA mənzilləri ilə bağlı 12 nəfər saxlanıb
MİDA mənzillərinin qanunsuz satışında şübhəli bilinən 12 nəfər saxlanıb. Bu barədə bu gün, dekabrın 3-də Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumata görə, Bakı şəhərində MİDA mənzillərinin sosial şəbəkələrdə qanunsuz satışını və kirayəyə verilməsini təşkil edən şəxslər müəyyən olunublar.
Açıqlamaya görə, müəyyən edilib ki, 12 nəfər dövlətin güzəştli şərtlərlə ayırdığı mənzillərin sosial şəbəkələr və onlayn platformalar vasitəsilə qanunsuz satışı, eləcə də kirayə reklamını aparıblar.
Saxlanan şəxslərin adları açıqlanmır. İddialara onların və ya vəkillərinin münasibəti bəlli deyil.
Güzəştli mənzillərlə bağlı cəmiyyətdə daim müzakirə və narazılıqlar olub. Hətta bir neçə dəfə aparılan satışların nəticələri ləğv edilib. Həmin məsələlərlə bağlı saxlanan və həbs edilənlər olub.
Xatırlatma
Sosial evlərin tikintisi ilə məşğul olan MİDA prezident İlham Əliyevin 2016-cı ilin aprelində imzaladığı sərəncamla yaradılıb. Satışlar "Elektron hökumət" portalı üzərində (e-gov.az) "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Agentliyin əsasnaməsinə görə, başlıca məqsəd vətəndaşların güzəştli mənzil əldə etmələrinə şərait yaratmaqdır. Bu mənzillərin ipoteka kreditləri ilə alınan adi mənzillərdən daha ucuz başa gəldiyi deyilir. Kredit illik 4 faiz dərəcəsi olmaqla 3-30 illiyə verilir.
Ekspertlər deyir ki, bu sahədə problemin həlli üçün ən yaxşı yol həmin mənzilləri almağa hüququ çatanlar arasında şəffaf şəkildə, canlı lotereyanın keçirilməsidir. Onların fikrincə, komissiyanın tərkibi vətəndaş cəmiyyətinin üzvlərindən, jurnalistlərdən ibarət olmalıdır.
Azərbaycanda 11 min 260 nəfər QİÇS mərkəzində qeydiyyatdadır
"Azərbaycanda ilk İİV-ə (İnsan İmmun virusu, İİV) yoluxmuş şəxs 1987-ci ildə aşkarlanıb. Ümumilikdə, 1987-ci ildən 2025-ci ilin üçüncü rübünün sonunadək 11 min 260 Azərbaycan vətəndaşı Respublika QİÇS-lə Mübarizə Mərkəzində rəsmi qeydiyyatdadır". Bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) direktoru Famil Məmmədov deyib.
HİV qan və qorunmayan cinsi əlaqə yolu ilə ötürülən, bədənin müxtəlif toxumalarında yerləşə bilən, ancaq əsas təsirlərini immun sisteminə göstərən bir virusdur.
QİÇS- Qazanılmış İmmun Çatışmazlığı Sindromunun qısaltmasıdır. HİV virusunun yaratdığı QİÇS immun sisteminin infeksiya və xərçəng xəstəliklərinə qarşı həssas olduğu mərhələdir.
F.Məmmədov əlavə edib ki, Azərbaycanda İİV-in aşkarlanması, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son tövsiyələrinə uyğun olaraq, RQMM və regionlarda yaşayan insanların müayinələrə əlçatanlığının təmin olunması məqsədilə 10 regional laboratoriyada həyata keçirilir.
1988-ci ildə əhalinin immun çatışmazlığı ilə əlaqədar keçirilmiş dünya ölkələri səhiyyə nazirlərinin sammitindən sonra ÜST hər il dekabrın 1-ni Ümumdünya QİÇS-lə Mübarizə Günü elan edib.
Paşinyanın müavini Qəbələyə gəlib
Noyabrın 28-də Qəbələdə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların 12-ci görüşü keçirilib.
AZƏRTAC-ın xəbərinə görə, görüşün tərəflərdən birinin ərazisində – Azərbaycanın Qəbələ şəhərində keçirilməsindən məmnunluq bildirilib. (əvvəlki görüşlər sərhəddə keçirilirdi)
Məlumata görə, tərəflər delimitasiya tədbirləri ilə bağlı təşkilati və texniki məsələləri, müvafiq təlimat layihələrini müzakirə ediblər.
Növbəti görüşü Ermənistan şəhərlərindən birində keçirməklə bağlı razılığa gəlinib.
Bu komissiyaların 11-ci görüşü bu il yanvarın 16 -da keçirilmişdi.
- 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
- Son illər iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları aparılıb. Nəhayət, bu il avqustun 8-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda sülh sazişini paraflayıblar. Sənəddə tərəflər bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir və qarşılıqlı iddiaların dayandırılması vacib sayılır.