Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:35

‘Trump işi’ndə ikinci xəbərçi peyda olub – Qərb mediası


Donald Trump
Donald Trump

ABŞ Prezidenti Donald Trump-ın Ukraynadakı işləri üzrə daha bir informasiya sızdıran – xəbərçi peyda olub. “The Associated Press” agentliyi bunun Ağ evi bürümüş impiçment qorxusunu daha da dərinləşdirdiyini yazır.

Hər iki xəbərçini təmsil edən vəkil Mark Zaid agentliyə mesajında bildirib ki, ikinci şəxs kəşfiyyat cameəsinin daxili nəzarət qurumuna danışıb və birincinin şikayətindəki informasiyanı təsdiqləyə bilər. Şikayətdə iddia olunur ki, Trump ukraynalı həmkarına demokratlardan prezidentliyə namizəd Joe Biden barəsində araşdırmaq aparmaq üçün təzyiq göstərib. Zaid ikinci xəbərçinin də kəşfiyyat sahəsində çalışdığını, əsas tədbirlər haqda “birinci əl bilgisi” olduğunu deyib.

İkinci xəbərçinin peyda olması Trump və müttəfiqlərinin arqumentlərinə zərbə vurur. Axı, onlar ilkin şikayəti gözdən salmağa çalışırdılar, onu siyasi motivli adlandırır, düzgün təqdim olunmadığını deyir, etibarsız sayır, ikinci, üçüncü əl informasiyaya əsaslandığını deyirdilər.

Ağ ev Trump-ın Ukrayna Prezidenti Volodymyr Zelenskiy ilə telefon söhbətinin ilkin mətnini yayıb. Həmin transkript şikayətin əsas iddiasını təsdiqləyirdi, yəni Trump-ın Biden barəsində araşdırmaq aparmaq üçün həmkarına təzyiq göstərdiyini. İndilik, nə Biden, nə də Ukraynada qaz şirkətinin idarə heyətində olmuş oğlu Hunter-in hansısa yanlışa yol verməsinə dəlil ortaya qoyulmayıb.

Prezidentin “əsl problemi”

Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin demokrat üzvü Jim Himes deyib ki, ikinci xəbərçinin danışması hökumət daxilində daha böyük dəyişikliyi göstərir.

“Prezidentin əsl problem ondadır ki, onun davranışı artıq adamların ona ‘Yetər’ dediyi həddə çatıb”, – Himes vurğulayıb.

Artıq ABŞ-ın Ukrayna üzrə keçmiş xüsusi elçisi Kurt Volker Palata komitələrində ifadə verib. Bu həftə ABŞ-ın Avropa Birliyindəki səfiri Gordon Sondland və Ukraynada səfir postundan qəfil kənarlaşdırılmış Marie Yovanovitch-in ifadə verəcəyi gözlənir.

Trump və tərəfdarları onun hansısa yanlışa yol vermədyini deyir, Ağ ev isə vahid mövqe ilə çıxış etməyə çalışır. Bazar günü xəbər proqramlarında administrasiyasının hansısa rəsmisi prezidenti müdafiə etməyib. Bəzi respublikaçılar isə demokratları hədəfə alıblar. Hətta respublikaçılardan bəziləri belə bir fikir irəli sürüblər ki, Trump ötən həftə Çini Biden-lə bağlı araşdırma aparmağa çağıranda zarafat edib.

Demokratlardan 2020-ci il seçkisində namizəd olmağa iddialı Biden isə “The Washington Post”da yazıb ki, Trump-a və “onun hakimiyyətdən sui-istifadəsini asanlaşdıranlara” mesajı var. “Bilin ki, heç yana gedən deyiləm. Məni, ailəmi məhv edə bilməyəcəksiniz”, – o vurğulayıb.

XS
SM
MD
LG