Keçid linkləri

2024, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 18:36

Poroshenko seçki razılaşmasına görə hökuməti ittiham edir


Donetskdə ukraynalı hərbçi
Donetskdə ukraynalı hərbçi

Ukraynanın keçmiş lideri hazırkı hökuməti ölkənin maraqlarına xəyanətdə ittiham edib. Bir gün öncə hökumət ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçılarla razılaşma imzalayıb.

“Bu, Rusiyaya təslim olmaqdır”, – keçmiş prezident Petro Poroshenko parlamentdə jurnalistlərə deyib. Xəbəri “The Associated Press” agentliyi yayıb.

Oktyabrın 1-də separatçılarla əldə olunmuş razılaşmaya görə, Rusiya və Avropadan olan vasitəçilər üsyançıların əlində olan ərazilərdə seçki keçirməyə boyun olurlar. Prezident Volodymyr Zelenskiy bunu beş ildir gedən münaqişənin həlli yolunda böyük addım adlandırıb.

Petro Poroshenko
Petro Poroshenko

2014-cü ildən separatçılarla hökumət qüvvələrinin toqquşmalarında 13 mindən çox adam həlak olub.

Poroshenko daxil olmaqla müxalifət razılaşma barədə həyəcan təbili çalışıb, bunun Rusiyanın regionda möhkəmlənməsinə yol açdığını bildirib.

“Rusiyanın dəyirmanına su tökmək”

Poroshenko deyib ki, bu razılaşma “Rusiyanın dəyirmanına su tökməkdir”, çünki Ukrayna orada seçki keçirmək öhdəliyi götürsə də, Rusiyayla sərhədə nəzarəti ələ alacağına hər hansı təminat almayıb.

Parlamentin keçmiş spikeri Andriy Parubiy sazişlə bağlı dinləmələrin keçirilməsinə çalışacağını deyib. O, Zelenskiy administrasiyasını cəmiyyəti qərarvermə prosesindən kənarlaşdırmaqda ittiham edib.

Zelenskiy-nin partiyası parlamentdə çoxluğa malikdir. O, bu yay keçirilən növbədənkənar seçkidə Poroshenko və Parubiy-in müttəfiqlərini məğlubiyyətə uğradıb.

Son illər Rusiya Ukraynanın şərqiylə sərhədindən separatçılara əsgər və silah göndərir.

Zelenskiy bu gün deyib ki, regionda seçki Ukrayna qanunvericiliyinə uyğun keçiriləcək və bu, Ukrayna sərhədə nəzarəti ələ alandan sonra baş verəcək.

Ukraynanın danışıqlardakı elçisi Leonid Kuchma-nın sözçüsü Darka Olifer agentliyə deyib ki, əgər ATƏT seçkinin azad və ədalətli keçməsini bildirərsə, bütün tərəflər seçkini tanımaq öhdəliyi götürüblər.

Zelenskiy-nin Rusiya Prezidenti Vladimir Putin, Fransa və Almaniya liderləri ilə sammiti öncəsi seçkiylə bağlı bu razılaşma yekun əngəl sayılırdı.

Rusiya son illər Ukraynanın şərqindəki münaqişədə əli olduğunu danır, əsgərlərini geri çəkir, oradakı proksi qüvvələrə bel bağlayır. Bu arada separatçılar öz döyüşçülərini polis və digər hüquq-mühafizə əməkdaşları kimi qələmə verməyə başlayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG