Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 09:44

Prezident naziri işdən çıxarıb, iclasdan qovub


Iskander Mulikov
Iskander Mulikov

Türkmənistan Prezidenti Gurbanguly Berdymukhammedov hökumətin geniştərkibli iclasında Daxili işlər naziri Iskander Mulikov-u işdən çıxarıb. Prezident Baş prokuror Batyr Atdaev-in Mulikov-un nöqsanlarına dair hesabatını dinləyəndən sonra onun işdən çıxarıldğını elan edib və iclas zalından qovub.

Keçmiş nazirin rütbəsi mayor dərəcəsinə endirilib və dövlət mükafatları alınıb. Məlumatı AzadlıqRadiosu-nun türkmən xidməti yayıb.

Daxili işlər naziri vəzifəsinə Mammetkhan Chakiyev təyin olunub. O, nazirlər kabinetinin sədr müavini postunda çalışırdı.

Bundan öncə Azatlık radiosu daxili işlər nazirinin sürücüsü Maksat Amanovun həbs olunması haqda məlumat yaydı. Xidmətin məlumatına görə, nazirin işdən çıxarılması və sürücüsünün həbsi Aşqabadda biznesmen Char Kulov və keçmiş xarici iqtisadi əlaqələr naziri Amandurd İshanov-un həbsləri ilə bağlıdır.

Mulikov-un biznes maraqlarına Aşqabadda bir neçə restoran, kafe və mağaza daxildir. “Okean” restoranı, “Ayperi” və “Türk yeməkləri” kafeləri müsadirə olunub.

Azatlyk-ın mənbələrinin fikrincə, DİN sistemində təmizləmə Iskander Mulikov-la Milli təhlükəsizlik naziri Yaylım Berdiyev arasındakı çəkişmənin nəticəsidir.

Mənbələrin deməsinə görə, Mulikov-un Türkmənistan prezidentinin yaxın qohumları arasında nüfuzlu hamisi olduğundan o, vəzifədə sələflərindən daha çox qala bilib.

Mulikov 2009-cu ilin mayından daxili işlər naziri idi.

XS
SM
MD
LG