Rusiyada alkoqol istehlakı 2003-cü ildən bəri 43% azalıb. Bu haqda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında söz açılır. Hesabat barədə “Agence France-Presse" yazır.
ÜST azalmanı idmanı sevən Prezident Vladimir Putin-in hakimiyyəti altında görülmüş bəzi tədbirlərlə bağlayır. Buraya alkoqol satışına qadağalar, sağlam həyat tərzinin təbliği daxildir.
“Rusiya Federasiyası uzun müddət dünyada ən çox içki içilən ölkələrdən sayılıb. Ancaq son illər əks-tendensiya gedib”, – oktyabrın 1-də açıqlanmış hesabatda vurğulanır. 1990-cı illərdə ölüm hallarının kəskin artımında alkoqolun böyük rol oynadığı qeyd edilir.
İndi daha çox yaşayırlar
Araşdırma üzə çıxarıb ki, 2003-2016-cı illərdə adambaşına alkoqol istehlakı 43% azalıb, bunda qeyri-leqal alkoqol istifadəsində kəskin enişin də rolu olub.
Müəlliflərin fikrincə, bu trend Rusiyada ömür uzunluğunun artmasına səbəb olub və bu göstərici 2018-ci ildə tarixi pik həddə çatıb. Həmin il qadınlar üçün ömür uzunluğu 78, kişilər üçün 68 ilə bərabərləşib. 1990-cı illərin əvvəllərində isə kişilərin ömür həddi 57 il idi.
Sovetlərin sonuncu lideri Mikhail Gorbachev da alkoqola qarşı kampaniyaya aparırdı, qismən məhdudiyyətlər qoymuşdu. 1980-ci illərin ortalarından 1990-cı ilədək istehlak azalmışdı. Ancaq Sovet İttifaqı dağılandan sonra alkoqol istehlakı sürətlə artdı, 2000-ci illərin başlanğıcınadək yüksəliş yaşadı.
Putin Rusiyasında gecə 11-dən sonra alkoqol satışına qadağa qoyulub, spirtli içkilərin pərakəndə satış qiyməti artırılıb, reklamı məhdudlaşdırılıb.
ÜST-nin daha öncəki göstəriciləri Rusiyada böyüklərin Fransa və Almaniyadakından daha az alkoqol qəbul etdiyini üzə çıxarmışdı.
Moskva siqaretlə mübarizəni də gücləndirir, ötən həftə balkonlarda siqaret çəkməyə qadağa qüvvəyə minib.
2009-2016-cı illərdə tütündən istifadə 20 faizdən çox azalıb, rusiyalıların cəmi 30 faizinin tütündən istifadə etdiyi bildirilir.