Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:36

Ağ evdən informasiya sızdıran qoruma istəyir


Donald Trump
Donald Trump

ABŞ-da vəkillər Ağ evdən informasiya sızdırmış şəxs Konqresin kəşfiyyat komitələri ilə görüşmək istərsə onu qorumaqla bağlı təlimat gözləyirlər. Söhbət ABŞ Prezidenti Donald Trump-ın ukraynalı həmkarı ilə telefon söhbətilə bağlı şikayətdən gedir.

İki vəkil deyib ki, ABŞ kəşfiyyatının üzvü olan müştəriləriMilli Kəşfiyyatın direktoru Joseph Maguire-dən “cavab addımı” gözləyir. Məlumatı “AP” agentliyi sentyabrın 24-də yayıb.

Maguire sözügedən şikayətin Konqresə verilməməsi qərarını çıxarıb. Şikayət kəşfiyyatın baş müfəttişinə təqdim olunub.

Ancaq Trump administrasiyası bildirib ki, Ağ ev həftənin sonunadək şikayəti Konqresə təqdim etməyə hazırlaşır.

“Tam bir əcinnə ovu”

Bu arada ABŞ Nümayəndələr Palatasının demokrat lideri Nancy Pelosi sızdırılan məlumat üzrə Prezident Trump-a qarşı impiçment araşdırmasına göstəriş verib.

“Prezident də hərəkətləri üçün cavab verməlidir. Heç kəs qanundan üstün deyil”, – Pelosi televiziya müraciətində deyib.

Trump isə cəmi 9 dəqiqə sonra yazdığı tvitlərdə bu araşdırmanı “tam bir əcinnə ovu”, “prezidentə qarşı qısnama” adlandırıb.

Pelosi isə administrasiyanın sözügedən şikayəti açıqlamadığını əsas gətirib. İddialara görə, şikayətdə Trump-ın iyulun 25-də Ukrayna Prezidenti Volodymyr Zelenskiy-yə telefon zəngində ona verdiyi vədlərdən narahatlıq bildirilir.

Yayılan məlumatlarda deyilir ki, Trump Ukrayna liderinə keçmiş vitse-prezident Joe Biden-in ailəsiylə bağlı araşdırma aparmaq üçün təzyiq göstərib.

Trump Ukrayna üçün nəzərdə tutulmuş 400 milyon dollarlıq ABŞ yardımının dondurulmasına göstəriş verdiyini etiraf edib. O bunu Zelenskiy ilə telefon danışığından öncə edib. İddia olunur ki, Trump Zelenskiy-dən Joe Biden və onun oğlu Hunter-ə qarşı təhqiqatın başlanmasını istəyib. Biden-in oğlu vaxtilə Ukraynada bizneslə məşğul olub. Biden 2020-ci il ABŞ prezident seçkisində Trump-ın aparıcı demokrat rəqibi ola bilər.

“Biz müstəqil ölkəyik, hər şeyə hazırıq”

Zelenskiy sentyabrın 24-də BMT-də Amerikanın Səsi-nə müsahibədə təzyiqlə bağlı detallara varmayıb, deyib ki, “biz müstəqil ölkəyik, hər şeyə hazırıq”.

Bu gün Zelenskiy-nin BMT-nin Baş Məclisi çərçivəsində Trump-la görüşü gözlənir.

Əgər Pelosi-nin göstərişi prezidentə qarşı rəsmi prosedura yol açarsa, bu, Amerika tarixinə prezidentin impiçmentə məruz qaldığı üçüncü hal olacaq.

Konstitusiyaya görə, prezident “xəyanət, rüşvətxorluq, yaxud başqa ağır cinayətlər və qanun pozuntusu” səbəbindən vəzifədən kənarlaşdırıla bilər.

Adətən, impiçment prosedura Nümayəndələr Palatasının Ədliyyə Komitəsində başladılır, sonradan Palatada səsverməyə çıxarılır. Ancaq əsas dinləmə Senatda keçirilir. Prezidentin vəzifəsindən kənarlaşdırılması real görünmür, çünki Senata Trump-ın Respublikaçı Partiyası nəzarət edir.

Bir çox demokrat konqresmenlər və prezidentliyə namizədliyə iddialılar Pelosi-ni prezidentə qarşı impiçmentə göstəriş verməyə könülsüz yanaşdığını deyir, onu tənqid edirdilər. Ekspertlərin fikrincə, o, Senatdan keçməyəcək belə bir addımın 2020-ci il prezident seçkisi öncəsi Trump-ın tərəfdarlarını hərəkətə gətirəcəyindən ehtiyatlanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG