Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 12:14

Britaniya baş nazirinin istefasına çağırışlar edilir


Boris Johnson
Boris Johnson

Britaniyada Ali Məhkəmə baş nazir Boris Johnson-un parlamentin fəaliyyətini dayandırmaq sərəncamının qanunsuz olduğu barədə hökm çıxardıqdan sonra ölkənin müxalifət partiyaları baş nazirin istefasına çağırıblar.

Məhkəmənin qərarında deyilir ki, baş nazirin parlamentin fəaliyyətini 5 həftə müddətinə dayandırmaq qərarı qanunverici orqanı susdurmaq cəhdidir.

Müxalif Leyborist Partiyasının lideri Jeremy Corbyn Johnson-a “tutduğu vəzifəyə uyğunluğu məsələsini nəzərdən keçirməyi” və “Britaniya tarixində ən qısaömürlü baş nazir olmağı” məsləhət görüb.

Liberal-Demokrat Partiyası bəyan edib ki, Johnson baş nazir olmağa layiq deyil.

Johnson-un istefasına habelə Şotlandiya və Uels deputatları da çağırıblar.

Hazırda Nyu Yorkda BMT Baş Assambleyasında olan Boris Johnson hələ ora yollanmazdan əvvəl demişdi ki, məhkəmə qərarı onun hökumətinin xeyrinə olmasa belə, istefaya getməyəcək.

Sentyabrın 24-də məhkəmənin qərarını şərh edən baş nazir deyib ki, hökumət bu qərarla qətiyyən razılaşmasa da onu qəbul etməyə məcburdur.

Bununla belə o parlamentin fəaliyyətini bir daha dayandıracağını istisna etməyib. Lakin o əlavə edib ki, parlament bu dəfə kraliçanın çıxışı üçün, amma daha qısa müddətə bağlana bilər.

Hazırda Britaniya parlamentinin öz işini sentyabrın 25-də bərpa edəcəyi gözlənilir.

Britaniyanın Avropa İttifaqından ayrılmasının qatı tərəfdarları məhkəmə qərarından qəzəbləniblər və Ali Məhkəmə hakimlərinin seçilməsinə çağırıblar.

Breksitçilərin Leave.EU saytında Ali Məhkəmənin hakimləri “xalq düşməni” adlandırılıblar.

Bu da qeyd olunmalıdır ki, parlamentin işinin bərpa olunmasını təmin edən hökmə Ali Məhkəmənin 11 hakiminin hamısı səs verib.

Britaniya parlamentinin işinin təxirə salınması ‘qanunsuzdur’

Böyük Britaniya Ali Məhkəməsi Baş nazir Boris Johnson-un parlamentin işinin təxirə salınması qərarını “qanunsuz” elan edib, qanunverici orqanın istədiyi vaxt yığışa biləcəyini bəyan edib.

Ledi Brenda Hale hökmü oxuyur
Ledi Brenda Hale hökmü oxuyur




Ali Məhkəmənin Prezidenti Brenda Hale sentyabrın 24-də qərarı oxuyarkən deyib ki, 11 hakim bu qərarla razıdır.

“Kraliçaya parlamentin işinə fasilə verməklə bağlı tövsiyə qanunsuz idi, çünki məntiqi əsaslandırma olmadan parlamentin öz konstitusion funksiyalarını yerinə yetirmək qabiliyyətini pozmaq, yaxud əngəlləmək effekti daşıyıb”, – Hale deyib.

Johnson-un parlamentin işini sentyabrın 10-dan oktyabrın 14-dək təxirə salması bir çox deputatlar tərəfindən sərt tənqid olunub. Deputatlar və təhlilçilərin fikrincə, bu, Böyük Britaniyanın Avropa Birliyindən çıxmasına az qalmış müzakirəni boğmaq cəhdidir.

Britaniya oktyabrın 31-dək AB-dən çıxmalıdır. Ancaq parlament hələ çıxmanın şərtlərini təsdiqləməlidir. Johnson deyib ki, sazişsiz, ya da sazişlə, ölkəni blokdan çıxaracaq.

Parlamentinin işinə fasilə verilməsini isə Kraliça Yelizaveta təsdiqləmişdi. Britaniyada ölkənin formal başçısı kraliçadır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG