Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:26

Trump-ın büdrəyən Yaxın Şərq koalisiyası – Qərb mediası


İsraildə Likud partiyasının seçki plakatında Benjamin Netanyahu və Donald Trump əks olunub

“Səudiyyəli jurnalist Jamal Khashoggi-nin qəddarlıqla qətlindən keçən 12 ay ərzində Səudiyyə Ərəbistanının beynəlxalq imicinin ziyan görməsi təəccüblü deyil. Khashoggi-nin qətlinin doğurduğu tufan yatınca tanış regional dinamikanın qayıtması da təəccüb doğurmur”. “Project-Syndicate” portalında NATO-nun keçmiş baş katibi Javier Solana yazır ki, son bir ildə Səudiyyə rejiminin yaşadığı zərbələrdən ən əsası Yəməndəki müharibəylə bağlıdır. Burada Səudiyyə ilə İran arasında regional münaqişə gedir.

Dəyənək Netanyahu-nun əlində

“Bu il ABŞ Konqresi Birləşmiş Ştatları Yəmənə Səudiyyənin başçılıq etdiyi müdaxilədən uzaqlaşdırmaq məqsədi güdən bir neçə qətnamə qəbul edib… Prezident Donald Trump bu qətnamələrə veto qoysa da, bunlar Amerika siyasi sinifinin Səudiyyə rejiminin vəhşiliklərinə daha dözümlü yanaşmadığını göstərir, özəlliklə də Khashoggi-nin qətlindən sonra”, – müəllif yazır.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də Səudiyyə Ərəbistanı ilə sıx alyansın nüfuzuna vurduğu ziyana əhəmiyyət verir. Müəllif bütün bunlar azmış kimi, Səudiyyədə iki neft emalı zavoduna dron zərbələrinin də durumu ağırlaşdırdığını yazır. Hücumlara görə məsuliyyəti İranın Yəməndə dəstəklədiyi husi üsyançılar üzərinə götürsə də, Trump administrasiyası İranı ittiham edir.

“Ancaq son 12 ay Səudiyyə Ərəbistanından ötrü ancaq pis xəbərlərdən ibarət olmayıb. Hökumətin Saudi Aramco dövlət şirkətini səhm bazarlarına salmaq planları yubansa da, rejim investorların inamını saxlamaqdadır”, – yazan müəllif elə Səudiyyənin Trump administrasiyası ilə də isti münasibətlər saxladığını vurğulayır.

J.Solana Trump-la yaxınlıqdan tam yararlanan daha bir regional liderin İsrailin Baş naziri Benjamin Netanyahu olduğunu qeyd edir. Əvvəlki prezident Barack Obama İranla müharibə deyil, diplomatik yanaşmaya tərəfdar idi, nüvə sazişi əldə etdi. “Trump isə səhvə yol verərək dəyənəyi Netanyahu-ya ötürdü. Netanyahu özünə daha bir həmfikir tapdı – Milli təhlükəsizlik müşaviri John Bolton-un Ağ evə getməsi ölkənin nüvə sazişindən çıxmasını tezləşdirdi”, – məqalədə deyilir. Ancaq Bolton prezidentlə bir sıra fikir ayrılıqlarından sonra administrasiyadan getdi.

B komandası

Müəllif Trump-ın 2020-ci il prezident seçkisi öncəsi xaricdə çoxsaylı münaqişəyə cəlbini istəmədəyini yazır. Hətta İran rəhbərliyi ilə danışıqları da nəzərdən keçirir.

“İranla diplomatik yaxınlaşma şansı yaransa belə, Trump Şimali Koreya lideri Kim Jong Un ilə münasibətdəki kimi özünü göstərməkdən, şəxsiyyətə yönəlik yanaşma sərgiləmədən əl çəkməlidir. Üstəlik, o, ziddiyyətli siyasət yürütməyi də dayandırmalıdır, necə ki administrasiyası bu ilin əvvəlində İranın Xarici işlər naziri Mohammad Javad Zarif-ə sanksiyalar tətbiq etdi”, – müəllif vurğulayır.

“Zarif özü Trump-ın periodik siyasətinin B komandasına bağlı olduğunu deyir: Səudiyyənin vəliəhd şahzadəsi Mohammad bin Salmana, Benjamin Netanyahu-ya, Boltona və BƏƏ-nin vəliəhd şahzadəsi Mohammed bin Zayed-ə. Birinci Khashoggi qasırğasını yatırda bilsə də, ikinci xeyli zəifləyib, üçüncü batıb, dördüncü isə kənara çəkilib. İndi vacib sual Trump-ın anti-İran koalisiyasının bunca zəifləməsinin regiona həddən artıq gərəkən pozitiv dəyişikliyə yol açmaqdan ötrü yetərli olub-olmayacağıdır”, – məqalədə deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG