Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:44

Ərəb partiyaları Netanyahu-ya qarşı birləşir


(soldan sağa) Benjamin Netanyahu, Reuven Rivlin və Benny Gantz

İsrailin ərəb partiyaları tarixi addım ataraq ilk dəfə Prezident Reuven Rivlin-ə baş nazirliyə namizəd tövsiyə ediblər. Bu, son 30 ildən də artıq bir müddətdə görünməmiş hadisə sayılır. Partiyalar bazar günü məsləhətləşmələrindən sonra deyiblər ki, Benjamin Netanyahu-nun yerinə keçmiş ordu komandiri Benny Gantz-ı dəstəkləyirlər.

“The Washington Post” qəzeti yazır ki, İsrailin yeni baş nazirini seçmək prosesi ikinci mərhələyə girib, gözlər ölkənin əsasən protokol vəzifə sayılan prezidentinə dikilib. Prezident parlament seçkisinin üçüncü dəfə keçirilməsini önləməyin yolunu axtarır.

Sonuncu dəfə 1992-ci ildə namizəd dəstəkləyiblər

Ərəb partiyaları ənənəvi olaraq namizəd tövsiyə etmirlər, bununla İsrailin fələstinlilərə qarşı davam edən işğalına etiraz edirlər. Sonuncu dəfə ərəb partiyası 1992-ci ildə namizəd dəstəkləyib. Onda Yitzhak Rabin baş nazir postuna keçib. Rabin daha sonra Fələstin lideri Yasser Arafat ilə tarixi Oslo sazişlərini imzaladı.

“Biz baş nazirliyə Benny Gantz-ı tövsiyə edəcəyik. Biz qanuni siyasi oyunçular olmaq, Netanyahu hökumətinə son qoymaq istəyirik”, – Birgə Siyahı lideri Ayman Odeh bazar günü Rivlin-lə görüşdə deyib.

“Birgə Siyahı” İsrail parlamentində əsasən ərəb partiyalarının birləşdiyi üçüncü böyük blokdur. Cənab Odeh həm də Hadash Partiyasının sədridir.

Rivlin Knesset-dəki doqquz siyasi blokdan dördünün təmsilçiləri ilə məsləhətləşmə aparıb. O, bazar ertəsi qalan fraksiyalarla görüşəcək, növbəti hökuməti formalaşdırmaq şansının Netanyahu, yaxud Gantz-a verilməsini qərarlaşdıracaq.

Netanyahu milli birlik hökuməti təklif edir, əsas rəqibləri isə onun dəvətini rədd edir.

Qeyri-adi durum

Keçmiş müdafiə naziri Avigdor Liberman da fərqli davranıb. O, indiyədək Netanyahu-ya sadiq olsa da, bu dəfə çoxdankı lideri dəstəkləməyəcəyini deyib, çünki Netanyahu son vaxtlar dini və sağ-qanad partiyaları ilə yaxınlaşır.

Liberman-ı da “Vahid Siyahı” dəstəkləyir, ancaq o, Gantz-ı tövsiyə etməyəcəyini söyləyib. O, yeganə həll yolu kimi milli birlik hökumətinin qurulmasını vurğulayır, Gantz, yaxud Netanyahu-nun baş nazir olmasının əhəmiyyət daşımadığını söyləyib.

Gantz-ın Mavi və Ağ partiyası ötən həftəki seçkidə Likud-dan 40 min çox səs qazanıb. Ancaq partiyaların heç biri 120 yerlik Knessetdə çoxluğu əldə edə bilməyib.

Qəzet yazır ki, Rivlin-in tərəfləri əməkdaşlığa necə cəlb edəcəyi aydın deyil, çünki onlar seçki kampaniyası zamanı müəyyən namizədlər və partiyaların olduğu hökumətə qoşulmayacaqlarını deyiblər.

“Belə bir durum heç vaxt yaranmayıb, ona görə də hansı variantların olduğunu bilmək çətindir...” – Yerusəlim Yəhudi Universitetinin fəxri hüquq professoru Mordechai Kremnitzer deyib. Onun sözlərinə görə, İsrail elə bil “qeyri-adi durum”dadır ki, “prezidentin eyni dərəcədə qeydi-adi nəsə seçəcəyi mümkündür”.

Ayman Odeh isə “The New York Times” qəzetində yazır ki, İsrailin ərəb fələstinli vətəndaşları Baş nazir Netanyahu-nu, “onun son on ildə apardığı qorxu və nifrət, bərabərsizlik və bölücülük siyasəti”ni rədd etməyi seçiblər.

“İsrail hökuməti biz ərəb fələstinli vətəndaşları rədd etmək üçün səlahiyyətində olan hər şeyi edib, ancaq bizim nüfuzumuz yalnız yüksəlib. Biz demokratiyanın sütunu olacağıq. Ərəb fələstinli vətəndaşlar İsrailin kursunu dəyişə bilməzlər, ancaq bizsiz dəyişiklik mümkünsüzdür”, – o yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG