Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:35

Rusiyada ksenofobiya yüksəlir


 Rusiyada işçi miqrantlar (infoqrafika)
Rusiyada işçi miqrantlar (infoqrafika)

Rusiyada artıq ikinci ildir miqrantlara mənfi münasibət yüksəlir. Ekspertlər yeni rəy sorğusunu ölkənin iqtisadi çətinliklərinə bağlayırlar.

Sorğunu Levada Mərkəzi keçirib. Araşdırmalar isə 2019-cu ilin əvvəlində Rusiyaya miqrasiyanın son on ildə ən yüksək səviyyəyə çatdığını üzə çıxarıb. Bu arada ölkə beş ildir Qərbin sanksiyaları altındadır, neft isə ucuzlaşır, əhalinin real gəlirləri yerində sayır.

Levada-nın sentyabrın 18-də açıqladığı sorğuya görə, respondentlərin 72 faizi Rusiyanın miqrasiyanı məhdudlaşdırmalı olduğunu deyib. Bu göstərici 2018 və 2017-ci illərdəkindən çoxdur.

“İki-üç ildən çoxdur yoxsulluq əhalini narahat edir, günah keçisi axtarıldığından miqrantlara münasibət də pisləşir”, – Levada-nın sosioloqu Karina Pipiya “Vedomosti” qəzetinə deyib.

Adamlar “siyasi düşünməyə” başlayanda

Respondentlərin 72 faizi özəlliklə əmək miqrasiyasını məhdudlaşdırmaq tərəfdarı olduğunu dilə gətirib. 64% deyib ki, adətən miqrantların gördüyü işləri onların qohumları, yaxud tanıdıqları başqa adamlar görə bilərdilər.

“Adamlar ‘siyasi düşünməyə’ başlayanda onların beyinlərində təhdidlər yaranır və daha ksenofobik olurlar”, – millətçilik və ksenofobiyanı izləyən SOVA Mərkəzinin rəhbəri Alexander Verkhovsky “Vedomosti”yə deyib.

Sorğu respondentlərin yarısının “Rusiya rusiyalılar üçün” şüarını dəstəklədiyini deyib. Ötən il bu göstərici 19, 2017-ci ildə isə 10% olub.

Mənfi münasibətin artması özünü daha çox qaraçılar, çinlilər və vyetnamlılara yanaşmada göstərib. Onlardan sonra isə postsovet Orta Asiya respublikalarından və Şimali Qafqazdan gələnlərdir.

Sentyabrın 18-də Sibirin Primorye regionunun başçısı əcnəbi işçilərin ictimai nəqliyyatda çalışmasını yasaqlayan fərman imzalayıb.

İlin əvvəlində Sibirin Yakutsk regionunda miqrantlara qarşı etirazlar keçirilmişdi, Orta Asiyadan gedən miqrantların bir yerli qadını zorladığı iddia olunurdu.

Levada sorğunu avqustun 22-29-da Rusiya boyunca yaşı 18-dən yuxarı 1608 nəfər arasında keçirib.

XS
SM
MD
LG