Birləşmiş Ştatların 2017-ci ildə Rusiyadan çıxardığı casus Kremldə ortasəviyyəli məmur kimi çalışıbsa, o, seçkiyə gizli müdaxilə haqda çox şey bilə bilməzdi. Bunu “The Moscow Times” qəzetində Leonid Bershidsky yazır.
Bu günlər ABŞ mediasında yayılmış məlumata görə, Mərkəzi Kəşfiyyat İdarəsi 2017-ci ildə “ən yüksək səviyyəli mənbələrindən birini” Rusiyadan çıxarıb, onun təhlükəsizliyini əsas gətirib. Həmin şəxsin Rusiyanın 2016-cı ildə ABŞ-da seçkiyə müdaxiləsinə dair ABŞ kəşfiyyat cameəsinin mövqeyinin formalaşmasında böyük rol oynadığı bildirilir.
Rusiya mediası isə bu şəxsin Kremldə çalışmış Oleg Smolenkov olduğunu yazıb.
Smolenkov Rusiyanın Vaşinqtondakı səfirliyində ikinci katib kimi çalışıb. 1998-2008-ci illərdə Vaşinqtondakı səfir Yury Ushakov idi. Hazırda o, Prezident Vladimir Putinin xarici siyasət üzrə müşaviridir. Moskvaya qayıdandan sonra Ushakov müxtəlif vəzifələrdə çalışıb.
“Smolenkov, ola bilsin, Ushakov-u Kremldə izləyib. 72 yaşlı Ushakov Putinə xarici siyasət məsələləri üzərində işləməkdə kömək edir, onu böyük sammitlərə, səfərlərə hazırlayır. Ancaq təcrübəli diplomat olmasına baxmayaraq, onun kəşfiyyata bağlılığı, bioqrafiyasında ipucu verəcək boşluqlar yoxdur. Əgər Putin 2016-cı ildə ABŞ-da seçkiyə böyük müdaxilə planlaşdırırdısa, bu planların heç biri Ushakov vasitəsilə gerçəkləşməyib”, – müəllif yazır.
2018-ci ildə Xüsusi prokuror Robert Mueller Rusiya hərbi kəşfiyyat zabitlərinə detallı ittihamnamə irəli sürdü. Müəllif yazır ki, həmin şəxslərin adları, vəzifələri, spesifik fəaliyyətləri Ushakov-un iş masasına yaxın düşə bilməzdi və Smolenkov kimi bir köməkçi də gündəlik işi zamanı onu əldə edə bilməzdi. “Birləşmiş Ştatların həmin informasiyanı necə əldə etdiyi aydın deyil... amma hər halda Ushakov kanalı ilə olmayıb”, – məqalədə vurğulanır.
“Putin-in xarici siyasət müşaviri üçün çalışan ortaçinli məmur Putinin prezidentliyə namizəd Donald Trump-a daha xoş yanaşdığını bilə bilərdi. Ancaq bunu elə Moskvanın təbliğat kanallarından da bilmək olardı. Smolenkov casus idisə, o, ABŞ kəşfiyyatına Rusiyanın xarici siyasəti və planlaması barədə vacib təhlillər çatdıra bilərdi. Amma Putinin gizli müdaxilə kampaniyasına şəxsən göstəriş verməsi qənaətinin arxasında onun durması fikri zəif səslənir. Belə məsələlər haqda informasiya verməkdən ötrü Smolenkov Kremldə yanlış bosun yanında çalışırdı”, – müəllif qeyd edir.