Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:41

'Büdcədə neftin qiyməti... 50, 60 dollar'-Mediada təkliflər


Məktəbli çantaları
Məktəbli çantaları

Ölkədə sosial siyasət, valideynlərin məktəbə hazırlıq xərcləri, gələn ilin dövlət büdcəsi layihəsinə dair təkliflər və başqa məsələlər medianın diqqət verdiyi mövzulardandır...

«Hər övladına görə 200 manat xərcləməli olub»

Yenisabah.az-da «Bu il məktəbə getmək neçəyə başa gələcək? -yarmarkadan reportaj» sərlövhəli yazı oxumaq olar.

Yazıda xatırladılıb ki, dərslərin başlamasına bir neçə gün qalıb. Müəllifin vurğulamasına görə, məktəbyaşlı uşaqları olan valideynlərin gündəmi sentyabrın 15-nə hazırlıqdır: «Hər il olduğu kimi, bu il də məktəb ləvazimatlarının satışı ilə əlaqədar müxtəlif yarmarkalar təşkil edilib. Yarmarkalardakı qiymətlərin mağazalardakı qiymətlərdən daha aşağı olduğu deyilir».

Yazıda qeyd edilir ki, valideynlərin bir uşağı məktəbə yollamaq üçün ən azı nə qədər xərc çəkməli olduğunu araşdırmaq məqsədilə belə yarmarkalardan birinə üz tutublar: «Ucuz olduğu deyilsə də, biz yarmarkada hər qiymətə məhsul olduğunu müşahidə etdik. Satıcılar bir-birindən elə də fərqlənməyən iki məhsul arasındakı qiymət fərqini ləvazimatın hansı ölkədə istehsal olunması ilə izah edirdilər. Məsələn, 15 manata da məktəbli çantası tapmaq olar, 100 manata da».

Sonra da müəllif bir sıra ləvazimatların qiymətlərini sadalayıb: «Qələm – 0.25 - 1 manat, dəftər – 0.30 – 0.70, plastilin - 1- 6 manat, qələm qabları - 1-8 manat, pozan – 0.30 - 2 manat...».

Yazıda bildirilir ki, bu il məktəbli formaları (Bakı Tikiş Evinin məhsulları) ölçüsündən asılı olaraq 40-56 manata satılır. Müəllifin qeyd etməsinə görə, valideynlər məktəbli geyimlərinin bahalılığından şikayət edirlər. «İki uşaq anası Samirə xanımın sözlərinə görə, o, hər övladına görə 200 manat pul xərcləməli olub», - yazıda oxuyuruq.

Büdcə
Büdcə

Büdcədə neftin qiyməti

«Yeni Müsavat» qəzetində «Gələn ilin büdcə layihəsi hökumətə göndərildi» sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, Azərbaycanın gələn il üzrə dövlət büdcəsinin layihəsi hazırdır: «Maliyyə Nazirliyinin yaydığı məlumata görə, layihə sentyabrın 9-da baxılması üçün Nazirlər Kabinetinə göndərilib».

Müəllif xatırladıb ki, bu il dövlət büdcəsində neftin bir bareli 60 dollar götürülüb. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun da qəzetə deməsinə görə, 2019-cu ilin arxada qalan dövrü göstərir ki, dünya neft bazarında volatillik kifayət qədər yüksəkdir: «Söhbət ondan getmir ki, büdcədəki qiymətlə bazar qiyməti eyni olsun. Söhbət ondan gedir ki, büdcədə aşağı qiymət olmalıdır ki, hökumətin yığım imkanları yüksək olsun. Bu, eyni zamanda, volatillik risklərini sığortalamaq imkanı yaradır».

Ekspert hesab edir ki, gələn il də neft qiymətlərində volatillik davam edəcək: «...Buna görə də büdcə layihəsinin neftin qiymətinin 50 dollar həddi ilə hesablanmasını doğru hesab edirik...».

«Neft» Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə qəzetə vurğulayıb ki, bu ilin yekunu üçün neftin orta qiymətinin 63-64 dollar civarında olması gözlənilir. Onun fikrincə isə, gələn ilin büdcəsi 60 dollardan hesablanmalıdır ki, hökumət real qiymətlə bu qiymət arasındakı fərqdən əldə olunacaq gəlirə arxayın olmasın: «Hökumət... qollarını çırmalayıb işləməli, qeyri-neft sektorundan büdcə daxilolmalarını artırmalıdır. Yəni, hökumətdəki neft pullarına olan arxayınlığa son qoyulmalıdır. Neçə illərdir neft gəlirləri su kimi axıdılır qeyri-neft sektoruna. Hanı bu sektordan daxilolmalar? Hökumət effektiv işləsə, bu sektordan daxilolmaları xeyli artırmaq mümkündür...».

Prezident İ.Əliyev Sumqayıtda
Prezident İ.Əliyev Sumqayıtda

İki sosial paket

«Azərbaycan» qəzetində «İki sosial paket - iki yeni rekord» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, dövlətlərin demokratiklik əmsalı təkcə sosial-iqtisadi inkişaf göstəriciləri ilə deyil, həm də hakimiyyətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə müəyyənləşir. Yazıda vurğulandığına görə, xalqın böyük etimad göstərərək mandat verdiyi hakimiyyət fəaliyyəti ilə daim ictimai milli maraqları doğrultmaqla, vətəndaşın mənafeyinə hesablanan sosial-iqtisadi islahatları həyata keçirməklə böyük rəğbət qazanır: «Azərbaycanda da sosial sahə üzrə görülən işlər bir tərəfdən dövlətin gücünü, digər tərəfdən həyata keçirilən siyasətin effektivliyini, reallaşdırılan islahatların yüksək praktiki nəticələr verdiyini göstərir».

Yazıda qeyd edilir ki, prezident İlham Əliyevin iki sosial paketinin maliyyə tutumu 5.3 (bu il üçün 2.3 milyard, gələn il üçün isə 3 milyard) manat təşkil edir: «...Bir ildə ölkədə maaşlar, pensiyalar, müavinət və təqaüdlər 2 dəfə artırılıb».

Müəllif xatırladıb ki, bu ilin əvvəlində minimum əməkhaqqı 130 manat idi. Birinci islahat paketi çərçivəsində həmin məbləğ 180 manata, sentyabrın 1-dən isə 250 manata çatdırılıb: «Bu, minimum əməkhaqqının orta yaşayış minimumunu 40 faiz üstələməsi deməkdir. Əgər birinci islahat paketi nəticəsində minimum əməkhaqqı təqribən 600 min nəfəri əhatə etmişdisə, ikinci paket nəticəsində bu, 950 min nəfərə çatdı».

Müəllif sonda da yazıb ki, minimum əməkhaqqının, pensiya və təqaüdlərin artırılması ölkədə həyata keçirilən sosialyönümlü islahatların mərkəzində insan amilinin dayandığını bir daha sübut edir: «Ölkədəki sabitliyin və iqtisadi inkişafın təzahürü olan sosial siyasətin xalqın daha uğurlu sabahına, daha yaxşı yaşamasına yönəldiyini təsdiqləyir».

XS
SM
MD
LG