Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:05

'Uşaqlar arasında ölüm dünyadakı orta göstəricilərdən artıqdır'-Media icmalı


Bakı Şəhər İcra Hakimiyyəti
Bakı Şəhər İcra Hakimiyyəti

Uşaq bağçalarında yoxlamalar

«Yeni Müsavat» qəzetində «Bakıdakı uşaq bağçalarında ciddi yoxlamalar - Abutalıbovun mirası» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, qışa hazırlıq tədbirləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qurumlarında mövcud sanitar-gigiyenik və epidemioloji vəziyyətin öyrənilməsi məqsədilə müvafiq komissiya yaradılıb. Müəllifin qeyd etməsinə görə, komissiya uşaq bağçaları və uşaq evlərində qışa hazırlığı öyrənəcək: «...Uşaq bağçalarına baxış keçiriləcək, bağçaların binaları, dam örtüyünün, istilik sistemlərinin vəziyyəti yoxlanılacaq. Ərzaq təchizatı, saxlanma şəraiti, qidalanma məsələləri, uşaqların sağlamlıq səviyyəsi, infeksion xəstəliklərdən qorunma, profilaktika tədbirləri və digər məsələlərə xüsusi fikir veriləcək».

Müəllif yazıb ki, paytaxt Bakıdakı uşaq bağçaları ilə bağlı problemlər zaman-zaman gündəmə gətirilir. Yazıda vurğulandığına görə, uşaq bağçalarında qida ilə bağlı olan problemlər isə xüsusilə aktualdır: «Bu problemlər bağçaların Təhsil Nazirliyinin tabeçiliyində olduğu vaxtda da vardı. Ölkə başçısı bu problemlərin qarşısını almaq üçün 2011-ci il dekabrın 27-də imzaladığı sərəncamla Təhsil Nazirliyinin tabeliyində olan körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evlərini yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verdi. Ancaq bu addım müsbət bir dəyişikliyə səbəb olmadı...».

Müəllif xatırladıb ki, bu müəssisələr icra hakimiyyətlərinin tabeliyinə veriləndə müsbət vədlər verilmişdi...

Qida
Qida

Azərbaycanda uşaq ölümü

Oxu.az-da «Azərbaycanda uşaq ölümü dünyadakı göstəricidən çoxdur – açıqlama» sərlövhəli yazı diqqət cəlb edir.

Müəllif qeyd edib ki, Milli Məclisin payız sessiyası dövründə «Qida təhlükəsizliyi haqqında» Qanun layihəsinin müzakirəyə çıxarılması gözlənilir. Yazıda bildirildiyinə görə, Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev onlara açıqlamasında qida təhlükəsizliyinin həyata keçirilməsi ilə bağlı təkliflər verib: «Müasir avadanlıqlarla məhsullar yoxlanılır. Ekoloji təmiz məhsullar olmalıdır. Yoxlamalar getsə də, tez-tez zəhərlənmə hallarına rast gəlinir», - E.Quliyev vurğulayıb.

Deputat qeyd edib ki, qida təhlükəsizliyi ilə bağlı nəzarət güclü olsa da, görülən tədbirlər buna adekvat deyil: «Bir də görürsən yazırlar ki, filan rayonda 10 nəfər zəhərləndi. Nədən zəhərləndi, buna görə kim məsuliyyət daşıyır? Bu məsələ qabardılmır. Bu da bizi narahat edir. Bəzən işbazlar mənşəyi bilinməyən məhsullardan qida istehsal edirlər».

E.Quliyev habelə deyib ki, məsələyə eyni yanaşma da olmalıdır. O, uşaqların qidalanmasına da diqqət çəkib: «Bizi ən çox maraqlandıran məsələ uşaqların qidalanmasıdır. Azərbaycanda 5 yaşına qədər uşaqlar arasında ölüm səviyyəsi hələ dünyadakı orta göstəricilərdən artıqdır. Bu da uşaqların düzgün qidalanmaması və mənşəyi bilinməyən məhsulların uşaqlara verilməsidir. Digər məsələ isə analarla bağlıdır. Ana uşağa minimum altı ay süd verməlidir».

Səngəçal qaz terminalı
Səngəçal qaz terminalı

«Azərbaycan zəngin neft-qaz infrastrukturuna malik ölkələrdəndir»

«Azərbaycan» qəzetində «Azərbaycan dünyada ən zəngin neft-qaz infrastrukturuna malik ölkələrdəndir» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, indi Azərbaycanın həm dənizdə, həm də quruda geniş və dünya səviyyəli neft-qaz infrastrukturuna malik olması məhz 25 il əvvəl başlanan nəhəng işlərin uğurlu nəticələrindən biridir: ««Əsrin müqaviləsi» çərçivəsində qazanılan nailiyyətlərdən bəhs edərkən ilk növbədə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) yaradılan yenilikləri xatırlatmaq vacibdir. Bu zavodun keçən əsrin 70-80-ci illərində məhz Azərbaycanda tikilməsi Ulu Öndərin uzaqgörən siyasəti və gərgin səyi nəticəsində mümkün olub. Mütəxəssislərin fikrincə, əgər bu zavod olmasaydı, «Əsrin müqaviləsi» çərçivəsində görülən işlər illərlə gecikə bilərdi».

Yazıda bildirilir ki, «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlarında quraşdırılmış 8 platformanın bir çox əsas hissələri BDÖZ-də inşa edilib. Müəllifin vurğulamasına görə, bundan ötrü isə son 25 ildə zavodda genişmiqyaslı yenidənqurma və modernləşdirmə işləri aparılıb.

Yazıda habelə qeyd edilib ki, indi dünyanın ən böyük neft-qaz terminallarından biri də məhz Azərbaycanda, Bakıdan 55 kilometr cənubda yerləşən Səngəçal qəsəbəsindədir: «Səngəçal terminalı sözün əsl mənasında regionun neft-qaz ixracı mərkəzinə çevrilib. İndi terminalın qurğuları təkcə AÇG-dən deyil, «Şahdəniz»dən gələn karbohidrogenləri də qəbul edir və ilkin emaldan keçirir. Təkcə onu qeyd etmək kifayətdir ki, üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropa bazarlarına çatdıracaq «Cənub qaz dəhlizi» öz başlanğıcını buradan götürür».

Müəllif daha sonra da yazıb ki, Azərbaycan zəngin neft-qaz infrastrukturu potensialına görə Xəzər regionu ölkələri arasında xüsusi mövqeyə malikdir.

XS
SM
MD
LG