Ukrayna və Rusiya rəsmiləri Rusiyada saxlanmış 113 ukraynalının mümkün “azadlığa buraxılması”nı müzakirə edirlər. Bunu Ukraynanın ombudsmanı Lyudmyla Denisova deyib.
Sentyabrın 10-da televiziyayla yayımlanmış müsahibədə Denisova deyib ki, 89 Krım tatarının da olduğu 113 ukraynalının nə zaman buraxılacağından əmin deyil. O, bunun ilin sonunadək baş verəcəyinə ümidvar olduğunu deyib.
Sentyabrın 7-də Rusiyayla Ukrayna 70 məhbusu mübadilə edib. Qərb bunu Moskva ilə Kiyevin gərgin münasibətlərini yaxşılaşdırmaq imkanı kimi alqışlayıb.
Ukraynaya qaytarılmış 35 ukraynalı arasında yalnız bir Krım tatarı – Edem Bekirov vardı. Vəkili Nikolai Polozov AzadlıqRadiosu-na (RFE/RL) demişdi ki, o, səhhətinin ağırlığına görə azadlığa buraxılıb.
“Bir, iki, yaxud üç ildən danışmırıq”
Ukrayna Prezidenti Volodymyr Zelenskiy sentyabrın 7-də AzadlıqRadiosu-nun müxbirinə deyib ki, Rusiyada həbsdə olan digər ukraynalılar “məhbus mübadiləsinin ikinci mərhələsi”ndə azadlığa buraxılacaq.
“Biz bir, iki, yaxud üç ildən danışmırıq. Bunu mümkün qədər tez etmək istəyirik”, – Zelenskiy vurğulayıb.
Krım tatarlarının özünüidarəetmə orqanı olan Məclisin sədri Refat Chubarov iddia edib ki, Rusiya Krım tatarlarının istənilən məhbus mübadiləsindən ona görə uzaq tutur ki, “Krımın anneksiyasına bağlı hər şeyi kənarlaşdırmaq istəyir”.
Rusiya Krımı Ukraynadan 2014-cü ilin martında ilhaq edib, oraya əsgərlərini göndərib, azı 100 ölkənin qanunsuz hesab etdiyi referendum keçirib.
O vaxtdan Rusiyanın bu yarımadada qurduğu hakimiyyət onlarla Krım tatarına müxtəlif ittihamlar irəli sürüb.
İnsan haqları qrupları və Qərb hökumətləri baş verənləri Krımın tatar icmasına və Moskvanın ilhaqına etiraz edən hər kəsə qarşı repressiya kampaniyası adlandırıblar.
Moskva Ukraynanın şərqində hökumətə qarşı vuruşan separatçıları dəstəkləyir. 2014-cü ilin aprelindən bu münaqişədə 13 mindən çox adam ölüb.